Mobil versiya
PKK silahları Türkiyə təhvil verir: Öcalan həbsdən çıxacaq?
Tarix: 12-05-2025 | Saat: 11:48
Bölmə:Karusel / Dünya | çapa göndər

PKK silahları Türkiyə təhvil verir:

1984-cü ildə yaradılan PKK terror təşkilatı özünün ləğv edildiyini elan edib. Terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib və qurultayda təşkilatın ləğvinə qərar verilib.

Terror təşkilatının ləğvi Türkiyə üçün önəmli mərhələ hesab edilir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik də qərarı “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb. "Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.

Qərarın açıqlanmasından sonra növbəti hansı addımların atılacağı maraq doğurur.

aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Türkiyə parlamentinin hakim partiyadan olan tanınmış deputatı Şamil Tayyar PKK-nın silah buraxması və təşkilat kimi fəaliyyətini dayandırması ilə bağlı mühüm açıqlama verib.

O, bu məlumatları prosesdə iştirak edən bir bürokratdan aldığını qeyd edib. Tayyarın sözlərinə görə, yaxın günlərdə əhəmiyyətli hadisələrin baş verəcəyi gözlənilir.

PKK-nın ləğvi prosesinin ən mühüm məqamlarından biri təşkilat daxilində uzun müddət davam edən fikir ayrılıqlarının Abdullah Öcalanın birbaşa müdaxiləsi ilə həll olunmasıdır. İddialara görə, Öcalan təşkilatın rəhbərliyindəki parçalanmanı aradan qaldıraraq yekdil qərarın verilməsinə nail olub.

Silahlar Türkiyəyə qaytarılır

Silahların təhvil verilməsi prosesi Türkiyənin nəzarətində həyata keçiriləcək. Belə ki, PKK üzvləri silahlarını İraqın Süleymaniyə və Ərbil şəhərlərində Türkiyə dövlət qurumlarının müşahidəsi altında təhvil verəcəklər. Bu mərhələ həm də təşkilatın silahlı qanadının aktiv fəaliyyətini dayandırması baxımından mühüm hesab olunur.

Təşkilatın rəhbər heyətinə daxil olan təxminən 300 nəfər üçüncü ölkələrə göndəriləcək. Onların əsasən Cənubi Afrika və Norveç kimi Avropa və Afrika ölkələrinə yerləşdirilməsi nəzərdə tutulur. Bu şəxslərin İran, İraq və Suriya kimi qonşu ölkələrə göndərilməsi isə planlaşdırılmır.

Cinayət törətməyən, yalnız təşkilatla əlaqəsi olan digər üzvlər isə yaşadıqları ölkələrə geri dönə biləcəklər. Türkiyə vətəndaşı olan təxminən 4 min nəfər təşkilat üzvü mərhələli şəkildə Türkiyə sərhədində təslim alınacaq. Bu mərhələdə ilk olaraq “Diyarbəkir anaları” kimi tanınan ailələrin övladlarının geri qaytarılması təmin ediləcək.

Öcalan həbsdə qalacaq

Tayyarın paylaşdığı yol xəritəsinə görə, Abdullah Öcalan prosesi İmralı adasındakı həbsxanada qalmaqla izləməyə davam edəcək. Maraqlı məqamlardan biri də odur ki, bu prosesdə beynəlxalq aktorlar – xüsusilə ABŞ və Fransa – zamin dövlət kimi iştirak etməyəcək. Proses tamamilə Türkiyə daxilində aparılacaq.

Yol xəritəsində hüquqi və siyasi sahədə nəzərdə tutulan islahatlar da yer alıb. Yeni hazırlanacaq İnfaz Qanunu çərçivəsində PKK üzvləri də bəzi hüquqlardan yararlana biləcəklər. Xüsusilə yaşı çox olan və səhhətində ciddi problemlər olan şəxslərin azadlığa çıxmasını təmin edəcək dəyişikliklərin aparılması planlaşdırılır. Bununla yanaşı, prosesin uğurla davam etməsi halında yeni konstitusiya üçün parlamentdə əməkdaşlıq imkanları araşdırılacaq. Cinayət qanunvericiliyinin yenidən tənzimlənməsi və cəmiyyətdə geniş konsensus əldə olunacağı təqdirdə qismən amnistiya məsələsi də gündəmə gələ bilər.

Yol xəritəsində siyasi strukturlarla bağlı dəyişikliklər də yer alır. DEM Partiyasının yenidən təşkilatlanması qaçılmaz hesab edilir, lakin bu prosesdə PKK adı istənilən halda istifadə olunmayacaq.

Təhlükəsizlik aspektləri baxımından isə Türkiyənin bölgədən birdən-birə çəkilməyəcəyi vurğulanır. Hökumət PKK-dan ayrılaraq fərqli strukturlar yaratmaq istəyən yeni qrupların meydana çıxma ehtimalına qarşı bölgədə uzun müddət mövcudluğunu davam etdirəcək.

Suriyadakı YPG strukturu ilə bağlı da yeni planlar hazırlanıb. İddialara görə, bu qurumun gələcək fəaliyyəti Dəməşq hökuməti ilə razılaşdırılaraq planlaşdırılacaq. Suriyalı olmayan YPG üzvləri ölkədən çıxarılacaq, qalanları isə Suriya ordusunun sıralarına daxil ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-05-2025