Mobil versiya
Şair pasportu ilə gəzən "şairciklər", yaxud sənətdə makulatura dövrü Şəmsi QOCA yazır
Tarix: 08-07-2026 | Saat: 12:52
Bölmə:Karusel / Manşet / Özəl / Yazar5 | çapa göndər

Şair pasportu ilə gəzən "şairciklər", yaxud sənətdə makulatura dövrü

Müasir Azərbaycan ədəbi mühiti, təəssüf ki, sənətin daxili tərəzisindən çox, xarici parıltıların, kəmiyyətin və inzibati iddiaların hökm sürdüyü xaotik bir mərhələni yaşayır. Bu gün ədəbiyyatımızda baş qaldıran mənfi tendensiyalar sadəcə zövqsüzlük problemi deyil, sözün müqəddəsliyinə və sənət meyarlarına qarşı yönəlmiş sistemli bir aşınmadır. Bu böhranı bir neçə fundamental nöqtədən tənqidi şəkildə təhlil etmək olar.

İlk növbədə, sənətin ən böyük bəlası — meyarsızlıq və institusional deqradasiyadır. Vaxtilə ədəbi prosesin tənzimləyicisi, keyfiyyət süzgəci rolunu oynayan rəsmi ədəbi qurumlar, Yazıçılar Birliyi və digər birliklər bu gün sənət meyarı olmaq funksiyasını itirib. Yaradıcılıq vəsiqələrinin, titulların və mükafatların hansı prinsiplərlə paylandığı, o qapılardan kimlərin maneəsiz keçdiyi hər kəsə məlumdur. Nəticədə, cibinə vəsiqə qoyan hər orta səviyyəli imza sahibi elə zənn edir ki, ədəbiyyatın idarəçiliyi və sənətin monopoliyası onun əlindədir. Bu tipajlar öz bədii acizliyini və "makulatura" səviyyəli yazılarını rəsmi statusların arxasında gizlədərək sənət müfəttişi cildinə girirlər. Onlar statusu hamının gözünə soxmaqla səs-küy salır, əsl, səmimi və iddiasız istedadları isə kölgədə qalmağa, sükuta çəkilməyə məhkum edirlər.

Ədəbiyyat hər zaman iki böyük qüvvənin — həqiqi istedadla iddialı sıradanlığın gizli və ya aşkar savaşına səhnə olub. Yaradıcılıq texnikasını az-çox mənimsəyib, bunu böyük sənət hadisəsi kimi sırımağa çalışanların ən böyük silahı isə çox vaxt bədii təfəkkür yox, məhz ictimai həyasızlıq və iddialılıq olur. Sənətin ucalığını vəsiqələrdə, rəsmi statuslarda axtaran və bu statusları özünə qalxan edərək başqalarına yuxarıdan aşağı baxan tipajlar, əslində, bədii cəhətdən "makulatura" istehsalçısı olduqlarını ört-bastır etməyə çalışırlar. Sənət mühitində İbəzi "şairlərin" və digər şairciklərin yaratdığı bu mənzərə, əslində, mənəvi aşınmanın və zövqsüzlüyün ən pik nöqtəsidir.

İkinci böyük fəlakət — poetik tapıntının yoxluğu və şablonçuluğun tüğyan etməsidir. Şairlik sonradan qazanılan bir peşə, rezyume göstəricisi, yaş senzi ilə gələn bir imtiyaz, təqaüd hüququ və ya həyatın adi məişət travmalarından doğan təsadüfi bir məşğuliyyət deyil. O, bir ilahi vergi, anadan gəlmə ruh halıdır. İnsan doğulanda qəlbinə o sənət toxumu səpilməyibsə, sonradan hansı texnikanı öyrənirsə öyrənsin, hansı dərnəyin qapısını döyürsə döysün, ortaya qoyacağı tək şey ritmik bəyanatdan, quru söz yığınından başqa bir şey olmayacaq.



Ömrünün əlli ilini kağız-qələmdən uzaq, sözün sehrindən xəbərsiz yaşayıb, otuz-qırx il toylarda tamadalıq edəndən sonra birdən-birə şairə çevrilməyin, qocalıq astanasında tribunaya qaçmağın hansı elmi düsturu var axı? Bu sənət sevgisi deyil, sadəcə olaraq gecikmiş şöhrət hərisliyi və daxili tənhalığın yaratdığı aqressiv diqqət çəkmək cəhdidir. İnsan anlaya bilmir, əri, yaxud arvadı öləndən sonra əlinə qələm götürüb şairlik, yaxud müğənnilik eləmək nə deməkdir? Doğrudanmı ərin, yaxud arvadın ölümündən ilham almaq olar? Bu acı itkini, ailə daxili inciklikləri və boşanmaları "ilham mənbəyi" kimi qələmə verib millətə sırımağın adı sənət yox, şəxsi dambaları sökülmüş eybəcər bir eqonun nümayişidir. Biz klassiklərdən, böyük ustadlardan görmüşdük ki, insanı şair edən bəşəri bir eşq, canı yandıran müqəddəs bir həsrət, sümüyə işləyən bir vətən dərdi olar.

Bu gün ədəbiyyatı bürüyən "şairciklər" ordusu köhnə şairlərin min il əvvəl tükətdiyi təşbehləri, "gül-bülbül", "ay-ulduz", "hicran-həsrət" qəliblərini götürüb heca vəzninin texniki elementləri ilə alt-alta düzürlər. Texniki cəhətdən şeirə bənzəyən bu mətnlərdə novator bir misra, orijinal bir fəlsəfi fikir, oxucunun ruhunu sarsıdacaq təzə bir nəfəs yoxdur. Orijinal şeirlə bu cür qondarma mətni yan-yana qoyanda aradakı o uçurumu, o dağlar qədər fərqi duymamaq üçün gərək insanın daxili eşitmə qabiliyyəti tamamilə korşalmış olsun.

Nəhayət, rəqəmsal manipulyasiya və sənətin ticarətləşməsi mənfi tendensiyaların ən müasir formasıdır. Bu gün sosial şəbəkələr məhz virtual dahi olmaq istəyənlərin əlindən sözün əsl mənasında partlayır və ədəbi filtrasiyanı tamamilə məhv edir. Hər kəsin özünə bir səhifə açıb altına "şair" titulu yazdığı bu dövrdə kitab çap etmək, auditoriya toplamaq üçün artıq bədii şura təsdiqi yox, sadəcə maddi imkan və virtual həyasızlıq lazımdır. İndi həmin o həyasızlıq yeni bir mərhələyə qədəm qoyub; bəzi imzalar təkcə öz zəif, şablon sözləri ilə kifayətlənmirlər, onlar texnologiyanın, süni intellektin və rəqəmsal imkanlardan bir hiyləgərlik aləti kimi istifadə edirlər. Öz zəif, ruhsuz, makulaturadan betər mətnlərini götürüb, süni intellekt proqramlarında bəstələnmiş əzəmətli, duyğusal musiqilərinin üzərinə yamaq edirlər. Arxada möhtəşəm bir simfonik fon və ya yanıqlı bir instrumental musiqi səslənir, öndə isə heç bir bədii çəkisi olmayan, ruhsuz bir mətn oxunur. Və bu sintezi "böyük sənət nümunəsi" kimi sosial şəbəkə kütləsinə təqdim edirlər. Savadsız və zövqü formalaşmamış, bədii mütaliədən uzaq düşmüş kütlə isə arxadakı o musiqinin yaratdığı emosional təsirə aldanaraq elə bilir ki, qarşısındakı həqiqətən də dahi bir şairdir. Bu, açıq-aşkar intellektual fırıldaqçılıqdır. Musiqinin gücü ilə sözün cılızlığını gizlətməyə çalışan bu həyasızlıq sənəti bəzəyib bazara çıxarmaqdan başqa bir şey değil. Lakin saxta parıltı heç vaxt qızılın yerini vermədiyi kimi, bəzəkli musiqilər də o quru misralara əbədiyyət qazandıra bilməyəcək.

Bütün bu proseslərin fonunda peşəkar ədəbi tənqid də öz funksiyasını yerinə yetirə bilmir; tənqid ya şəxsi münasibətlərin kölgəsində "tərifnamə"lərə çevrilir, ya da ümumiyyətlə susur. Lakin ədəbiyyatın və zamanın öz amansız məhkəməsi var. Musiqi effektləri ilə bəzədilmiş quru misralar, vəsiqələrlə qorunan saxta şöhrətlər və texnika xatirinə yazılmış makulatura səs-küyü dindiyi an tarixin zibil qutusuna qərq olacaq. Çünki sənətdə həyasızlıq keçici, yalnız həqiqi, səmimi və səs-küysüz yaranan Söz əbədidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2026