Mobil versiya
Azərbaycan Ordusu yüksək hazırlıqlıdır!
Tarix: 24-06-2025 | Saat: 15:31
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Ordusu yüksək hazırlıqlıdır!

Güclü Ordumuz Azərbaycan dövlətinin əsas atributlarından biridir.

Müstəqil Azərbaycan dövləti yarandıqdan sonra sonra ilk görülən mühüm işlərdən biri ordu quruculuğu olub. 1993-cü ilə qədər, bütün sahələrdə olduğu kimi, ordu quruculuğu məsələlərinə də ciddi yanaşılmırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğuna xüsusi diqqət yetirilib. Həmin dövrdən etibarən ordu təsadüfi insanlardan təmizləndi, peşəkar hərbçilərdən ibarət strukturun yaradılmasına başlandı, Silahlı Qüvvələrimizdə nizam-intizam yarandı. Eyni zamanda, insanlarda hərbi vətənpərvərlik hissləri gücləndi və hər bir gəncin orduda xidmət etməsi şərəf məsələsinə çevrildi. Ölkəmizin iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsait də artırılır. Bu gün Azərbaycanın büdcədə ayırdığı müdafiə xərcləri Ermənistanın dövlət büdcəsinə bərabərdir. Azərbaycan Silahlı Qüvvələri regionun ən hazırlıqlı və ən müasir silahlarla təchiz edilmiş bir strukturudur.
Azərbaycan Ordusu Vətənin keşiyində çox mətanətlə durur və torpaqlarımızın işğaldan azad edilməsi məsələsində əmrləri yerinə yetirməyə hazırdır. Bu gün hazırlıqlı zabit heyəti, öz vəzifəsinə böyük məsuliyyətlə yanaşan əsgər heyəti Vətənin keşiyində layiqincə dayanırlar. Birmənalı demək olar ki, Azərbaycan Ordusu dövlətçiliyin keşiyində duran vacib dövlət strukturudur və cəmiyyətlə ordunun birliyi dövlətin varlığının əsasını təşkil edir.Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması, ağır, mürəkkəb və keşməkeşli yollardan keçib. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Ulu Öndərin titanik fəaliyyəti nəticəsində güclü Azərbaycan Ordusu yaradılmağa başlandı. Ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərində aparılması, vahid komandanlıq prinsiplərinin həyata keçirilməsi Qarabağ bölgəsində gedən döyüş əməliyyatlarına öz müsbət təsirini göstərdi. 1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyev radio və televiziya ilə xalqa müraciət etdi. Bu müraciət bütünlüklə Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi böhranın təhlilinə və ondan çıxış yollarına həsr edilmişdi. Bu çıxışdan sonra xalqımızın çoxdan arzuladığı birliyin, həmrəyliyin əsası qoyuldu. Hamı bir nəfər kimi ölkəni dəhşətli təhlükədən çıxarmaq üçün Heydər Əliyevin ətrafında birləşməyə başladı. Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdən sonra öz səmərəsini verdi. Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşvişə düşən və gücümüzün artmasını hiss edən düşmən 1994-cü il mayın 12-də atəşkəs haqqında müqaviləni imzaladı.
Sonrakı dövrlərdə ordumuzun daha da möhkəmləndirilməsi sahəsində bir çox mühüm tədbirlər həyata keçirildi. Bu tədbirlər nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilib, hərbi hissələrdə intizam möhkəmlənib, qanun-qaydalara tam riayət olunması təmin edilib. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaradıb. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun gücü - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də, orduda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də, müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Ordu quruculuğu başlayarkən Azərbaycan Silahlı Qüvvələrinin müasir NATO standartlarına uyğun olaraq yenidən qurulacağı tam aydın idi. Çünki bunun üçün yetərli potensial mövcud idi. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO və dost Türkiyə dövlətinin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini tədricən verməkdədir. Azərbaycan zabitlərinin böyük bir hissəsi vaxtaşırı xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilir. NATO-nun Qərargah Hərbi Təlimləri üzrə keçirilən seminarlarda Azərbaycan generalları və zabitləri də iştirak edirlər. Azərbaycanda aşağı və orta təbəqə komandirlərinin hazırlığı üçün NATO standartlarına uyğun təlim - tədris mərkəzləri yaradılmağa başlandı. Bu isə hərbi qulluğa məsuliyyətlə yanaşan, hazırlığı kifayət qədər yüksək olan aşağı təbəqə komandir heyətinin peşəkarlıq səviyyəsinin daha da yüksəlməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Ordumuzun şəxsi heyəti üçün həmin silahlardan istifadə edilməsi təlimi həm ölkə daxilində, həm də ölkəmizdən kənarda keçirilir.
Bu gün hər bir Azərbaycan gənci üçün orduda xidmət etmək fəxrdir. 2008-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi ilə bağlı keçirilən hərbi parad bütün dünyaya səs saldı və bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin dəyişməsinə səbəb oldu. Eyni təəssürat ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün Silahlı Qüvvələrinin birgə böyük miqyaslı təlimində də yarandı. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordunun inkişafı baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycan artıq öz silahlarını istehsal edir. Bu silahları həm daxili tələbata yönəldə bilir, həm də bu silahlar dünya bazarlarına çıxarılır.

Bəxtiyar Ələkbərov,
YAP Hacıqabul rayon təşkilatının Ərazi partiya təşkilat (ƏPT) sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2025