Mobil versiya
DAŞ ÜRƏKLƏRİN TƏHSİL SAVAŞI: GORANBOYDA BİR ANANIN QANUNLA İMTAHANI
Tarix: 16-07-2026 | Saat: 14:57
Bölmə:Karusel / Özəl / Təhsil / Yazar8 | çapa göndər

DAŞ ÜRƏKLƏRİN TƏHSİL SAVAŞI:

Azərbaycanda təhsil islahatlarından, rəqəmsallaşmadan və müasir kurikulumlardan danışanda adamın gözü önünə olduqca bərəkətli, nurlu bir gələcək mənzərəsi gəlir. Amma Goranboyun Qaraçinar kəndinə boylananda reallığın heç də belə olmadığını, burada hələ də orta əsrlərin feodal təfəkkürünün hökm sürdüyünü görürsən. Burada bütöv bir regional təhsil aparatı tək bir qadına, iki uşağını təkbaşına böyüdən fədakar bir anaya qarşı qəddarlıq dərsi keçir. Tanış olun, Minarə müəllimə. Kəlbəcərin o dumanlı, uca dağlarından qaçqın düşəndə cəmi 14 yaşı vardı. İndi isə o, taleyin daha amansız bir sınağı ilə – məmur soyuqqanlılığı və qərəzi ilə üz-üzədir. İki uşağı təkbaşına saxlayır, onlardan biri birinci dərəcəli əlildir. Yəni hər ay dövlətin "qayğı qanunları" kağız üzərində bu qadını və onun fədakar ana qəlbini qorumalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi də elə bunu deyir: "Öhdəsində əlil uşağı olan ananı işdən çıxarmaq olmaz!" Amma bizim yerli təhsil "dahiləri" üçün qanun nədir ki? Sadəcə bir parça kağız!

Hər şey məktəbin sabiq direktoru Cavanşir müəllimin Minarə xanımı sertifikatlaşdırma bəhanəsi ilə işdən çıxarmasından başladı. Lakin dövlətin ədalət tərəzisi Goranboy Rayon Məhkəməsində hakim Taleh Mustafayevin simasında öz sözünü dedi: qərar qanunsuz hesab edildi, ləğv olundu və müəllimə işinə bərpa edildi. Amma sən demə, bizim təhsil sistemində haqqını tələb etmək, məhkəmə yolu ilə qalib gəlmək ən böyük "günah" imiş! Sistem dərhal intiqam maşınını işə saldı. Direktor postuna kim gəldisə – gah Cavanşir, gah müvəqqəti icraçı Rəmzi İbrahimov – hamısının bircə missiyası oldu: Minarə müəlliməyə qarşı "hüquqi baza" (əslində isə qanunsuz bəhanələr) hazırlamaq. Öncə uydurma gecikmələr, sinif jurnalında düzəliş bəhanələri ilə "şiddətli töhmət" ssenarisi cızıldı. Hətta iş o yerə çatdı ki, müəlliməyə töhmət vermək üçün çağırılan Pedaqoji Şuranın iclasına məktəbin xadimələrini, gözətçilərini də yığdılar. Və bircə səhv etdilər ki, ətrafda qoyun-quzu otaran çobanları Pedaqoji Şuraya dəvət etmədilər!

Bir sözlə, pedaqogika tarixində yeni mərhələ! Amma məhkəmə bu ssenarini də darmadağın etdi, izahatsız, vaxtı keçmiş və qeyri-pedaqoji tərkiblə verilən o töhmət əmrini də zibil qutusuna atdı.

Adamın inanmağı gəlmir ki, ölkənin ikinci böyük bölgəsinin təhsilinə rəhbərlik edən bir şəxsin sinəsində döyünən ürək yox, soyuq qranit parçası imiş. Söhbət Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovdan gedir. Regional idarədəki korrupsiya şayiələri, maliyyə yeyintiləri haqqında yazılanlar dünyanı başına götürüb, amma Elçin müəllim öz zir-zibilini təmizləmək, rüşvət iddialarına aydınlıq gətirmək əıvəzinə, bütün gücünü Goranboyda təkbaşına iki uşaq böyüdən bir anaya göstərir. Onun bircə dərdi var: "Necə olur ki, bir müəllimə mənim idarəmin qərarına qarşı çıxıb məhkəmədə qalib gəlir?!" Bu, məmur ambisiyasına, "paşa" qüruruna vurulan ən böyük zərbədir axı! Yaxşı, bəs bu Elçin Kərimov bu cəsarəti haradan alır ki, məhkəmə qərarlarını belə ayaq altına atmaqdan çəkinmir? Pərdəni bir az da qaldıraq və mənzərəni tam görək. Onun arxasında dayanan dağ – Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru Elnur Əliyevdir! Təsadüfə baxın, həm də Elçin Kərimovun əziz həmyerlisi! Bax belə, yerlibazlıq təəssübkeşliyi bu qədər aşkar şəkildə bu gün Azərbaycan təhsilinin elmi-metodik mərkəzi ilə regional idarəsini eyni nöqtədə birləşdirir: bir müəlliməni necə məhv etməli? Təhsil İnstitutu müəllimlərin peşəkar inkişafı üçün metodologiya hazırlamalı olduğu halda, görünür, həm də "arzuolunmaz müəllimləri sıxışdırıb çıxarmaq" metodologiyası üzərində "elmi tədqiqatlar" aparır.



Və nəhayət, oyunun son pərdəsi. Əlimizdə rəsmi möhürlü, imzalı sübut var. Tarix: 29 iyun 2026-cı il. Goranboyun Qaraçinar kənd məktəbinin müvəqqəti "padşahı" Rəmzi İbrahimov qələmi mürəkkəbə yox, birbaşa nifrətə və intiqama batıraraq növbəti xitam fərmanını (Əmr № 49) imzalayıb. Əmrin əsaslandırılmasına baxın: "23 iyun 2026-cı il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün..." Sistemin dərdi aydındır: sınağa çəkib kəsmək istədikləri müəllimə bu süni, qərəzli oyuna getməyib, onlar isə bunu dərhal "bəhanə" edərək qovulma kağızını hazırlayıblar. Amma unudublar ki, imtahanda iştirak etməmək belə, öhdəsində əlil uşağı olan ananı qoruyan Əmək Məcəlləsinin 79-cu maddəsinin imperativ qadağasını, o polad zirehi dələ bilməz! Əmrin altındakı imzanın sahibinə baxın: direktor vəzifəsini müvəqqəti icra edən R. İbrahimov. Adam direktor deyil, rəhbər deyil, sadəcə "müvəqqəti" bir piyadadır. Amma imzaladığı qanunsuzluğun miqyası əbədidir. Yəqin rəhbərlik Rəmzi müəllimə deyib ki: "Sən bu əmri imzala, qara işi sən gör, biz sənə arxa duracağıq". Rəmzi müəllim də sevinə-sevinə qol çəkib. Bilmir ki, sabah yenidən məhkəmə qapılarına düşəndə o regional idarənin müdiri Elçin Kərimov da, onun ARTİ-dəki həmyerlisi (hər ikisi Oğuz rayonundandır) Elnur Əliyev də kənara çəkilib deyəcəklər: "Biz neyləmişik? Əmri icraçı Rəmzi imzalayıb, gedin ondan soruşun".

Burada haşiyə çıxaraq bildirirəm ki, adlarını hüquqşünas qoyan bu “alimlər” hələ də bilmir ki, əmrin adı belə səhvdir. Niyəsini deyim. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə görə yalnız iki halda əmək müqaviləsinə xitam verilə bilər: 1. İşçi vəfat etdikdə, 2. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə. Qalan bütün hallarda əmək müqaviləsi ləğv edilir.

Amma sən demə, bu adamların fantaziyası və qanunsuzluq iştahı sərhəd tanımır. İndi də Minarə müəlliməyə qarşı yeni, tamamilə gülünc bir "cəbhə" açıblar: onun məzuniyyət hüququnun tapdalanması. Təsəvvür edin, hər il sentyabrda dərslərə girən, jurnalları vaxtlı-vaxtında yazan müəllimənin qanuni yay məzuniyyətini bunlar dörd divar arasında fevral ayına hesablayıblar! Pedaqogika və əmək hüququ tarixində görünməmiş bir kəşf! Bütün ölkədə müəllimlər yay tətilində məzuniyyətə çıxdığı halda, Goranboyda dərslərin ən qızğın vaxtı olan fevral ayını müəlliməyə məzuniyyət dövrü kimi sırımaq hansı qanunun, hansı məntiqin məhsuludur? Məqsəd bəllidir: sənəd üzərində saxtakarlıq edərək növbəti bir "vəzifə pozuntusu" uydurmaq və qadının halalca məzuniyyət pullarını kəsmək. Amma Minarə müəllimə bu qanunsuzluqların qarşısında susmayıb rəsmi əmrin surətini və digər sənədləri tələb edəndə, yerli rəhbərliyin canına necə vəlvələ düşdüyünü görmək lazımdır. Müvəqqəti icraçı Rəmzi İbrahimov təşviş içində: "Minarə sənəd istəyir!" – deyib qorxusundan Gəncəyə qaçır. Gəncədən isə tələm-tələsik Goranboyun təhsil sektorunun müdiri Vüsal Cəfərov gəlir. Gecə-gündüz yollarda qalan bu məmurlar öz qanunsuz əməllərinin məhkəmə salonlarında necə asanlıqla ifşa olunacağını bildiklərindən tir-tir əsirlər. İndi isə çarəsizlikdən məktəb daxilində Minarə müəlliməyə qarşı hansısa "dəstələr" təşkil etməyə, kollektivi onun üstünə salmağa çalışırlar. "Minarənin topu var, tüfəngi var, kimə nə eləyib?" – deyə soruşur ana. Bəli, onun nə topu var, nə tüfəngi. Onun yeganə silahı qanundur, əlindəki rəsmi sübutlardır və təmiz ləyaqətidir!

Uşaqlara sevgidən, mərhəmətdən, ləyaqətdən dərs keçməli olan təhsil şöbəsinin zirvəsində oturanların bircə amalı var: sındırmaq, əzmək və yox etmək. İki uşağı təkbaşına dolandıran bir ananın çörəyinə bais olmaqla, onun illik məzuniyyət hüququnu qəsb etməklə hansı böyük dövlət marağını qorudunuz, cənab Kərimov? Təhsil İnstitutunun hansı elmi metodologiyasını tətbiq etdiniz, cənab Əliyev? Bu qərar Minarə xanımın məğlubiyyəti yox, Gəncə-Daşkəsən təhsil rəhbərliyinin və onların havadarlarının hüquqi və mənəvi iflasının növbəti rəsmi sənədidir! Bu qadın 14 yaşından bəri didərginliyin, çətinliyin ən ağırını görüb və əyilməyib. Bu gün də əyilməyəcək. Bu qanunsuz kağız parçasının qarşısında o, öz ləyaqətli mübarizəsini məhkəmə salonlarında yenidən qazanacaq. Çünki bu ölkədə Elçin Kərimovun "daş qanunları" deyil, Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi keçərlidir. Tarix o daş ürəkli, yerlibaz məmurları deyil, öz balasının çörəyi və ləyaqəti üçün bütöv bir qanunsuz sistemə təkbaşına meydan oxuyan Minarə müəlliməni yazacaq!

P.S. Eheeey, ey kreslo sevdalıları, ey kabinet məmurları! İndi sizə səslənirəm: Bir qadına, iki yetimi təkbaşına çiyinlərində daşıyan fədakar bir anaya qarşı bu qədər total hücumla, bu qədər qəddarlıq və qəzəblə dünyaya nəyi sübut etmək istəyirsiniz? Sizin dövlət rəmzlərinin arxasında gizlənən "şəxsi ambisiyalarınız", qanundan üstün tutduğunuz "məmur qürurunuz" öhdəsində əlil uşağı olan bir ananın çörəyindən daha mühümdürmü? Bütöv bir ordunu tək bir müəllimənin üstünə göndərməklə qazandığınız bu acınacaqlı "qələbə" sizin vicdanınızı necə rahatladır? Yoxsa siz elə bilirsiniz ki, bu ölkənin qanunları da sizin o daş ürəklərinizin diktəsi ilə yazılıb? Unutmayın ki, dövlətin ali qanunları və bu millətin sarsılmaz vicdanı sizin o kağız üzərində qurduğunuz imperiyadan daha ucadır!

Şəmsi Qoca,
müstəqil jurnalist




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2026