Mobil versiya
İslamabad nə planlaşdırır? - ABŞ-İran danışığında növbəti gedişat
Tarix: 17-04-2026 | Saat: 22:14
Bölmə:Dünya | çapa göndər

İslamabad nə planlaşdırır? - ABŞ-İran danışığında növbəti gedişat


Yaxın Şərqdə baş verən son proseslər göstərir ki, region təkcə hərbi qarşıdurma meydanı deyil, həm də yeni diplomatik güclərin formalaşdığı bir platformaya çevrilməkdədir. Bu kontekstdə Pakistan artıq ənənəvi passiv müşahidəçi rolundan çıxaraq, böhranın idarə olunmasında fəal və təşəbbüskar aktor kimi önə çıxır.

İslamabadın yeni diplomatik xətti: “müharibənin qarşısını alma diplomatiyası”
Aprelin 8-də İslamabad şəhərində ABŞ-la İran arasında keçirilən ilk danışıqlar raundu formal nəticə verməsə də, strateji baxımdan mühüm dönüş nöqtəsi oldu. Bu görüş tərəflərin “qırmızı xətlərini” və mümkün kompromis sahələrini müəyyənləşdirməsi ilə yadda qaldı.
Əsas mübahisə mövzusu İranın nüvə proqramı və uranın zənginləşdirilməsi məsələsi üzrə razılıq əldə olunmasa da, iki həftəlik atəşkəsin qorunması diplomatiyanın hələ də işlədiyini göstərdi. Bu isə İslamabadın əsas məqsədinin – müharibənin qarşısını almaq real nəticə verdiyini nümayiş etdirir.
Pakistan burada klassik vasitəçi deyil. O, prosesi idarə etməyə çalışan, tərəflər arasında “etimad körpüsü” quran yeni regional oyunçu kimi çıxış edir.

Ankara–Qahirə–İslamabad oxu: yeni diplomatik koalisiya
Regionda diqqət çəkən əsas məqamlardan biri də Türtkiyə, Misir və Pakistan arasında formalaşan qeyri-rəsmi diplomatik koordinasiyadır. Bu üçlük Yaxın Şərqdə böhranların həllinə yönəlmiş alternativ platforma yaradır. Rəcəb Tayyib Ərdoğan rəhbərliyində Ankara həm siyasi, həm də təhlükəsizlik müstəvisində aktivdir. Qahirə regionda balanslaşdırıcı aktor rolunu qoruyur. İslamabad isə vasitəçi və təşəbbüskar kimi çıxış edir.
Antalyada keçirilən forum çərçivəsində bu ölkələrin xarici işlər nazirlərinin görüşü, əslində, yeni regional təhlükəsizlik arxitekturasının ilkin konturlarını formalaşdırır.
Bu əməkdaşlıq modeli Qərb mərkəzli diplomatiyaya alternativ olaraq region ölkələrinin öz problemlərini özlərinin həll etməsi ideyasını gücləndirir.

Tehran xətti və hərbi-diplomatik sintez
Pakistanın prosesdəki rolunu gücləndirən mühüm amillərdən biri də onun həm siyasi, həm də hərbi kanallar vasitəsilə paralel diplomatiya aparmasıdır. Bu çərçivədə Pakistan ordusunun baş qərargah rəisi Asim Munirin Tehrana səfəri xüsusi əhəmiyyət daşıyır.
O, Mühəmməd Baqer Qalibaf və digər yüksək səviyyəli rəsmilərlə görüşərək növbəti danışıqlar raundunun vaxtının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparıb. Bu, Pakistanın sadəcə diplomatik vasitəçi deyil, həm də təhlükəsizlik zəmanətçisi kimi çıxış etdiyini göstərir. Eyni zamanda İran rəsmilərinin Pakistan vasitəsilə Vaşinqtona mesajlar ötürməsi İslamabadın etibarlı kommunikasiya kanalı rolunu daha da möhkəmləndirir.

Şahbaz Şərifin regional turnesi: diplomatik hücum strategiyası
Pakistanın Baş naziri Şahbaz Şərifin region ölkələrinə səfərləri bu strategiyanın tərkib hissəsidir. Onun Qatar əmiri Tamim bin Hamad Al Tani ilə görüşü göstərir ki, İslamabad təkcə ABŞ–İran xəttində deyil, bütövlükdə Körfəz regionunda sabitliyin təmin olunmasına çalışır.
Bu səfərlər bir neçə əsas məqsədə- regional konsensusun formalaşdırılması, enerji və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, müharibə riskinin minimuma endirilməsi xidmət edir. Baş nazir Şərifin Səudiyyə Ərəbistanı və Türkiyəni əhatə edən diplomatik marşrutu isə Pakistanın genişmiqyaslı koordinasiya mərkəzinə çevrildiyini göstərir.

Yeni reallıq: Pakistan “oyun qurucu”ya çevrilir
Mövcud vəziyyət göstərir ki, Pakistan artıq yalnız Cənubi Asiya ölkəsi deyil, Yaxın Şərqdə geosiyasi proseslərə təsir edən mühüm aktora çevrilir. Onun əsas üstünlükləri ABŞ və İranla paralel münasibətlər saxlaması; hərbi və siyasi alətləri sinxron istifadə etməsi; region ölkələri ilə koordinasiyalı diplomatiya aparmasıdır. İslamabadın əsas strateji hədəfi isə aydındır: münaqişənin qlobal və geri dönməz müharibəyə çevrilməsinin qarşısını almaq.

Qlobal böhranın qarşısını ala biləcək model
Bu gün Yaxın Şərqdə formalaşan yeni diplomatik dinamika göstərir ki, münaqişələrin həlli yalnız böyük güclərin iradəsindən asılı deyil. Regional aktorların koordinasiyalı fəaliyyəti daha effektiv nəticə verə bilər.
Pakistanın təşəbbüsü ilə başlayan proses hələlik kövrək olsa da, düzgün idarə olunarsa, bu model gələcəkdə digər regional böhranların həlli üçün də nümunəyə çevrilə bilər.
Əgər ikinci raund danışıqlar baş tutarsa və atəşkəs uzadılarsa, bu, təkcə diplomatik uğur deyil, həm də qlobal təhlükəsizlik baxımından kritik dönüş nöqtəsi olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026