Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Ermənistan tərəfindən səsləndirilən qəbuledilməz fikirlər rəsmi İrəvanın mövcud proseslərə yanaşmasının neqativ mahiyyətini açıq şəkildə nümayiş etdirir”
Tarix: 15-09-2026 | Saat: 15:00
Bölmə:Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Ermənistan tərəfindən səsləndirilən qəbuledilməz fikirlər rəsmi İrəvanın mövcud proseslərə yanaşmasının neqativ mahiyyətini açıq şəkildə nümayiş etdirir”

“Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına növbəti səfəri ölkəmizin ərazi bütövlüyü və suverenliyinin beynəlxalq birlik tərəfindən tam qəbul edilməsinin növbəti göstəricisi oldu. Xarici diplomatların Azərbaycanın bu tarixi bölgələrinə səfər etməsi, burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesini, eləcə də zəngin tarixi və mədəni irsi yerində görməsi beynəlxalq hüququn prinsiplərinə əsaslanan yeni reallığın əyani ifadəsidir. Bununla belə, diplomatların səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində göstərilən münasibət bir daha qıcıq, dözümsüzlük və revanşist düşüncələrin hələ də güclü olduğunu ortaya qoydu. Ermənistan tərəfindən səsləndirilən qəbuledilməz fikirlər regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasına mənfi təsir göstərməklə yanaşı, rəsmi İrəvanın mövcud proseslərə yanaşmasının mahiyyətini də açıq şəkildə nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir. Hər hansı xarici ölkənin diplomatik nümayəndəsinin Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizin istənilən bölgəsinə səfər etməsi yalnız Azərbaycanın suveren hüquqları çərçivəsində olan məsələdir. Buna görə də Ermənistan cəmiyyətində və ayrı-ayrı siyasi çevrələrdə xarici diplomatların Azərbaycanın ərazisinə səfər etdiklərinə görə hədəfə alınması, onların sosial və informasiya platformalarında təzyiqə məruz qoyulmasına çalışılması beynəlxalq hüquq baxımından qəbuledilməz yanaşmadır. Belə münasibət Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil edir. Beynəlxalq hüququn fundamental norma və prinsiplərinə uyğun olmayan bu davranış Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Diplomatik korpus nümayəndələrinin həmin ərazilərə səfəri bir daha göstərdi ki, onları təmsil edən dövlətlər Azərbaycanın suverenliyinə hörmət edir və Ermənistanın əsassız iddialarını qəbul etmirlər.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki, Ermənistan cəmiyyətində və həmin ölkənin təbliğat resurslarında uzun müddətdir regionun tarixi və mədəni irsi ilə bağlı həqiqətləri təhrif etmək cəhdləri müşahidə olunur: “Gəncəsər və Xudavəng kimi qədim alban dini-memarlıq nümunələrinin əsassız şəkildə "erməni irsi" kimi təqdim olunması bunun bariz nümunəsidir. Digər tərəfdən, indiki Ermənistan ərazisində, tarixi Azərbaycan torpaqlarında xalqımıza məxsus olmuş zəngin mədəni irsin mövcudluğu müxtəlif vasitələrlə inkar edilir. Ermənistan təbliğatının formalaşdırdığı saxta təsəvvürə əsasən, guya Azərbaycan ərazisində ermənilər tarixən yaşayıb, lakin Ermənistanın indiki ərazisində azərbaycanlıların heç bir tarixi izi olmayıb. Bu yanaşma tarixi faktların qərəzli şəkildə təhrif edilməsindən başqa bir şey deyil və açıq şovinist mahiyyət daşıyır. Qafqaz Albaniyasının irsinə qarşı nümayiş etdirilən münasibət də eyni dözümsüz yanaşmanın göstəricisidir. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğu və onun zəngin mədəni irsi tarix elminin çoxsaylı mənbələri ilə təsdiq edilmiş faktdır. Bu həqiqətləri qəbul etməkdən imtina Ermənistanın tarixi obyektivliyə münasibətindəki problemləri göstərir. Azərbaycan ərazisində yerləşən bütün tarixi, dini və mədəni abidələrin qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin prioritetlərindəndir və bu istiqamətdə mühüm bərpa və mühafizə işləri həyata keçirilir. Ermənistanda müşahidə olunan revanşist yanaşmanın yalnız radikal müxalifət qüvvələri ilə bağlı olduğunu düşünmək düzgün olmaz. Mövcud faktlar göstərir ki, diplomatik nümayəndələrin səfərinə qarşı aparılan informasiya kampaniyalarının arxasında Ermənistanın hakim siyasi dairələrinin də müəyyən təsiri vardır. Sosial şəbəkələrdə və media resurslarında yayılan aqressiv məzmunlu materialların hakimiyyətə yaxın informasiya platformalarında geniş şəkildə tirajlanması bunu açıq şəkildə göstərir. Ermənistan rəhbərliyinin ayrı-ayrı nümayəndələrinin, o cümlədən parlament səviyyəsində səsləndirdikləri fikirlər də bu yanaşmanın tərkib hissəsi təsiri bağışlayır. Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamaları Azərbaycanın suveren hüquqlarına hörmətsiz münasibətin nümunəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci il sentyabrın 12-13-də sərhəddə baş vermiş döyüşlər zamanı həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin gündəmə gətirilməsi də diqqətdən kənarda qalmamalıdır. Həmin hadisələr zamanı Ermənistan tərəfindən törədilən hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu öz ərazisinin müdafiəsini və təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirmişdi. Bu kimi təşəbbüslər isə cəmiyyətdə qarşıdurma və qisasçılıq ovqatının yenidən gücləndirilməsinə xidmət edə bilər. Baş verən proseslər rəsmi İrəvanın sülh gündəliyinə münasibətinin səmimiliyi ilə bağlı ciddi suallar doğurur. Ermənistan 44 günlük Vətən müharibəsində üzləşdiyi məğlubiyyətdən sonra yeni reallıqları qəbul etməyə və sülh danışıqlarına yönəlməyə məcbur olmuşdu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə Paşinyan hakimiyyəti qarşısında sülh gündəliyini qəbul etməkdən başqa real alternativ qalmamışdı. Lakin son dövrdə Ermənistan hakimiyyətinin təsiri altında yayılan bəyanatlar, sosial şəbəkələrdə aparılan kampaniyalar və diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı göstərilən münasibət müəyyən məqsədyönlü siyasətin mövcudluğunu göstərir. Belə destruktiv fəaliyyət Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmaq və regionda formalaşan sülh imkanlarını zəiflətmək niyyətindən xəbər verir.”

Sonda müsahibimiz Ermənistanın aqressiv və tarixi həqiqətləri qəbul etməyən mövqeyinin əsas səbəblərindən birinin Azərbaycan xalqının əsrlər boyu öz tarixi torpaqlarında yaratdığı zəngin maddi və mənəvi irsin mövcudluğunu qəbul etmək istəməməsi olduğunu bildirib: “Tarixi faktlar göstərir ki, Qərbi Azərbaycanda, yəni müasir Ermənistanın yerləşdiyi ərazilərdə azərbaycanlılara məxsus yaşayış məskənləri, dini ibadət yerləri, qəbiristanlıqlar və müxtəlif memarlıq nümunələri mövcud olub. Bu irsin əhəmiyyətli hissəsi illər ərzində məqsədyönlü şəkildə dağıdılıb və Azərbaycan xalqının həmin torpaqlardakı tarixi izlərini silməyə yönəlmiş siyasət həyata keçirilib. Yaşayış məskənlərinin və mədəni abidələrin məhv edilməsi, tarixi toponimlərin dəyişdirilməsi və mədəni izlərin aradan qaldırılması regionun keçmişinin saxtalaşdırılması məqsədinə xidmət edib. Belə yanaşma mədəni irsə qarşı dözümsüzlüyün ciddi nümunəsidir. Bu əməllər eyni zamanda mədəni sərvətlərin qorunması ilə bağlı beynəlxalq hüquq normalarının, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO çərçivəsində qəbul olunmuş müvafiq prinsiplərin mahiyyətinə ziddir. Beləliklə, diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan daxilində verilən sərt və aqressiv reaksiya bu ölkədə revanşist düşüncələrin hələ də tam aradan qalxmadığını göstərir. Azərbaycan dövləti öz suveren ərazilərində genişmiqyaslı quruculuq və bərpa prosesini ardıcıl şəkildə davam etdirir, işğaldan azad edilmiş ərazilərin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edir. Regionda beynəlxalq hüququn tələblərinə əsaslanan yeni reallıq artıq formalaşıb. Ermənistan isə keçmişin yanlış təsəvvürlərinə, tarixi təhriflərə və revanşist çağırışlara söykənən yanaşmadan imtina etməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövcud reallıqları qəbul etməli və davamlı sülhün yaradılmasına konstruktiv töhfə verməlidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026