Mobil versiya
Lukaşenko hakimiyyəti niyə oğluna verməyəcəyini açıqladı
Tarix: 15-08-2026 | Saat: 12:33
Bölmə:Dünya | çapa göndər

Lukaşenko hakimiyyəti niyə oğluna verməyəcəyini açıqladı


Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyəti oğullarından heç birinə ötürmək niyyətində olmadığını bir daha açıqlayıb. Musavat.com xəbər verir ki, "Vzqlyad" nəşrinə istinadən xəbər verir ki, o, Belarusda hakimiyyətin varislik yolu ilə oğlu Nikolaya və ya digər övladlarına verilməsi barədə danışanları sərt ifadələrlə tənqid edib.

Lukaşenko bu fikirləri kənd təsərrüfatı müəssisəsinə səfəri zamanı səsləndirib. O, ölkənin gələcək rəhbərləri üçün bu gündən müəyyən “zəmin” hazırlanmasının vacibliyindən danışarkən hakimiyyətin uşaqlara ötürüləcəyi barədə iddialara münasibət bildirib.

“Deyirlər ki, burada əvəzləyici var, hakimiyyət uşaqlara veriləcək. Tamamilə axmaqlardır. Onlar bunun necə bir iş olduğunu bilmirlər”, – deyə Belarus lideri bildirib. Lukaşenkonun sözlərinə görə, hakimiyyətin ötürülməsi sadəcə prezident postunun başqa bir şəxsə verilməsi demək deyil. Onun fikrincə, ölkənin əvvəlki rəhbərinin gördüyü işlər sistemləşdirilməli və gələcək rəhbərə elə bir vəziyyətdə təqdim edilməlidir ki, həmin şəxs ölkənin inkişafını davam etdirə bilsin.

Belarus lideri bildirib ki, əsas məsələ dövlətin gələcək rəhbərliyinə hazır siyasi və iqtisadi “miras” qoymaqdır. O, yeni rəhbərin əvvəlki siyasəti davam etdirərək ölkəni inkişaf etdirməsinin, əvvəlki nailiyyətləri dağıtmamasının vacibliyini vurğulayıb.

Lukaşenkonun oğulları arasında xüsusilə 2004-cü il təvəllüdlü Nikolayın adı uzun illərdir mümkün varis kimi hallanır. Bunun əsas səbəblərindən biri onun uşaqlıq yaşlarından atasının yanında görünməsi və dövlət səviyyəli tədbirlərdə iştirak etməsidir. Nikolay hələ üç yaşından atasını rəsmi tədbirlərdə və xarici səfərlərdə müşayiət edib, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə onun yanında olub. 11 yaşında BMT Baş Assambleyasının iclasında iştirak edib, 2020-ci ildə Belarusda etirazların ən qızğın dövründə isə 16 yaşında atasının yanında görüntülənib. Sonrakı illərdə də onun Lukaşenko ilə birgə beynəlxalq tədbirlərdə görünməsi Nikolayın gələcək siyasi karyerası barədə ehtimalları gücləndirib. O, 2025-ci ilin sentyabrında atasını Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də müşayiət edib.

Nikolayın təhsil istiqaməti də diqqət çəkib. O, Belarus Dövlət Texnologiya Universitetində üzvi maddələr texnologiyası üzrə təhsil almağa başlayıb, daha sonra mübadilə proqramı çərçivəsində Pekin Universitetində təhsilini davam etdirib. 2026-cı ilin iyununda isə Belarus Dövlət Universiteti ilə Pekin Universitetinin birgə proqramı üzrə biotexnologiya ixtisasını bitirərək diplom alıb. Beləliklə, Nikolayın həm atasının yanında dövlət tədbirlərində görünməsi, həm də Belarus və Çin arasında xüsusi münasibətlər fonunda Pekində təhsil alması onun gələcəyi ilə bağlı sualları daha da artırıb.

Bununla belə, Lukaşenko dəfələrlə məhz Nikolayın onun siyasi varisi olmadığını bildirib. 2025-ci ilin avqustunda “Time” jurnalına müsahibəsində ona oğlunun gələcək siyasi perspektivi barədə birbaşa sual veriləndə Belarus lideri “Xeyr, o, varis deyil” cavabını verib və Nikolayın belə təqdim olunmasının onu incidə biləcəyini deyib. Eyni zamanda Lukaşenko 2025-ci ildə gələcək prezident üçün “möhkəm kişi” və siyasi baxımdan ağır şəraitdən keçmiş lider obrazını önə çəkmişdi. Lukaşenko daha əvvəl də hakimiyyətin övladlarına ötürülməyəcəyini bəyan edib. 2021-ci ildə isə açıq şəkildə bildirib ki, onun uşaqlarından heç biri ondan sonra Belarus prezidenti olmayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2026