Mobil versiya
Milli mətbuatımız dövlətçilik tariximizdə müstəsna rol oynayıb
Tarix: 21-07-2026 | Saat: 16:07
Bölmə:Siyasət | çapa göndər

Milli mətbuatımız dövlətçilik tariximizdə müstəsna rol oynayıb

22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının zəngin tarixini, keçdiyi inkişaf yolunu və müasir dövrdə üzərinə düşən məsuliyyəti bir daha xatırladır. Milli mətbuatın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu tarix təkcə Azərbaycan jurnalistikasının deyil, həm də xalqımızın milli oyanış, maarifçilik və dövlətçilik tarixinin başlanğıc nöqtələrindən biri hesab olunur..XIX əsrin ikinci yarısında Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər milli mətbuatın yaranmasını zəruri etmişdi. Məhz belə bir tarixi mərhələdə Həsən bəy Zərdabi xalqın ana dilində informasiya almaq hüququnu təmin etmək, cəmiyyətdə elmə, təhsilə və müasir düşüncəyə marağı artırmaq məqsədilə “Əkinçi” qəzetini təsis etdi. Cəmi 56 nömrəsi işıq üzü görsə də, bu nəşr milli mətbuat tarixində silinməz iz buraxdı və sonrakı nəsil jurnalistlər üçün böyük məktəbə çevrildi. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Doğrudan da, “Əkinçi”dən başlayan yol sonrakı onilliklər ərzində milli düşüncənin, azad fikir ənənələrinin və ictimai həmrəyliyin formalaşmasına mühüm töhfələr verib.

Əkinçi” cəmi iki il fəaliyyət göstərsə də, bu qəzetin təsiri yüzilliklərə uzanan bir məktəb yaradıb. Qəzet cəhalətə, savadsızlığa və xurafata qarşı mübarizə aparır, xalqın maariflənməsini əsas məqsəd hesab edirdi. Zərdabinin ideyaları sonrakı dövrdə yaranan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” və digər qəzet və jurnallar tərəfindən davam etdirilib. Bu nəşrlər Azərbaycan ədəbi dilinin inkişafında, milli şüurun möhkəmlənməsində, istiqlal ideyalarının yayılmasında və ziyalı nəslinin formalaşmasında mühüm rol oynayıb.
Müstəqillik dövründə isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. Xüsusilə 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkədə söz və mətbuat azadlığının təmin olunmasına, medianın hüquqi əsaslarının möhkəmləndirilməsinə geniş imkan yaradıb. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə kimi yadda qaldı. Bu addım azad medianın formalaşmasına, jurnalistikanın peşəkarlıq prinsipləri əsasında inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın inkişafına yönəlmiş çoxsaylı proqramlar qəbul olunub, qanunvericilik bazası müasir dövrün tələblərinə uyğunlaşdırılıb, media subyektlərinin iqtisadi dayanıqlığının artırılması istiqamətində mühüm qərarlar qəbul edilib. 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinin yaradılması, həmin ilin 30 dekabr tarixində “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin Media Reyestrinin formalaşdırılması, peşə standartlarının müəyyənləşdirilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin mühüm nəticələridir. Bu islahatlar Azərbaycan mediasının rəqabət qabiliyyətinin artırılmasına, peşəkar jurnalistikanın inkişafına və milli informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Dövlət başçısı jurnalistikanın peşəkarlıq, obyektivlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmasının vacibliyini xüsusi qeyd edib.

Azərbaycan mediası xüsusilə 44 günlük Vətən müharibəsi zamanı öz peşəkarlığını və vətənpərvərliyini bir daha nümayiş etdirdi. Jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar hazırlamaqla yanaşı, beynəlxalq informasiya məkanında ölkəmizin haqlı mövqeyinin çatdırılması istiqamətində mühüm fəaliyyət göstərdilər. İnformasiya cəbhəsində qazanılan uğurlar Azərbaycanın hərbi-siyasi qələbəsini tamamlayan mühüm amillərdən biri oldu. Postmüharibə dövründə də media azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramını, regionda yaranan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq missiyasını uğurla davam etdirir.

Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi, eləcə də jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif olunması Azərbaycanda media sahəsinin inkişafına göstərilən davamlı diqqət və qayğının parlaq nümunəsidir.

Şuşada keçirilən Qlobal Media Forumları artıq dünyanın aparıcı media platformalarından birinə çevrilib. 2026-cı il 13-14 iyul tarixlərində keçirilmiş IV Şuşa Qlobal Media Forumunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında aparılan müzakirələr Azərbaycanın media diplomatiyasının inkişafında, beynəlxalq informasiya əməkdaşlığında və qlobal çağırışların müzakirəsində mühüm mərkəz kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.

Azərbaycan mediası artıq təkcə informasiya yayan vasitə deyil, həm də dövlət quruculuğu prosesinin, ictimai inkişafın, milli həmrəyliyin və vətəndaş cəmiyyətinin mühüm iştirakçısıdır. Qlobal informasiya mühitində milli maraqların qorunması, süni intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının artırılması, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin təmin edilməsi qarşıdakı illərdə medianın əsas fəaliyyət istiqamətlərini təşkil edəcək.151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz tarixi missiyasını layiqincə davam etdirəcək.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026