Mobil versiya
Bakı-Kiyev əməkdaşlığı ortaq maraqlar platforması kimi formalaşıb
Tarix: 27-04-2026 | Saat: 14:41
Bölmə:Siyasət | çapa göndər

Bakı-Kiyev əməkdaşlığı ortaq maraqlar platforması kimi formalaşıb

Dünya siyasətində dəyişən güc balansı fonunda regional tərəfdaşlıqların rolu daha da artır. Bu baxımdan Azərbaycan - Ukrayna münasibətləri də bu gün diplomatik çərçivədən çıxaraq daha geniş geosiyasi məna kəsb edir. Aprelin 25-də Ukrayna liderinin ölkəmizə səfəri çərçivəsində cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında verilən mesajlar sübut etdi ki, Azərbaycan və Ukrayna münasibətləri ortaq maraqlara əsaslanan strateji əməkdaşlıq modelinə çevrilməkdədir.

Bu modelin əsas xüsusiyyəti onun davamlı siyasi dialoq üzərində qurulmasıdır. Dövlət başçıları arasında son dörd ildə baş tutmuş yeddi görüş siyasi əlaqələrin intensivliyini göstərən mühüm indikator kimi çıxış edir. Bu dinamika onu göstərir ki, tərəflər münasibətləri situativ deyil, uzunmüddətli strateji baxışla inkişaf etdirirlər. Bu kontekstdə Prezident İlham Əliyevin şəxsi münasibətlərin 2019-cu ildən uğurla inkişaf etdiyini vurğulaması lider diplomatiyasının ikitərəfli gündəmdə rolunu açıq nümayiş etdirir.

Bu gün geosiyasətdə etibarlı tərəfdaşlıq yalnız bəyanatlarla formalaşmır, o, ortaq prinsip və dəyərlərlə möhkəmlənir. Azərbaycan-Ukrayna münasibətlərində bu əsas uzun illər əvvəl formalaşıb. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlərdə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi sadəcə siyasi mövqe deyil, münasibətlərin fəlsəfəsidir. Bu yanaşma iki ölkənin beynəlxalq hüquqa söykənən ortaq siyasi davranış modelini ortaya qoyur.

Prezident İlham Əliyevin bu prinsipləri yenidən gündəmə gətirməsi bir daha göstərdi ki, Azərbaycan xarici siyasətdə prinsipiallığı praqmatik maraqlarla uzlaşdırmağı bacaran dövlətdir. Bu mövqe Ukrayna ilə əlaqələrin də etibarlı siyasi dayaqlar üzərində inkişaf etməsini təmin edir.

Səfərin diqqətçəkən tərəflərindən biri də əməkdaşlığın yalnız siyasi müstəvidə qalmamasıdır. Məsələn, energetika sahəsində müzakirələr bu tərəfdaşlığın geoiqtisadi ölçülərini önə çıxardı. SOCAR-ın Ukraynadakı fəaliyyəti enerji əməkdaşlığının uğurlu modeli kimi çıxış edir. Lakin məsələ yalnız mövcud iştirakla məhdudlaşmır. Birgə layihələr, investisiya imkanları və yeni təşəbbüslər onu göstərir ki, Azərbaycan və Ukrayna enerji sahəsində daha geniş inteqrasiya imkanlarını dəyərləndirməyə hazırdır.

Həmçinin ticarət dövriyyəsinin artması da münasibətlərin iqtisadi bazasının gücləndiyini təsdiqləyir. Yarım milyard dolları ötən göstərici potensialın yalnız başlanğıcı kimi görünür. Əsas məqam odur ki, tərəflər bu göstəricini yekun nəticə deyil, yeni artım mərhələsinə keçid kimi dəyərləndirirlər. Bu isə siyasi iradənin iqtisadi transformasiya yaratmaq gücünü göstərir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026