Mobil versiya
Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük
Tarix: 17-04-2026 | Saat: 17:54
Bölmə:Manşet / Dünya | çapa göndər

Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük

Livanın “əl-Əxbar” qəzetinin yaydığı məlumata görə, ABŞ administrasiyası Qəzza zolağının yenidən qurulması üçün nəzərdə tutulan 17 milyard dollarlıq maliyyə paketini İsrail tərəfinə ötürüb. Qəzet bildirir ki, bu proses ABŞ və İsrailin İrana qarşı 28 fevralda başladığı əməliyyatlar fonunda həyata keçirilib.

Əgər Livanın “əl-Əxbar” qəzetinin yaydığı məlumatlar doğrudursa, onda söhbət sadəcə növbəti siyasi qalmaqaldan getmir. Bu, bütöv bir beynəlxalq riyakarlıq sisteminin ifşasıdır. Dünyanın gözü qarşısında viran qoyulmuş Qəzza üçün ayrıldığı deyilən milyardlar, yenə həmin faciənin əsas hərbi-siyasi tərəflərindən birinə yönləndirilibsə, bunun adı diplomatiya deyil, açıq siyasi əxlaqsızlıqdır.

Bir tərəfdən “humanitar yardım”, “yenidənqurma”, “sülh prosesi” kimi parlaq sözlər səsləndirilir, o biri tərəfdən isə həmin sözlərin arxasında xalqlara qarşı qurulan soyuq mexanizm işləyir. 350 min ailəyə yardım vədi verilir, 500 dollarlıq ödənişlərdən danışılır, 20 min ev planlaşdırılır, amma nəticədə nə pul görünür, nə ev, nə də real iradə. Deməli, ortada ya başdan-ayağa yalan var, ya da insan faciəsindən siyasi alver üçün istifadə edən sistem.

Ən ağrılı məqam budur, Qəzza üçün danışanlar çoxdur, amma Qəzza üçün qərar verənlər tamam başqalarıdır. Fələstinli texnokrat komitəyə “pul qurtarıb” deyilir, amma eyni vaxtda milyardların başqa istiqamətə axıdıldığı iddia olunur. Bu, təkcə maliyyə məsuliyyətsizliyi deyil. Bu, məzlum bir toplumun ümidinin masada alınıb satılmasıdır.

Daha da biabırçı olan budur ki, Fələstin tərəfinə yalnız idarəetmə yox, hətta danışmaq haqqı belə çox görülür. Siyasi fəaliyyət göstərmə, humanitar mövzuda fikir bildirmə, icra işlərini dayandır, bunlar müstəqil tərəfdaşla danışığın dili deyil. Bu, bir xalqı öz torpağında susdurmaq, iradəsini isə formal komitələr və xarici nümayəndələr vasitəsilə nəzarətdə saxlamaq siyasətidir.

Belə görünür ki, Qəzzanın taleyi ilə bağlı ən böyük problem təkcə müharibə deyil. Daha böyük problem onun ağrısının beynəlxalq platformalarda büdcə maddəsinə, geosiyasi sövdələşməyə və PR materialına çevrilməsidir. Dağıdılmış evlərin yerində hesabat yazmaq, yetim qalmış uşaqların taleyi üzərindən siyasi balans qurmaq, sonra da buna “sülh təşəbbüsü” adı vermək müasir dünyanın ən qaranlıq riyakarlığıdır.

Əgər bu iddialar təsdiqini tapsa, onda sual çox sadə olacaq, Qəzza üçün toplanan pullar hara getdi? Kim qərar verdi? Kim susdu? Kim bu susqunluğu satın aldı? Və ən əsası, dünyanın vicdanı nə vaxtdan belə ucuz satılır?

Bu məsələ artıq təkcə Fələstinin yox, insanlıq adına danışan hər kəsin sınağıdır. Çünki Qəzzada yalnız binalar yox, beynəlxalq sistemin mənəvi dayaqları da uçur. Orada yalnız şəhər deyil, ədalət anlayışı da dağıdılır.

Arzuman Loğmanoğlu,
Sozcu.info



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026