Mobil versiya
Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında
Tarix: 15-08-2026 | Saat: 13:50
Bölmə:Ölkə | çapa göndər

Qarabağda ordumuza qarşı gizli əməliyyatlar, Ağdərədə qətllər – erməni “Kandaz” yenidən hakim qarşısında


Erməni kəşfiyyatçı Artur Avanesyanın (“Kandaz”) işi üzrə növbəti məhkəmə iclası başa çatıb. Məhkəmə prosesi gələn həftə – avqustun 19-da davam etdiriləcək.

aia.az xəbər verir ki, məhkəmə iclasında Avanesyanın işi üzrə şahidlərdən biri dindirilib. Cinayət işi iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində seçiciləri ələ almağa cəhd ittihamı ilə bağlıdır.

Xatırladaq ki, Artur Avanesyan aprelin sonunda saxlanılmış və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmişdi. İyunun 25-də Ermənistanın Antikorrupsiya Məhkəməsi onun həbsini ev dustaqlığı ilə əvəz edib. Samvel Karapetyanın tərəfdarı olan Avanesyan barəsində ölkədən çıxmamaq haqqında iltizam da seçilib. Prokuror onun həbs müddətinin uzadılmasını tələb etsə də, məhkəmə bu vəsatəti təmin etməyib.

Artur Avanesyan Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnikidir. Erməni mənbələrində o, “Kandaz” ləqəbli “əfsanəvi kəşfiyyatçı” kimi təqdim olunur. Uzun illər Qarabağdakı erməni silahlı birləşmələrinin xüsusi təyinatlı və kəşfiyyat bölmələrində xidmət edib, II dərəcəli “Döyüş Xaçı” ordeni ilə təltif olunub. Son parlament seçkilərində Samvel Karapetyanın “Güclü Ermənistan” siyasi qüvvəsində təhlükəsizlik məsələlərini koordinasiya edib.

Erməni mənbələrinin yaydığı məlumatlara görə, Avanesyan 1991-ci ildən Qarabağda Azərbaycan qüvvələrinə qarşı döyüşlərə qoşulub. O, əvvəlcə snayper, daha sonra isə kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Avanesyan öz müsahibələrindən birində Qarabağ müharibəsinin ilk dövründə Ağdərə istiqamətində iki azərbaycanlını öldürdüyünü bildirib. O, həmçinin Azərbaycan Ordusunun arxa cəbhəsinə keçdiyini, kəşfiyyat və diversiya əməliyyatlarında iştirak etdiyini, Azərbaycan mövqelərinin minalanması üzrə tapşırıqlar yerinə yetirdiyini açıqlayıb.

Onun sözlərinə görə, 1997-ci ildə Azərbaycan mövqelərinə qarşı mina-diversiya əməliyyatı həyata keçirib. Avanesyan uzun illər ərzində Azərbaycan tərəfi barədə hərbi-kəşfiyyat məlumatları topladığını da bildirib.

“Kandaz” 2020-ci ilin 44 günlük Vətən müharibəsində də döyüşlərə qatıldığını deyib. O, Levonarx istiqamətində erməni qüvvələrinin müdafiəsində iştirak etdiyini və illər ərzində topladığı kəşfiyyat məlumatlarını erməni hərbi komandanlığına ötürdüyünü bildirib.

Avanesyan 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirləri zamanı da bölgədə olduğunu açıqlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2026