Mobil versiya
Azərbaycan özünü ərzaqla necə təmin edə bilər? – AÇIQLAMA
Tarix: 26-09-2026 | Saat: 20:06
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan özünü ərzaqla necə təmin edə bilər? – AÇIQLAMA


Azərbaycanın daxili siyasətində ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olaraq müəyyənləşdirilir. Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışında bildirib ki, “yerli ehtiyacların ödənilməsi çərçivəsində daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir”.Dövlət başçısı qlobal iqlim dəyişikliyinin fəsadları və su ehtiyatlarının azalmasının kənd təsərrüfatı sektorunda yeni yanaşmaların tətbiqini zəruri etdiyini vurğulayıb. Prezidentin sözlərinə görə, ölkədə Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramının qəbul edilməsi də mövcud çağırışlara cavab olaraq həyata keçirilən tədbirlər sırasındadır.

Bəs Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mövcud potensialı nə qədərdir? İqlim dəyişiklikləri və su qıtlığı fonunda yerli istehsalın artırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı bildirib ki, Azərbaycanın kifayət qədər böyük ərzaq potensialı mövcuddur və əsas strateji məhsullar üzrə özünütəminetmə səviyyəsi kifayət qədər yüksəkdir: "Birinci növbədə onu qeyd edim ki, Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində hər hansı ciddi problem yoxdur. Ölkənin kifayət qədər böyük ərzaq potensialı var. Digər tərəfdən, vacib məqamlardan biri də budur ki, əsas strateji məhsullar arasında buğda istisna olmaqla, özünütəminetmə səviyyəsi kifayət qədər yüksəkdir. Məsələn, tərəvəzdə bu göstərici 106 faiz, meyvə və giləmeyvədə 130 faiz, kartofda isə 89 faizdir. Yalnız buğdada özünütəminetmə səviyyəsi 56-57 faiz təşkil edir.
Buğda ilə bağlı da idxal istiqamətlərinin diversifikasiya olunması və bunun uğurla həyata keçirilməsi bizə birmənalı şəkildə deməyə əsas verir ki, son dövrlərdə qlobal iqtisadiyyatda baş verən proseslərə, ərzaq təhlükəsizliyi ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), eləcə də müxtəlif beynəlxalq qurumların verdiyi siqnallara rəğmən, ölkəmizdə ərzaq təchizatı ilə bağlı hər hansı ciddi problem yaşanmayıb".

Eldəniz Əmirov qeyd edib ki, Azərbaycan bəzi məhsullar üzrə nəinki daxili tələbatını tam ödəyir, hətta ixrac imkanlarına da malikdir:"Azərbaycan bəzi məhsullarda nəinki öz tələbatını tam ödəyir, hətta birbaşa ixrac da həyata keçirir. Strateji məhsullar üzrə isə vəziyyət qeyd etdiyim kimidir.
Problemlərə gəldikdə isə düşünürəm ki, həm torpaq, həm su, həm də məhsuldarlıq məsələlərində müəyyən çətinliklər var. Yəni ölkəmizdə torpaqla bağlı hər şeyin, su təminatının və məhsuldarlığın ideal vəziyyətdə olduğunu demək mümkün deyil. Azərbaycanda məhsuldarlığın artırılmasına ciddi ehtiyac var. Məhsuldarlıq artırılarsa, həm ixracımız artar, həm də özünütəminetmə səviyyəsi yüksələr.
Amma bunun üçün sudan səmərəli istifadə, resursların düzgün bölüşdürülməsi və digər məsələlər mütləq öz həllini tapmalıdır. Burada hər hektardan əldə olunan məhsulun artırılması, eləcə də sudan daha səmərəli istifadə imkanları mühüm əhəmiyyət daşıyır. Bu məsələlərin hər biri üzrə mütəxəssislərin müxtəlif yanaşmaları var. Dünyada qəbul edilmiş və səmərəliliyi təsdiqlənmiş innovativ texnoloji vasitələr mövcuddur.
Hazırda dövlətin müxtəlif vergi və gömrük güzəştləri, subsidiya mexanizmləri məhz məhsuldarlığın artırılması istiqamətində bu tip texnologiyalardan istifadənin dəstəklənməsinə yönəlib. Təşviq məqsədilə subsidiya mexanizmlərində də müxtəlif dəyişikliklər müşahidə olunur."

Müsahibimiz onu da deyib ki, ərzaq təhlükəsizliyinin təmin olunması yalnız məhsuldarlıq, torpaq və su məsələlərinin həlli ilə məhdudlaşmır: "Burada saxlama anbarlarının, logistik imkanların, emal müəssisələrinin və soyuducu anbarların yaradılması da mühüm amillərdir. Yəni məsələyə kompleks yanaşılması çox önəmlidir.
Bir sözlə, ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün əsas yol daha çox torpağın əkin dövriyyəsinə cəlb edilməsi deyil, məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə olunması, eləcə də məhsulun düzgün idarə edilməsi, saxlanılması, daşınması və digər məsələlərə kompleks yanaşmanın təmin edilməsidir.Ölkəmizlə bağlı onu da qeyd edim ki, dövlətin ərzaq təhlükəsizliyi məsələsinə sözün həqiqi mənasında milli təhlükəsizlik məsələsi kimi yanaşdığını uzun zamandır görürük. Məhz bu yanaşmanın məntiqi nəticəsidir ki, nə müharibə dövründə, nə pandemiya zamanı, nə də sonrakı dövrlərdə ölkə olaraq ərzaq təhlükəsizliyi sahəsində ciddi problem yaşamamışıq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2026