Mobil versiya
Qubadlı Şəhəri Günü Qayıdışın simvoludur- DEPUTAT YAZIR
Tarix: 24-10-2025 | Saat: 11:58
Bölmə:Karusel / Manşet / Siyasət / Gündəm / Özəl / Seçilənlər-9 | çapa göndər

Qubadlı Şəhəri Günü Qayıdışın simvoludur-
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

Bu gün qəlbimizdə min illik tarixin yaddaşını yaşadan, Zəngəzurun ən əziz, ən yaralı incisi Qubadlının Şəhər Günüdür! Hər il böyük bir ürək ağrısı ilə andığımız işğal günləri artıq tarixin arxivində qalıb. İndi biz 25 Oktyabrı – haqqın zəfər çaldığı, Qubadlı Şəhərinin işğaldan azad edildiyi günü – milli qürur və sevinc bayramı kimi qeyd edirik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu kəlamları Qubadlı Zəfərinin tarixi əhəmiyyətini ən parlaq şəkildə ifadə edir: "Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı."
Azərbaycanın cənub-qərbində, Ermənistanla 120 kilometrlik sərhəddə yerləşən Qubadlı, Qarabağ yaylasının cənub-şərqində əsl strateji və iqtisadi möcüzədir. 802 kvadrat kilometr ərazisi olan bu diyarın səthi əsasən dağlıq olsa da, torpaqları bol məhsuldur. Həkəri və Bərgüşad çaylarının ətrafında salınan kəndlər, “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzlər həmişə qubadlılılara bərəkət gətirib. İşğaldan əvvəl Qubadlı taxıl, üzüm, heyvandarlıq və xüsusilə də tütünçülük ilə tanınırdı. Rayon ərazisindəki yəşəm, mərmərləşmiş əhəng daşı, mişar daşı, əqiq yataqları onun zəngin faydalı qazıntı potensialını sübut edirdi. Lakin 1993-cü ilin 31 avqust tarixində baş verən işğal hər şeyi alt-üst etdi.
27 illik işğal Qubadlının tarixinə qara hərflərlə yazıldı. Rayonun 79812 hektar torpaq fondu erməni vəhşiliyinin şahidi oldu. 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 7 məscid, 161 mədəniyyət obyekti tamamilə dağıdıldı və ya yararsız vəziyyətə salındı. İşğal nəticəsində 29997 qubadlılı qaçqınlıq taleyi yaşadı. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq, bu torpaqlarda qanunsuz məskunlaşma siyasəti apardı. Xanlıq kəndində xaricdən gətirilən ermənilər üçün qəsəbə salınması Cenevrə konvensiyalarına açıq hörmətsizlik idi. Amma tarix öz sözünü dedi.
25 Oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Zəngilanın azad edilməsindən sonra növbə Qubadlıya çatdı. Düşmən şəhərdə və ətrafındakı yüksəkliklərdə güclü istehkamlar qursa da, Azərbaycan Ordusunun qətiyyəti və peşəkarlığı qarşısında tab gətirə bilmədi. Qubadlı əməliyyatı xüsusi fədakarlıq tələb edirdi. Çünki düşmən yüksəkliklərdən hərbçilərimizi atəş altında saxlayırdı. Lakin qəhrəman əsgərlərimiz ilk növbədə şəhərə hakim olan strateji yüksəklikləri, Xanlıq, Padar, Sarıyataq kəndlərini azad etdi. Nəticədə, Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi! Bu Zəfər Laçın dəhlizinə gedən yolun açılmasını və düşmənin təchizat yollarının bağlanmasını təmin etməklə, Şuşanın azadlığına doğru aparan yolları açdı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.



2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15209 hərbi qulluqçu bu medalla təltif edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmiş, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.
Bu gün Qubadlının yeni inkişaf tarixi başlayıb. Prezidentin çoxsaylı səfərləri və sərəncamları Böyük Qayıdışın təməlini qoyur. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu yarımstansiyalar sovet vaxtındakı ümumi enerji istehlakından (12 meqavat) qat-qat artıq gücə (40 meqavat) hesablanıb. Qarabağ və Şərqi Zəngəzuru birləşdirən Qubadlı-Eyvazlı avtomobil yolu tikilir. Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.


Qubadlının azad edilməsi prosesi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarətində olub. O, 23.12.2020-ci ildə Qubadlıda Azərbaycan bayrağını ucaltmış, 25.10.2021-ci ildə Xanlıq-Qubadlı yolunun və “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksini açmış və rayon ictimaiyyəti ilə görüşmüşdür. 19.10.2022-ci ildə “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Biz Şəhidlərimizin qanları ilə yoğrulmuş bu torpaqlara sahib çıxmalı, Böyük Qayıdışı dəstəkləməli, Qubadlını iqtisadi, mədəni və sosial həyatın mühüm mərkəzinə çevirməliyik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-10-2025