Mobil versiya
İrandan qonşu ölkələrə hədələrlə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Tarix: 28-06-2026 | Saat: 22:01
Bölmə:Dünya | çapa göndər

İrandan qonşu ölkələrə hədələrlə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI


ABŞ region xaricindən İrana hücum edəcəyi təqdirdə, Tehran bölgə ölkələrini hədəfə alacaq.

Bunu İranın sabiq dini lideri Əli Xameneinin keçmiş yüksək səviyyəli müşaviri, diplomat Məhəmməd Cavad Laricani bildirib.

Laricani İran dövlət televiziyasına müsahibəsində deyib ki, İranın qonşu ölkələrlə “heç bir problemi yoxdur”, lakin o, ABŞ-nin region xaricindən həyata keçirəcəyi istənilən hücumun bölgə dövlətlərinə qarşı cavab zərbələrinə səbəb olacağını bildirib.Məhəmməd Cavad Laricani əlavə edib ki, “əgər bölgə ölkələri təhlükəsizlik istəsələr, İran onlara kömək edəcək”.

Eyni məzmunlu təhdidlər əvvəlki aylarda da olub. ABŞ və ya İsraildən zərbələr endirilən kimi, İrandan qonşu ölkələrə qarşı təhdidlər yağdırılır. Sanki hansısa qüvvələr İranın bölgədə təklənməsi üçün dəridən-qabıqdan çıxır. Radikal bəyanatlar Körfəz ölkələri, o cümlədən savaşa heç bir aidiyyəti olmayan dövlətlərə qarşı hücumlarla da müşayiət olunur.

Bu günlərdə İrandan Azərbaycana yönəlik hədələr də davam edir. Hətta İran parlamentinin sədrinin Azərbaycanda isti mesajlar verməsindən sonra da təhdidlər dayanmaq bilmir.

İranda qonşu ölkələrlə münasibətləri gərginləşdirmək istəyənlərin məqsədi nədir?Politoloq Toğrul İsmayıl bu barədə Musavat.com-a açıqlamasında bildirib:

“Laricaninin son açıqlamaları növbəti dəfə göstərdi ki, Yaxın Şərqdə və onunla həmsərhəd regionlarda geosiyasi qarşıdurma yalnız hərbi vasitələrlə deyil, siyasi ritorika və strateji mesajlaşma üzərindən də davam edir. ABŞ-nin region xaricindən İrana mümkün zərbə endirəcəyi təqdirdə, Tehran tərəfindən region ölkələrinin hədəfə alına biləcəyi barədə səsləndirilən fikirlər ilk baxışda sərt təhdid təsiri bağışlasa da, əslində İranın uzun illərdir tətbiq etdiyi çəkindirmə siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. İran anlayır ki, ABŞ ilə birbaşa hərbi qarşıdurmada klassik hərbi üstünlük əldə etmək imkanları məhduddur. Buna görə də Tehran mümkün münaqişənin coğrafiyasını genişləndirə biləcəyini nümayiş etdirməklə Vaşinqtonun qərar qəbul etmə prosesinə təsir göstərməyə çalışır. Başqa sözlə, İran qarşı tərəfə çatdırmaq istəyir ki, müharibə yalnız iki dövlət arasında qalmayacaq, onun siyasi, iqtisadi və təhlükəsizlik nəticələri bütün regionu əhatə edə bilər. Bu isə klassik hərbi strategiyadan daha çox siyasi-psixoloji təsir mexanizmidir”.

T.İsmayıl vurğulayıb ki, bu kontekstdə Azərbaycanın adının müxtəlif İran rəsmilərinin açıqlamalarında dolayısı ilə hallandırılması təsadüfi deyil:

“Cənubi Qafqaz son illərdə ciddi geosiyasi transformasiya yaşayır. Azərbaycanın regional gücə çevrilməsi, Türkiyə ilə müttəfiqlik münasibətlərinin daha da dərinləşməsi, İsraillə müdafiə və texnologiya sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyində artan rolu Tehranda diqqətlə izlənilir. İran bu dəyişiklikləri bəzən öz milli təhlükəsizliyi prizmasından qiymətləndirir və siyasi ritorikasını da buna uyğun qurur. Lakin bu bəyanatları Azərbaycanın birbaşa hədəfə çevrilməsi kimi şərh etmək düzgün olmazdı. İranın əsas mesajı Bakıya deyil, Vaşinqtona ünvanlanır. Məqsəd region dövlətlərinə göstərməkdir ki, onların ərazilərinin mümkün hərbi əməliyyatlarda istifadə olunması təhlükəsizlik risklərini artıracaq. Bu isə faktiki olaraq ABŞ-nin regional hərbi-siyasi imkanlarını məhdudlaşdırmağa hesablanmış strateji kommunikasiya modelidir”.

Politoloq bildirib ki, digər tərəfdən, İran region ölkələrinə eyni vaxtda iki fərqli mesaj göndərir:

“Bir tərəfdən “bizim qonşularla problemimiz yoxdur” deyir, digər tərəfdən isə “ABŞ ilə əməkdaşlıq etsəniz, bunun nəticələri ola bilər” xəbərdarlığını edir. Bu ziddiyyət ilk baxışda paradoks kimi görünsə də, əslində İran diplomatiyasının uzun illərdir istifadə etdiyi təzyiq və çəkindirmə metodudur. Beləliklə, Tehran hərbi əməliyyata başlamadan belə, siyasi təsir imkanlarını artırmağa çalışır”.Toğrul İsmayıl Azərbaycanın tamamilə fərqli strateji xətt yürütdüyünü xüsusilə qeyd edib:

“Rəsmi Bakı xarici siyasətdə balanslaşdırılmış yanaşmanı qorumağa çalışır, regionun qarşıdurma meydanına çevrilməsində maraqlı olmadığını dəfələrlə nümayiş etdirib. Azərbaycanın prioriteti nəqliyyat dəhlizlərinin təhlükəsizliyi, enerji ixracının davamlılığı və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsidir. Məhz buna görə də ölkənin hansısa regional qarşıdurmanın iştirakçısı kimi təqdim olunması nə Azərbaycanın xarici siyasət kursuna, nə də regional reallıqlara uyğun gəlir”.

Analitikin sözlərinə əsasən, bununla yanaşı, İranın son bəyanatları onu da göstərir ki, Yaxın Şərqdə baş verən hadisələrin Cənubi Qafqazdan ayrı düşünülməsi artıq mümkün deyil:

“Bu gün Qafqaz, Yaxın Şərq, Xəzər hövzəsi və Şərqi Aralıq dənizi vahid geosiyasi təhlükəsizlik məkanının elementlərinə çevrilib. Bir istiqamətdə artan gərginlik digər regionlarda da siyasi və təhlükəsizlik təsirləri yaradır. Məhz buna görə də Azərbaycan qarşıdakı dövrdə həm diplomatik fəallığını, həm də milli təhlükəsizlik baxımından çevik siyasətini davam etdirməlidir.

Nəticə etibarilə, Laricaninin bəyanatını birbaşa hərbi təhdiddən daha çox İranın regional güc balansına təsir göstərmək məqsədi daşıyan geosiyasi mesajı kimi qiymətləndirmək daha doğru olardı. Bununla belə, bu cür açıqlamalar regionda etimadı artırmır, əksinə, təhlükəsizlik mühitini daha da həssaslaşdırır. Mövcud şəraitdə Cənubi Qafqazın sabitliyi yalnız regional dövlətlərin məsuliyyətli davranışından deyil, həm də qlobal güclərin rəqabəti hansı həddə qədər aparacaqlarından asılı olacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2026