Mobil versiya
Geosiyasi çəkişmələrin qovuşuğunda yeni dünya nizamına uğurlu yanaşma - Adəm İsmayıl BAKUVİ
Tarix: 17-05-2025 | Saat: 14:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Geosiyasi çəkişmələrin qovuşuğunda yeni dünya nizamına uğurlu yanaşma

Mayın 15-də Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin VI Zirvə toplantısı yalnız diplomatik protokol səviyyəli tədbir deyil - bu toplantı Avrasiyada dəyişən güc nisbətlərinin, çoxqütblü sistemdə yüksələn regional aktorların və strateji sabitlik naminə formalaşan yeni diplomatik konfiqurasiyaların təcəssümüdür. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sammitdə iştirakı təkcə region üçün deyil, qlobal siyasi gündəmin formalaşması baxımından da əlamətdar hadisədir.

"Avropa Siyasi Birliyi" (ASB) ideyası Avropa qitəsində həm Avropa İttifaqına üzv, həm də qeyri-üzv dövlətlərin ortaq təhlükəsizlik və əməkdaşlıq platforması kimi 2022-ci ildə irəli sürüldü. Bu təşəbbüs əslində qlobal sistemdə baş verən parçalanmalara, Ukrayna müharibəsi fonunda yaranan yeni bloklaşmalara və enerji böhranına cavab olaraq, Avropanın öz daxilində siyasi dialoqu dərinləşdirmək cəhdidir. Azərbaycanın bu platformada fəal iştirakı isə onun Avropa ilə münasibətlərində enerji, iqtisadi, həm də siyasi və təhlükəsizlik kontekstində dərinləşən bir mərhələnin göstəricisidir. Azərbaycan artıq bu sammitlərin daimi iştirakçısı kimi tanınır və bu, ölkənin beynəlxalq müstəvidə konstruktiv və balanslı aktor rolunu təsdiqləyir. Tirana sammitində Prezident İlham Əliyevin iştirakı həm qlobal diplomatiyada Azərbaycan rolunun möhkəmlənməsi, həm də regional liderlik ambisiyalarının yeni mərhələyə keçidi baxımından strateji əhəmiyyət daşıyır. Diplomatiyada "Azərbaycan məktəbi" - güc, hüquq və dəqiqlikdir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi sadə formullarla izah olunmayacaq qədər kompleksdir. O, güc tətbiqini diplomatik iradə ilə birləşdirən, hüququn aliliyini geosiyasi realizmlə sintez edən bir doktrinanın müəllifidir. 2022-ci ildə Praqada keçirilən ASB sammitində Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması, Ermənistanın və onun havadarlarının ritorik üstünlüyünün neytrallaşdırılması bu diplomatik məktəbin dərsliyi sayıla bilər. Tirana sammiti isə bu məktəbin "yüksək kursu"dur. Bu toplantı Azərbaycanın artıq yalnız regional gündəm deyil, Avropa təhlükəsizliyi və enerji siyasəti kimi strateji məsələlərdə də söz sahibi olmasını göstərdi. Prezident İlham Əliyevin toplantıda iştirakı vasitəsilə aşağıdakı geosiyasi mesajları verdi: Azərbaycan postmünaqişə dövründə sülh quruculuğu və yeni əməkdaşlıq çərçivəsi təklif edən lider ölkədir; Avropa ilə enerji və nəqliyyat sahəsində sistemli inteqrasiyanı təşviq edən strateji təchizatçıdır; Çoxqütblü dünya düzənində suverenliyini qorumaqla qlobal dialoqa töhfə verən balanslaşdırıcı qüvvədir.

"Orta güc" modeli

Müasir dünyada "orta güc" (middle power) anlayışı yalnız miqyasla deyil, təsir dairəsi və diplomatik çevikliklə ölçülür. Kanada, Türkiyə, Cənubi Koreya kimi ölkələrin təmsil olunduğu bu modelə artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və prinsipial xarici siyasət sayəsində Azərbaycan da qoşulmuşdur.

Bu gün Azərbaycanın iştirakı olmadan nə Qafqazda, nə Mərkəzi Asiyada, nə də Avropa-Asiya tranzitində strateji qərarlar qəbul edilə bilməz. Ölkəmizin bu statusa yüksəlməsi təsadüfi deyil - bu, illərlə aparılan dövlət quruculuğunun, hərbi-siyasi balansın və beynəlxalq diplomatiyada ardıcıl davranışın nəticəsidir.

Enerji diplomatiyasından qlobal təsirə

Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolu artıq texniki məsələ deyil - bu, siyasi və strateji təhlil predmetidir. Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi fəlsəfəsinin, alternativ marşrutlar üzərindən suveren qərarların simvoludur. Avropa İttifaqının 10-dan çox ölkəsi bu gün Azərbaycan qazından asılıdır və bu asılılıq rəsmi Bakının mövqeyini daha da gücləndirir.

Bakı artıq enerji mənbəyi deyil, enerji fəlsəfəsi ixrac edir. Bu fəlsəfənin mərkəzində isə bərabərhüquqluluq, qarşılıqlı maraq və siyasi şərt qoyulmadan əməkdaşlıq prinsipləri dayanır.

Azərbaycan geoiqtisadi gücə malikdir. Ölkəmizin Orta Dəhlizdəki lider rolu, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və digər logistik infrastruktur layihələri yalnız tranzit ölkə deyil, regional iqtisadi sinerjinin təşəbbüskarı olduğunu təsdiqləyir. Çinlə imzalanmış strateji tərəfdaşlıq sənədi isə Azərbaycanın Avrasiya dəhlizlərindəki liderliyini Pekin kimi qlobal güclər tərəfindən də tanındığını göstərir.

Bu infrastruktur həm də Azərbaycanın "yumşaq güc"ünün əsas dayağıdır - iqtisadi sabitlik və qarşılıqlı asılılıq müharibələrə qarşı ən güclü sipərdir.

Azərbaycanın yeni diplomatik kodları prinsipiallıq və təşəbbüskarlıqdır. Rəsmi Bakının diplomatiyası proaktivdir. Prezident İlham Əliyev yalnız çağırışlara cavab vermir, yeni gündəmlər formalaşdırır. BMT-də neokolonializmə qarşı çıxışlar, Qoşulmama Hərəkatına sədrlik, Türk Dövlətləri Təşkilatındakı təşəbbüslər Azərbaycanın yeni beynəlxalq imicini - prinsipial, təşəbbüskar və ədalətə əsaslanan güc mərkəzi modelini formalaşdırır. Azərbaycan bu gün Avropa, eyni zamanda Qlobal Cənub üçün də örnək modeldir. Bu, neft və qazla deyil, siyasi iradə və strateji baxışla qurulmuş nüfuzdur.

Tirana Sammiti Azərbaycanın geosiyasi yüksəlişinə yeni baxışdır. Sammitdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal geosiyasi aktivliyə malik olduğunu bir daha təsdiqlədi. Azərbaycan bu gün öz ərazisinin bütün hissəsində suverenliyini bərpa etmiş, müstəqil qərar verə bilən, dialoqa açıq, prinsipial bir dövlətdir. Bu status həm region, həm də Avropa siyasi nizamı üçün yeni imkanlar, sabitlik və ortaq gələcək vəd edir.

Prezident İlham Əliyev diplomatiyada yalnız lider deyil, həm də strateqdir. Onun rəhbərliyi ilə Azərbaycan dünyanın ən mürəkkəb dövründə öz yolunu özü çəkən, öz səsini özü ucaldan və dünya siyasətinə öz imzasını atan bir dövlətə çevrilib.

Adəm İsmayıl BAKUVİ,
strateji tədqiqatçı və geosiyasi analitik.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025