Mobil versiya
Füzuli ölkənin gələcək inkişafına töhfə verən mühüm mərkəzə çevrilir
Tarix: 15-10-2025 | Saat: 13:41
Bölmə:Siyasət | çapa göndər

Füzuli ölkənin gələcək inkişafına töhfə verən mühüm mərkəzə çevrilir

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində şəhər günləri təsis olunub. Həmin Sərəncama görə, 17 oktyabr Füzuli Şəhəri Günü kimi müəyyən edilib.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir çox kəndlərini erməni işğalından azad edərək 27 illik işğala son qoydu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsində mühüm mərhələ və böyük qələbə kimi tarixə düşdü. Füzuli həm strateji mövqeyinə, həm də müharibə dövründə gedən ağır döyüşlərə görə xüsusi əhəmiyyət daşıyırdı.
17 oktyabr 2020-ci ildə şəhərin azad olunması Azərbaycan xalqının qələbə ruhunu daha da gücləndirdi, bu hadisə milli birliyin və əzmin rəmzinə çevrildi. Hazırda Füzuli şəhəri işğaldan azad edilmiş ərazilər arasında ən sürətlə bərpa olunan bölgələrdən biridir və Qarabağın yenidən dirçəlişinin mərkəzi sayılır.
Füzuli rayonu azad edilmiş torpaqlar arasında mina ilə ən çox çirklənmiş ərazilərdən biridir. İlkin hesablamalara əsasən, rayonda yüz mindən artıq mina basdırılıb. Ermənistanın törətdiyi dağıntılar, vandalizm aktları və hərbi cinayətlər nəticəsində həm mülki əhali, həm də dövlət əmlakı, infrastruktur və sahibkarlıq obyektləri ciddi zərər görüb. Hazırda bu ziyanın dəqiq qiymətləndirilməsi üçün yerli və beynəlxalq ekspertlərin iştirakı ilə işçi qruplar fəaliyyət göstərir və aparılan qiymətləndirmələr nəticəsində erməni vandalizminə ədalətli qiymət veriləcək.
İşğaldan azad edildikdən sonra Füzuli rayonunda genişmiqyaslı bərpa və yenidənqurma dövrü başlanıb. Qarabağın bərpası və sosial-iqtisadi inkişafı strategiyasında Füzuli əsas istiqamətlərdən biri kimi çıxış edir. Burada müasir infrastrukturun qurulması, sosial layihələrin həyata keçirilməsi və iqtisadi potensialın bərpası istiqamətində böyük işlər görülür.
İşğal dövründə tamamilə viran edilmiş şəhər və kəndlər yenidən tikilir. 2021-ci ilin oktyabrında açılan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı, turizm əlaqələrinin genişlənməsi və regionun beynəlxalq inteqrasiyası baxımından böyük strateji əhəmiyyətə malikdir.
Hazırda şəhərdə yeni yaşayış binaları, məktəblər, xəstəxanalar və sosial obyektlər inşa olunur. Paralel şəkildə, geniş yol şəbəkəsi salınır ki, bu da Füzulinin digər bölgələrlə nəqliyyat əlaqəsini möhkəmləndirir. Burada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun layihələr icra olunur, ekoloji təmiz və dayanıqlı texnologiyalar tətbiq edilir.
Füzuli məhsuldar torpaqları və təbii sərvətləri ilə tanınır. İşğaldan sonra kənd təsərrüfatı sahələri bərpa olunur, müasir aqroparklar və təsərrüfatlar yaradılır. Ənənəvi sahələr olan üzümçülük, taxılçılıq və bağçılıq yenidən inkişaf etdirilir. Bütün bunlar əhalinin məşğulluğunun artmasına və bölgənin iqtisadi dirçəlişinə xidmət edir.
Eyni zamanda, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlayıb. Yenidən qurulan şəhər və kəndlərdə həyat bərpa olunur, bu da Füzulinin sosial və mədəni inkişafına yeni nəfəs gətirir.
Füzuli rayonu həm də turizm baxımından böyük potensiala malikdir. Qarabağın qədim tarixi abidələri, zəngin mədəni irsi və gözəl təbiəti burada turizmin inkişafına geniş imkanlar yaradır. Strateji mövqeyinə görə, Füzuli Qarabağın turizm mərkəzlərindən birinə çevrilmək gücündədir.
Beləliklə, Füzuli rayonu bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinin əsas dayaqlarından biridir. Bu bölgə həm sosial, həm iqtisadi, həm də strateji baxımdan Azərbaycanın ərazi bütövlüyünü möhkəmləndirən və ölkənin gələcək inkişafına töhfə verən mühüm mərkəzə çevrilir.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025