Mobil versiya
ABŞ-İran gərginliyində yeni vasitəçi axtarışı: Hindistan niyə ehtiyatlı davranır?
Tarix: 17-07-2026 | Saat: 20:54
Bölmə:Özəl | çapa göndər

ABŞ-İran gərginliyində yeni vasitəçi axtarışı: Hindistan niyə ehtiyatlı davranır?




ABŞ və İran arasında davam edən gərginlik fonunda yeni vasitəçilik təşəbbüslərinin mümkünlüyü müzakirə olunur. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, mövcud şəraitdə tərəflər arasında davamlı razılaşmanın əldə olunması olduqca çətin görünür.

Politoloqun fikrincə, tərəflər arasında daha əvvəl əldə olunduğu bildirilən 14 bəndlik memorandum uzunmüddətli nəticə vermədi. O hesab edir ki, bunun əsas səbəbi sənədin nə Vaşinqtonun, nə də Tehranın strateji maraqlarını tam şəkildə əhatə etməməsi və İran daxilində qərarların qəbulunda müxtəlif mövqelərin mövcud olmasıdır.

Elxan Şahinoğlu qeyd edir ki, İran rəhbərliyinin müxtəlif qanadlarının fərqli yanaşmaları gərginliyin azalmasını çətinləşdirir. Onun sözlərinə görə, siyasi rəhbərlik diplomatik həll yollarını gündəmdə saxlamağa çalışsa da, təhlükəsizlik strukturlarının sərt mövqeyi vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur.

Ekspert xatırladır ki, son aylarda Pakistan, Türkiyə və Oman ABŞ ilə İran arasında vasitəçilik təşəbbüsləri irəli sürsələr də, bu cəhdlər konkret nəticə verməyib. Bu səbəbdən yeni vasitəçi ölkənin ortaya çıxmasının da asan olmayacağını düşünür.

Politoloqun fikrincə, Hindistan hər iki ölkə ilə münasibətlərini qorusa da, münaqişədən birbaşa təsirləndiyi üçün vasitəçilik missiyasına qoşulmaqda maraqlı olmaya bilər. O bildirir ki, Hindistan enerji təminatının mühüm hissəsini İran və Körfəz regionundan əldə edir, bölgədə çalışan çoxsaylı Hindistan vətəndaşının təhlükəsizliyi də Yeni Dehli üçün prioritet məsələlərdən biridir.

Elxan Şahinoğlu əlavə edir ki, Hindistanın İranın Çabahar limanına yatırdığı böyük investisiyalar da münaqişədən zərər görən layihələr sırasındadır. Onun sözlərinə görə, bölgədə qeyri-sabitliyin davam etməsi bu limanın fəaliyyətinə və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərinə mənfi təsir göstərə bilər.

Ekspert hesab edir ki, Hindistanın son illərdə İsraillə strateji tərəfdaşlığını daha da gücləndirməsi də Tehranın Yeni Dehliyə potensial vasitəçi kimi yanaşmasını çətinləşdirən amillərdən biridir. Bu səbəbdən o, yaxın perspektivdə ABŞ və İran arasında yeni və effektiv vasitəçilik formatının formalaşmasının mürəkkəb proses olacağını düşünür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026