Mobil versiya
Babək Vələdov: Gələcəyə inamın təcəssümü
Tarix: 07-11-2025 | Saat: 17:01
Bölmə:Siyasət | çapa göndər

Babək Vələdov: Gələcəyə inamın təcəssümü

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq artıq 16 ildir ki, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu üçrəngli bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın rəsmi dövlət rəmzi kimi üçrəngli bayrağın qəbul olunması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də bu vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı yenidən Dövlət Bayrağı elan etdi. Beləliklə, Azərbaycan xalqı 70 illik fasilədən sonra öz milli bayrağını dövlət rəmzi kimi bərpa etdi.

Milli suverenliyin simvolu olan dövlət bayrağımız Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Azərbaycan dövlətçiliyinin simvollarına verilən böyük dəyər Möhtərəm Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlərdə də öz əksini tapıb. 2007-ci il noyabrın 17-də Dövlət Başçısının “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2010-cu il sentyabrın 1-də açılışı keçirilən Dövlət Bayrağı Meydanı Azərbaycanın dövlətçilik simvolları içərisində müstəsna yer tutur. Burada yaradılmış Dövlət Bayrağı Muzeyi ölkəmizin qədim dövlətçilik tarixini, müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqlarını və milli atributların təkamülünü nümayiş etdirir.

Təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan Bayrağına!”.

Ulu Öndər Heydər Əliyev bu ideyanı belə ifadə etmişdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir".

Dövlət Bayrağı bu gün azərbaycançılıq məfkurəsinin, milli həmrəyliyin və birlik ideyasının ən ali simvoludur. Üçrəngli Bayrağımız həm xalqın tarixi yaddaşını, həm də gələcəyə inamını birləşdirir. Bayraq millətin varlığını, suverenliyini və müstəqil dövlət kimi yaşamaq iradəsini ifadə edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli Bayrağımız yenidən azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır. Xankəndidə, Şuşada, Laçında, Füzulidə və Qarabağın hər bir guşəsində dalğalanan bu üçrəngli, müqəddəs bayrağımız təkcə Qələbənin deyil, həm də milli kimliyin, qürurun və gələcəyə inamın təcəssümünə çevrilib.

Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025