Mobil versiya
Xalqın Prezident İlham Əliyevə yüksək etimadı qarşılıqlı inamın nəticəsidir - Azər Kərimli
Tarix: 08-07-2026 | Saat: 13:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xalqın Prezident İlham Əliyevə yüksək etimadı qarşılıqlı inamın nəticəsidir

Müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda dövlətlərin gücü təkcə iqtisadi göstəricilərlə və ya hərbi potensialla ölçülmür. Dövlətin dayanıqlılığını müəyyən edən əsas amillərdən biri hakimiyyətlə xalq arasında mövcud olan etimadlı münasibətlərdir. Azərbaycanda aparılan son ictimai rəy sorğularının nəticələri də bu baxımdan diqqətəlayiq siyasi və sosial mənzərə ortaya qoyur. Sorğu iştirakçılarının 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlətimizin başçısının fəaliyyətini müsbət qiymətləndirməsi və 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi ölkədə formalaşmış ictimai-siyasi konsensusun, milli həmrəyliyin və dövlətçilik ideyalarına sədaqətin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, bu rəqəmlər hər hansı siyasi kampaniyanın və ya qısamüddətli proseslərin nəticəsi deyil. Onlar son iyirmi ildən artıq dövrdə həyata keçirilən məqsədyönlü siyasətin, əldə olunan strateji uğurların və xalqın gündəlik həyatında hiss etdiyi real dəyişikliklərin məntiqi yekunudur.

“Prezident İlham Əliyevin fəaliyyətinin əsas fərqləndirici cəhəti milli maraqları bütün siyasi və geosiyasi hesablamaların fövqündə tutmasıdır. Məhz bu prinsip Azərbaycan dövlətinin inkişaf strategiyasının ideoloji və siyasi əsasını təşkil edir. Dövlətimizin başçısının qəbul etdiyi bütün qərarların mərkəzində hər zaman Azərbaycanın milli maraqları, dövlət müstəqilliyinin qorunması və xalqın rifahı dayanıb və bu siyasət yalnız Azərbaycan xalqının iradəsi və dövlət maraqları əsasında formalaşdırılıb.

Dövlətimizin başçısının ən böyük siyasi üstünlüklərindən biri xalqla hakimiyyət arasında qarşılıqlı etimada əsaslanan münasibətlər sistemini formalaşdırmasıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, onun əsas dayağı Azərbaycan xalqıdır. Məhz buna görə də ölkədə həyata keçirilən siyasi kursun legitimlik mənbəyi xalqın iradəsi, gücü və dəstəyidir. Xalqın dövlətimizin başçısına göstərdiyi yüksək etimad da, ilk növbədə, bu qarşılıqlı inamın nəticəsi kimi qiymətləndirilməlidir”, - deyə A.Kərimli deyib.

Deputat əlavə edib ki, Prezidentə etimadın formalaşmasında lider amili xüsusi əhəmiyyət daşıyır. Son illərdə dünya siyasətində baş verən hadisələr göstərdi ki, mürəkkəb geosiyasi şəraitdə dövlətlərin taleyini çox vaxt liderlərin siyasi iradəsi, strateji baxışı və milli maraqları müdafiə etmək bacarığı müəyyən edir. Prezident İlham Əliyev qətiyyətli qərarları, prinsipial mövqeyi, çevik diplomatik fəaliyyəti və uzaq hədəflərə hesablanmış strateji düşüncəsi ilə güclü lider modelini formalaşdırıb. Bu gün onun nüfuzu təkcə Azərbaycan daxilində deyil, beynəlxalq siyasi dairələrdə də qəbul olunan mühüm siyasi reallıqlardan biridir.

“Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, regionun əsas siyasi və iqtisadi aktoru kimi qəbul olunur. Ölkəmiz beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və qlobal proseslərə təsir imkanlarına malik dövlət statusu qazanıb. Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzu, strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi və qlobal təşəbbüslərdə fəal iştirakı həyata keçirilən xarici siyasət kursunun uğurunu təsdiqləyir.

Şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin zirvə nöqtəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının əsrlər boyu yaddaşında yaşayacaq möhtəşəm hadisədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan qurtararaq tarixi ədalət bərpa etdi və yeni inkişaf mərhələsinə qədəm qoydu. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu tarixi nailiyyət xalqla lider arasında mövcud olan etimadı daha da möhkəmləndirdi”, - deyə o vurğulayıb.

A.Kərimli əlavə edib ki, müasir dünyada müharibələrin, siyasi qarşıdurmaların, iqtisadi böhranların və təhlükəsizlik təhdidlərinin artdığı bir şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və ictimai həmrəyliyin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınır.

Bu gün Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider amilinin vəhdəti üzərində qurulmuş yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevə göstərilən yüksək etimad məhz bu vəhdətin, əldə olunan uğurların və gələcəyə inamın ən mühüm göstəricisidir. Azərbaycanın qarşıdakı dövrdə də milli maraqlara əsaslanan inkişaf yolunu davam etdirəcəyinə dair ictimai əminliyin əsasında məhz bu etimad dayanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2026