Mobil versiya
QARABAĞIN YENİ SALNAMƏSİ: DİRÇƏLİŞ VƏ ZƏFƏR
Tarix: 19-09-2025 | Saat: 13:38
Bölmə:Karusel / Siyasət / Gündəm / Manşet / Özəl / Seçilənlər-9 | çapa göndər

QARABAĞIN YENİ SALNAMƏSİ:

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Azərbaycanın ən böyük strateji qələbələrindən biri olan 20 sentyabr Dövlət Suverenliyinin bərpası tədbirləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin təntənəsi oldu. Bu tarixi hadisə sadəcə hərbi zəfər yox, həm də Prezidentin illərlə düşünülmüş, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bu torpaqların təkcə işğaldan azad edilmədiyini, həm də yeni bir inkişaf erasının astanasında olduğunu bütün dünyaya bəyan etdi. Azad edilmiş ərazilərdə həyata keçirilən layihələr, bu regionların yenidən qurulması üçün sistemli bir yanaşmanın olduğunu sübut edir. Bütün şəhərlərdə infrastruktur layihələrinə – yolların, elektrik şəbəkələrinin, su anbarlarının bərpasına xüsusi diqqət yetirilməsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətində həyata keçirilir. Bu, həm əhalinin təhlükəsiz və rahat şəkildə qayıdışını, həm də iqtisadi fəaliyyətin bərpasını təmin edir. Məsələn, Xocavənddə Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun açılışı, Ağdərədə Sərsəng su anbarından çəkilən yeni avtomobil yolu və Xocalı hava limanının bərpası kimi layihələr Prezidentin regionun logistika potensialını artırmaq əzminin göstəricisidir.


Gələcəyin təminatı gənc nəsillərin maariflənməsindən keçir. Bu kontekstdə, Qarabağ Universitetinin yaradılması cənab İlham Əliyevin gələcəyə hesablanmış strateji baxışının bariz nümunəsidir. Xankəndidə yerləşən bu ali təhsil müəssisəsi, regionda kadr potensialının gücləndirilməsinə, elm və təhsilin inkişafına xidmət edəcək. Universitet təkcə tədris ocağı deyil, həm də regionun intellektual mərkəzinə çevriləcək. Bu, həm daxili miqrasiyanı stimullaşdıracaq, həm də beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Azad edilmiş torpaqlarda həyata keçirilən iqtisadi layihələr, regionun iqtisadi inkişafının lokomotivinə çevriləcək. Xankəndidə "Qarabağ" hotelinin açılışı turizm potensialının inkişafına, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin fəaliyyətə başlaması isə sənayenin canlanmasına zəmin yaradır. Bütün bu layihələr Prezidentin şəxsi təşəbbüsü və nəzarəti altında icra edilir. Bu, hər qarış torpağımızda həyatın yenidən qurulmasına yönəlmiş qətiyyətin əyani sübutudur.

Bərpa işləri yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Xankəndi Dövlət Dram Teatrı, Xocalı Soyqırımı Memorialı, Əsgəran qala-kompleksinin bərpası kimi layihələr, bu torpaqların həm maddi, həm də mənəvi irsinin bərpasına yönəlib. Bütün bu işlərin arxasında duran əsas məqsəd, Prezidentin bu torpaqlara qayıdan hər bir vətəndaşına dəstək və qayğı göstərmək arzusudur.
20 Sentyabr tarixi Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəni öz dövlətçilik konsepsiyasına tam inteqrasiya etməsinin simvoludur. Bu, təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli liderliyinin rəhbərliyi ilə gələcəyə yönələn, bütün dünyada örnək ola biləcək bir quruculuq strategiyasının əyani təsdiqidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2025