Mobil versiya
Füzuli qayıdışın, dirçəlişin və qürurun şəhəridir
Tarix: 15-10-2025 | Saat: 21:20
Bölmə:Siyasət | çapa göndər

Füzuli qayıdışın, dirçəlişin və qürurun şəhəridir

Azərbaycanın hər bir guşəsi xalqımız üçün müqəddəsdir. Lakin elə şəhərlər var ki, onların adı çəkiləndə insanın qəlbi daha möhkəm döyünür, yaddaşında tarix, gözündə isə gələcək canlanır. Füzuli şəhəri də məhz belə müqəddəs ünvanlardan biridir. Bu gün Füzuli şəhər günü təkcə bir coğrafi məkana həsr olunmur, həm də xalqımızın iradəsinə, milli birliyinə, əyilməzliyinə və Zəfərinə həsr olunan gün kimi tarixə yazılır. Füzuli uzun illər işğal altında qaldı. Onun ərazisi tamamilə viran qoyuldu, tarixi abidələri dağıdıldı, kəndləri yerlə-yeksan edildi. Düşmən bu torpağı yalnız xarabalığa çevirməklə kifayətlənmədi, həm də xalqımızın yaddaşından silmək istədi. Amma unuduldu ki, Füzuli adı yalnız bölgənin adı deyil, həm də Azərbaycan poeziyasının, ədəbiyyatının, mənəviyyatının adıdır. Bu adı xalqımızın qəlbindən heç kim silə bilməzdi. 2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Füzuli işğaldan azad olundu. Bu xəbər yayılanda xalqımızın sevinci yerə-göyə sıxmadı. Gözlərdən sevinc yaşları axdı. Çünki bu qələbə təkcə hərbi qələbə deyildi. Bu, ədalətin bərpası, milli ləyaqətin təntənəsi, tarixin dönüş nöqtəsi idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Füzuli rayonunun azad olunması xüsusi strateji əhəmiyyətə malik idi. Bu qələbə Şuşaya yol açdı.”

Füzuli həm coğrafi, həm də mənəvi baxımdan Qarabağın qapısıdır. Şuşaya gedən yol məhz buradan keçir. Buna görə də Füzulinin azad olunması Azərbaycan tarixi üçün həlledici hadisə idi. Bu gün Füzuli şəhəri yalnız bir yaşayış məskəni deyil, həm də Qarabağa qayıdışımızın rəmzi, Zəfər yolunun başlanğıcıdır. Füzuli azad olunduqdan sonra cənab Prezident İlham Əliyevin bu torpaqlara dəfələrlə səfərləri xalqın qəlbində yeni ümidlər oyatdı. Dövlət başçısının birinci səfəri zamanı dağıntıların içində dayandığı anlar bütün Azərbaycan xalqının yaddaşına həkk olundu. O, işğalın törətdiyi fəlakəti göz önünə gətirməklə yanaşı, həm də dirçəlişin yol xəritəsini bəyan etdi. Sonrakı illərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuliyə dəfələrlə səfər edərək yeni yolların, məktəblərin, xəstəxanaların, “Ağıllı kənd” layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının açılışını həyata keçirdilər. Cənab Prezidentin “Burada həyat bərpa olunacaq, insanlar öz doğma yurdlarına qayıdacaq və Füzuli ən gözəl şəhərlərimizdən birinə çevriləcəkdir” sözləri artıq reallığa çevrilməkdədir. Cənab Prezident İlham Əliyevin hər səfəri həm dövlətin gücünü, həm də xalqın iradəsini nümayiş etdirdi və Füzulinin dirçəlişinə verilən yüksək diqqətin təntənəsinə çevrildi. İşğaldan sonra Füzuli sanki kül içindən yenidən doğan şəhərə çevrildi. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri həyata keçirilir, müasir yollar, məktəblər, xəstəxanalar, parklar salınır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə bu şəhərin gələcəyini bir daha təsdiqlədi. Çünki bu hava limanı yalnız infrastruktur layihəsi deyil, həm də dünyaya açılan Zəfər qapısıdır. Bu gün Füzuli küçələrində yenidən həyat qaynayır. Əziz ana torpağa qayıdan insanlar öz doğma ocaqlarını qurur, uşaqlar məktəb yollarına çıxır, yeni ailələr öz ocaqlarını yandırır. Bu mənzərə təkcə bir şəhərin deyil, bütün Azərbaycan xalqının gələcəyə olan inamının simvoludur. Füzuli şəhər günü bizim üçün sadəcə təqvimdə bir tarix deyil. Bu günün mahiyyəti daha dərindir. Bu, torpağa sahib çıxmağın, onu qorumağın və dirçəltməyin bayramıdır. Bu gün bütün azərbaycanlılar bir daha anlayır ki, biz bir olduqca, birlikdə olduqca qalibik, güclüyük.

Füzuli adı bu gün Azərbaycan xalqının qürur yeri, dirəniş nümunəsi, milli kimliyimizin mühüm sütunlarından biridir. Onun adı çəkiləndə hər kəsin gözləri parlayır, ürəyi döyünür, çünki bu ad xalqımızın mübarizliyinin canlı ifadəsidir. Füzuli bu gün qayıdışın şəhəri, qürurun şəhəri, Zəfərin simvolu kimi inkişaf edir, yaşayır. Onun hər daşı, hər küçəsi, hər ağacı sanki bir mesaj verir: “Azərbaycan qalib gəldi, Azərbaycan əbədi qalacaq!” Füzuli şəhər günü hər bir azərbaycanlıya bir daha xatırladır ki, biz torpağımıza qayıtdıq, ədaləti bərpa etdik və indi bu torpaqlarda gələcək nəsillər üçün xoşbəxt, firavan həyat qururuq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2025