Mobil versiya
28 May-Müstəqillik günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür
Tarix: 28-05-2025 | Saat: 10:54
Bölmə:Siyasət | çapa göndər

28 May-Müstəqillik günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür

1918-ci ilin mayın 28-i Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızı öz arzusuna qovuşdurdu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi və xalqın öz müqəddəratını təyin etməyə qadir xalq olduğunu nümayiş etdirdi.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək sinfi bərabərsizliyi ortadan qaldırdı. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Təəssüf ki, o dövrdə dünyada baş verən mürəkkəb proseslərin nəticəsi olaraq Cümhuriyyət süqut etdi. Amma qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı.
Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Onun ən layiqli qiymətini Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə uğurla həyata keçirdiyi inkişaf siyasəti xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytarmış, müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulmuş, Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərmişdir.
1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Lakin, müstəqilliyin ilk illərində respublikamız ziddiyyətli məqamlarla üzləşdi. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu, çətin siyasi-iqtisadi dövrdə ölkəni bütün təhlükələrdən qorudu, vətəndaş müharibəsindən, separatçılıqdan, dövlət kimi parçalanıb tarix səhnəsindən yox olmaq təhlükəsindən xilas etdi. Atəşkəsə nail oldu, nizami ordumuz yaradıldı. Az vaxt içərisində Azərbaycan üçün yol xəritəsi hazırladı və onun uğurla həyata keçirilməsi üçün etibarlı təminat yarada bildi. Beləliklə, kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Onun siyasi məktəbinin ən layiqli məzunu Prezident İlham Əliyev isə tam müstəqil, qətiyyətli, prinsipial siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm Zəfərin, suverenlik və ərazi bütövlüyünün tam təmin edilməsi uğurlarının fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə paytaxt Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi, 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı"nın təsis olunması Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2021-ci il 15 oktyabr tarixdə "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının qanunu ilə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bəli, ötən illər ərzində bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi–Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır.
Müstəqillik Günün mübarək Azərbaycan xalqı!

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-05-2025