Mobil versiya
Göydəniz Qəhrəmanov: “Cümhuriyyət Bayrağının bu gün Şuşada və Xankəndidə dalğalanması cənab Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”
Tarix: 28-05-2025 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Cümhuriyyət Bayrağının bu gün Şuşada və Xankəndidə dalğalanması cənab Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir”

 “1918-ci il may ayının 28-də qədim Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Çox az bir müddət ərzində, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət Azərbaycanın dövlətçilik tarixində silinməz izlər buraxdı. Belə ki, məhz həmin dövrdə müstəqil dövlət quruculuğu baxımından bir çox mühüm qərarlar qəbul edildi. O cümlədən, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. Ölkə Prezidenti cənab İlham Əliyev Cümhuriyyət dövrünün əhəmiyyətini vurğulayaraq öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün digər ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Daha sonra deputat fikirlərini davam etdirərək bunları geyd edib: “Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər ötən əsrin əvvəllərində 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək belə demişdir: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”. Bütün bunların nəticəsidir ki, Cümhuriyyətin Azərbaycanın şanlı dövlətçilik tarixindəki önəmli yeri və rolu bu gün də xalqımız tərəfindən daim ehtiramla xatırlanır, dövlətimiz tərəfindən bu tarixə böyük diqqət göstərilir. Təsadüfi deyil ki, hazırda 107 illiyini qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub.”
     
G.Qəhrəmanov həmçinin xüsusi olaraq vurğulayıb ki, ötən əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ildə yenidən Cümhuriyyətin aqibətini yaşaya bilərdi. Yalnız Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı bu təhlükəni ölkənin və xalqın başı üzərindən sovuşdurdu: “1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan cəmi iki ildən sonra bu müstəqilliyi yenidən itirmək və hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə dövlətimizin faktiki müstəqilliyinə son qoyulsa da, ölkə öz sərhədləri daxilində, formal da olsa müstəqil respublika kimi SSRİ tərkibində varlığını davam etdirmişdi. 1993-cü ildə isə artıq parçalanmaq üzrə olan Azərbaycan sadəcə müstəqilliyini deyil, həm də vahid bir ölkə olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi. Həmin mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş bir günlük lokal antiterror əməliyyatının nəticəsində isə, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu gün də Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-05-2025