Mobil versiya
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyanın qabaqcıl universitetlərində səfərdə olub -Fotolar
Tarix: 21-05-2025 | Saat: 18:56
Bölmə:Təhsil | çapa göndər

AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyanın qabaqcıl universitetlərində səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyaya səfər edib.

aia.az xəbər verir ki, nümayəndə heyətində AzTU-nun elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov və Tədqiqat və inkişaf departamentinin direktoru Bəxtiyar Bədəlov təmsil olunub.

Səfərin əsas məqsədi AzTU ilə İndoneziyanın aparıcı ali təhsil müəssisələri arasında elmi-tədqiqat, tədris və innovasiya sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi, eləcə də bu istiqamətdə anlaşma memorandumlarının (MoU) imzalanması olub.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziya Universiteti, Jakarta Dövlət Universiteti, Atma Jaya Katolik Universiteti və BINUS Universitetini ziyarət ediblər. Görüşlər zamanı universitetlər arasında elmi və akademik əməkdaşlıq imkanları geniş müzakirə olunub. Müzakirələr zamanı hər bir universitetin prioritet fəaliyyət istiqamətləri nəzərə alınaraq konkret əməkdaşlıq sahələri müəyyənləşdirilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İndoneziya Universitetində keçirilən görüş zamanı professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq tərəfdaşlıqlar çərçivəsində ortaq elmi layihələr, tələbə və müəllim mübadiləsi, eləcə də birgə elmi konfrans və seminarların təşkili kimi sahələrə xüsusi önəm verdiyini vurğulayıb. İndoneziya Universitetinin rektoru professor Ir. Heri Hermansyah və prorektorlar da bu təşəbbüsləri müsbət qiymətləndirərək mühəndislik və informasiya texnologiyaları sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Görüşün sonunda tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

Jakarta Dövlət Universitetində keçirilən görüşdə birgə tədris proqramlarının həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə tədris texnologiyalarının təkmilləşdirilməsi, ortaq tədqiqatların təşkili və təcrübə proqramlarının hazırlanması məsələləri ətraflı müzakirə olunub. Görüşdə AzTU-nun rektoru professor Vilayət Vəliyev və Jakarta Dövlət Universitetinin rektoru professor Komarudin iştirak ediblər. Tərəflər bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəlib və əlaqələr anlaşma memorandumu ilə rəsmiləşdirilib.

Səfər çərçivəsində nümayəndə heyəti İndoneziyanın iki aparıcı özəl ali təhsil müəssisəsi olan Atma Jaya Katolik Universiteti və BINUS Universitetində də olub. Atma Jaya Katolik Universitetində universitetin tədris və innovasiya potensialı ilə yaxından tanışlıq olub, xüsusilə startap yönümlü tədqiqatlar və birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

BINUS Universitetində isə süni intellekt, rəqəmsal transformasiya və elmi-tədqiqatların kommersiyalaşdırılması sahəsində təcrübə öyrənilib. Tərəflər BINUS-un qabaqcıl tədqiqat platformasının AzTU-da tətbiq imkanlarını nəzərdən keçirərək qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər. Görüşün sonunda universitetlər arasında anlaşma memorandumu imzalanıb.

Səfər zamanı rektor professor Vilayət Vəliyev AzTU-nun beynəlxalq elmi-tədqiqat, tədris və innovasiya sahəsində tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya elm məkanına inteqrasiya olunması istiqamətində fəaliyyətlərinin artırılmasının, xüsusilə Asiya ölkələri ilə əməkdaşlığın AzTU-nun perspektiv strateji planında mühüm yer tutduğunu vurğulayıb. O, bu əməkdaşlıqların universitet üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025