Mobil versiya
YAP müasir Azərbaycanın dövlətçilik kursunun partiyasıdır
Tarix: 03-10-2026 | Saat: 10:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP müasir Azərbaycanın dövlətçilik kursunun partiyasıdır

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi vəziyyət kəskinləşdiyi ərəfədə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda yarandı. Heydər Əliyev partiyanın sədri seçildi. Bu partiya Azərbaycanın siyasi ideologiyası oldu, öz tarixi missiyasını indi də dövlət, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir.
Bu və ya digər partiyanın qurultayı strateji tədbirdir: görülmüş işlər ümumiləşdirilir, müzakirələrlə dəyərləndirilir, gələcək fəaliyyətin konturları müəyyənləşdirilir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu tezislər əsasında keçirildi.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış etdi. Çıxışında qələbələrimizin başlanğıc tarixinin Yeni Azərbaycan Partiyasının təsis qurultayı olduğunu xatırladan, partiyanın bu qurultayının ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olacağını, bu qurultayın ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanımızda ilk qurultay kimi tarixləşəcəyini, həm Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi qüvvə olduğunu xatırladaraq dedi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi”.
Azərbaycan dövlətçiliyi böyük təhlükə ilə üzləşmişdi. Azərbaycan vətəndaş müharibəsi ərəfəsindəydi. Belə bir vaxtda dahi tarixi şəxsiyyət xalqı gerçək ideoloji mübarizə sistemi ilə silahlandırmaq üçün xalqın öz partiyasını yaratmışdı. Yeni Azərbaycan Partiyası dövrün partiyası idi. Respublikada siyasi vəziyyət son dərəcədə kəskinləşəndə xalq yeganə çıxış yolu kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Bu, seçim deyildi, dövlətçiliyin süqutunun qarşısını ala biləcək yeganə və alternativsiz təşəbbüs idi. Dahi tarixi şəxsiyyət xalqın çağırışına cavab olaraq Bakıya qayıtdı. Qısa müddətdə separatçılıq da, vətəndaş müharibəsinə aparan təxribatlar da aradan qaldırıldı, ordu quruculuğunda əsaslı islahatlar aparıldı, vahid komandanlıq yaradıldı, uğurlu Horadiz əməliyyatı keçirildi, …Bunlar ən böyük azərbaycanlı olan dahi Heydər Əliyevin dövlətçilik dühası ilə əldə olundu. Dövlət başçımız çıxışında dedi ki, “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Ona görə Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu ancaq Heydər Əliyevlə bağlayırdı və həmişə olduğu kimi müdriklik göstərmişdir, 1993-cü ilin oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ancaq o vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik - torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür. Neftlə, qazla zəngin olan ölkədə qaz qıtlığı, elektrik enerjisi qıtlığı yaranmışdır. İnflyasiya 1000 faizdən çox idi, xəzinə boş idi. AXC–Müsavat cütlüyü Ermənistan torpaqlarımızı işğal edən zaman vətəndaş müharibəsini də başlamışdır, qardaş qanı tökmüşdür. Sonra da qorxaqcasına hərəsi bir yerə qaçaraq fərarilik etmişdilər. Bax, belə bir şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi…”.
Dövlət başçımız Ermənistanın elan etmədən başladığı, Azərbaycanın ərazisinin 20 faizinin işğalı ilə nəticələnən I Qarabağ müharibəsindən, müharibənin uzanması səbəblərindən, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan II Qarabağ müharibəsindən, Ordumuzun 2020-ci il noyabrın 10-da qazandığı tarixi Zəfərdən, 2023-cü ilin 20 sentyabr qələbəsindən, Azərbaycanın ərazisinin tam bərpa olunmasından, … söz açaraq dedi ki, “Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri - onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.
Azərbaycanın xarici siyasətlə bağlı fəaliyyətinin dünyada böyük təqdirlə qarşılandığını, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayacağını, respublikamızın bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini, bundan sonrakı illərdə “Böyük Qayıdış”ın daha sürətlə gedəcəyini diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycanın 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdığını, bu gün Azərbaycanla Ermənistan arasında münaqişə, müharibə olmadığını, sərhədlərdə sakitçilik olduğunu bildirərək dedi: “Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”…
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ərazi bütövlüyü tam bərpa olumuş Azərbaycanımızın siyasi kursunun dünənlərini, bu gününü, sabahlarını ümumiləşdirdiyindən dövlət başçımızın çıxışı partiyanın fəaliyyətinə siyasi və sosial baxışın məruzəsi kimi dinlənildi. Tarixi faktların mahiyyəti dərin məntiqlə təqdim edildiyi üçün qurultay nümayəndələri çıxışı partiyanın missiyasının siyasi arayışı bildilər…
YAP müasir Azərbaycanın dövlətçilik kursunun partiyasıdır…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2026