Mobil versiya
Ədalətin vətən və dünya bucağı: Professor İsfəndiyar Ağayevin elm və ləyaqət yolu
Tarix: 30-07-2026 | Saat: 15:15
Bölmə:Karusel / Özəl / Təhsil / Qərbi Azərbaycan / Yazar8 | çapa göndər

Ədalətin vətən və dünya bucağı:

Məhəmməd İmanlı,
Hüquq elmləri doktoru,
professor


Elm elə bir müqəddəs məbəddir ki, onun pillələrini yalnız fədakarlıq, bitməz-tükənməz zəhmət və sarsılmaz həqiqət sevgisi ilə qalxmaq mümkündür. Azərbaycanın müasir hüquq elminin, xüsusən də cinayət hüququ və kriminologiya sahəsinin ən parlaq simalarından biri, hüquq elmləri doktoru, professor İsfəndiyar Bəhlul oğlu Ağayevin həyat yolu məhz bu uca məbədə həsr olunmuş şərəfli bir ömür salnaməsidir.
İsfəndiyar Ağayev 9 iyun 1973-cü ildə Bakı şəhərində, köklü elmi ənənələrə malik ziyalı ailəsində dünyaya göz açmışdır. Onun elmə, kitaba və intizama olan dərin sevgisi atasının — biologiya elmləri doktoru, professor, vaxtilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuş görkəmli alim Bəhlul İsfəndiyar oğlu Ağayevin ocağında qazandığı mənəvi tərbiyədən süzülüb gəlir. Erkən yaşlarından parlaq zəkası ilə seçilən İsfəndiyar müəllim Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli orta məktəbi qızıl medalla bitirmiş, hüquq elminə və ədalət ideallarına olan dərin marağı ilə 1990-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur. 1995-ci ildə həmin fakültəni beynəlxalq hüquq üzrə mütəxəssis və ingilis dili üzrə tərcüməçi-referent ixtisasları ilə yüksək fərqlənmə göstəriciləri ilə başa vuraraq böyük elm meydanına qədəm qoymuşdur.
Onun tərcümeyi-halı təkcə nəzəriyyə ilə deyil, həm də zəngin praktiki fəaliyyətlə yoğrulmuşdur. O, 1996-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində tərcüməçi kimi fəaliyyətə başlamış, 1996–2000-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. Eyni zamanda 1998–2000-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri şöbəsində böyük məsləhətçi vəzifəsində çalışaraq praktiki hüquq-tətbiqetmə təcrübəsini zənginləşdirmişdir. 2000-ci ildə Moskva Dövlət Hüquq Akademiyasında residiv cinayətlərə görə məsuliyyət barəsində cinayət-hüquq normalarının təkmilləşdirilməsi problemləri mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2002–2003-cü illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi xidmət keçərək zabit rütbəsinə layiq görülmüşdür. Sonrakı illərdə apardığı fundamental tədqiqatlar və yazdığı monoqrafiyalar onu hüquq elmləri doktoru və professor zirvəsinə ucaltmışdır. 2000-ci ildən etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasında pedaqoji fəaliyyət göstərərək minlərlə gənc hüquqşünasın yetişməsində müstəsna rol oynamışdır. İsfəndiyar Ağayevin elmi fəaliyyəti milli sərhədləri aşaraq beynəlxalq hüquq mühitində də yüksək etiraf qazanmış, onun ingilis dilində qələmə aldığı "Russian Criminal Law" və "Russian Penitentiary Law" kimi sanballı monoqrafiyaları Almaniyanın nüfuzlu Leypsiq Universiteti Nəşriyyatında işıq üzü görmüşdür. O, həmçinin MDB Təhlükəsizlik Problemləri İnstitutunun beynəlxalq forumlarında ölkəmizi təmsil etmiş və beynəlxalq elmi jurnalların redaksiya şurasında təmsil olunmuşdur.
Bunu mütləq qeyd etməliyəm ki, səsləndirilən hər bir mülahizə, qələmə alınan hər bir fikir səmimiyyətdən qidalananda daha təsirli, daha qalıcı olur. Bu gün dəyərli dostum, hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayev haqqında söhbət açmaq, onun keçdiyi elmi-mənəvi yola nəzər salmaq mənim üçün xüsusi bir qürur və məsuliyyətdir.
İsfəndiyar müəllimlə bizim dostluq münasibətlərimizin çox uzun, zəngin və sınaqlardan keçmiş bir tarixi var. Bu yaxınlarda — cəmi bir neçə gün öncə telefonum zəng çaldı. Dəstəyin o başındakı səs uzun illərdir doğma olan, özünəməxsus mehribanlığı ilə seçilən dostum İsfəndiyarın səsi idi. Yenə özünəxas səmimiyyətlə hal-əhval tutduq, deyişdik, gülüşdük... Sonra əlavə etdi ki, "Məhəmməd, bəlkə bu yaxınlarda görüşək, Şəhriyar adına klubda 'Cinayət hüququ. Ümumi hissə' dərsliyimin yeni, təkmilləşdirilmiş variantının təqdimatı keçiriləcək, orada bir yerdə olaq". Bu xəbərə ürəkdən sevindim. BDU-nun Hüquq fakültəsində bərabər addımladığımız illər, keçdiyimiz yollar bir anda gözlərim önündə canlandı.



İsfəndiyar Ağayev sıradan bir alim deyil. O, Azərbaycanın tanınmış ziyalısı, pedaqogika və elmi mühitimizdə dərin iz qoymuş, vaxtilə Pedaqoji Universitetə rəhbərlik etmiş biologiya elmləri doktoru, professor Bəhlul müəllimin ocağında pərvəriş tapmış bir insandır. Belə bir nüfuzlu ziyalı ailəsində doğulan şəxslərin üzərinə bəzən böyük gözləntilər düşür. Lakin İsfəndiyar digərlərindən fərqli olaraq heç vaxt "ərköyün rektor oğlu" olmadı; onun xarakterini təkəbbür deyil, sadəlik, səmimiyyət və fədakarlıq təşkil etdi.

Bakı Dövlət Universitetini bitirdikdən sonra müxtəlif sahələrdə çalışan İsfəndiyarın müəllimliyə, elmə olan həvəsi onu yenidən doğma divarlar arasına gətirdi. Xatırlayıram, o illərdə BDU-nun Cinayət hüququ kafedrasında rəhmətlik Firudin Səməndərov, Rafiq Quliyev kimi dəyərli ustadlarımızla çox xoş, unudulmaz münasibətlərimiz var idi. Bir gün bu cavan oğlan — İsfəndiyar kafedraya gəldi. Firudin müəllimə yaxınlaşıb səmimiyyətlə pedaqoji fəaliyyətlə, müəllimliklə məşğul olmaq istədiyini bildirdi.

O dövrdə onun statusunda olan bir insan üçün bütün qapılar açıq idi. İsfəndiyar istəsəydi, atasının, eləcə də özünün nüfuzundan istifadə edib birbaşa rəhbərliyə müraciət edər, yuxarıdan tapşırıqla kafedraya yük ayırtdıra bilərdi. Çünki o, artıq Konstitusiya Məhkəməsində, müxtəlif dövlətstrukturlarında çalışmış, savadı və dünyagörüşü ilə özünü təsdiqləmişdi. Lakin o, bu yolu seçmədi. Gəlib sadə bir gənc kimi kafedra müdirinin, ustadların qarşısında əyləşdi, müəllim olmaq istədiyini dilə gətirdi. Rəhmətlik Rafiq müəllimlə Firudin müəllim məsləhətləşdilər; rus bölməsində Cəza-icra hüququ və Ümumi hissə üzrə mühazirələri aparacaq kadr elə o vaxt çox lazımdı. İsfəndiyarın bu təvazökar, lakin qətiyyətli addımı mənim ona olan səmimi hörmətimi və rəğbətimi bir az da artırdı. Kafedradan çıxanda açıq havada söhbətləşdik. Dedim ki, "Sən ali dövlət strukturlarında da xidmət edə bilərsən, niyə məhz müəllimlik?" Dedi: "Məhəmməd, mən müəllim ailəsində doğulmuşam, mənim ən böyük seçimim və arzum müəllim olmaqdır".



Münasibətlərimiz razılıqla yekunlaşdı, dərslər bölündü, kafedrada hamı sevinirdi ki, gənc və savadlı bir alim sıramıza qatılır. Lakin cəmi 2-3 ay keçmişdi ki, dərslər başladı və İsfəndiyar ortalıqda görünmədi. Soraqlayanda məlum oldu ki, o, namizədlik dissertasiyasını müdafiə etməsinə, elmi dərəcəsi olmasına və hərbi xidmətdən möhlət hüququ bulunmasına baxmayaraq, könüllü olaraq hərbi xidmətə yola düşüb! Bu, onun mətinliyinin, ləyaqətinin və içindəki yüksək vətənpərvərlik hissinin növbəti sübutu idi.

Hərbi xidmətdən qayıtdıqdan sonra İsfəndiyar müəllimlik fəaliyyətini ləyaqətlə davam etdirdi. Mən Hüquq fakültəsində dekan səlahiyyətlərini icra etdiyim dövrdə İsfəndiyar Ağayevin 900-cü auditoriyada keçirilən açıq dərsinə daxil olduq. Kafedranın professor-müəllim heyəti, metodşura üzvləri onun mühazirəsini dinlədilər. O, auditoriyanı, tədris prosesini və mühazirə materialını elə bir yüksək peşəkarlıqla idarə edirdi ki, açıq dərsdə iştirak edən hər bir alim oradan böyük zövq və qürur hissi ilə ayrıldı.
İsfəndiyar müəllim təkcə elmdə deyil, insani münasibətlərdə də etibarlılıq simvoludur. O, çətin gündə də, xoş gündə də dostunun yanında olmağı bacaran adamlardandır. Şəxsi həyatımda və elmi fəaliyyətimdə ən mürəkkəb, ən çətin məqamlarda, bir çox "yaxın dostların" kənara çəkildiyi anlarda İsfəndiyar hər zaman məni axtarıb tapmış, daim yanımda durmuşdur.


Onun elmi yolu hamar olmadı. Müəyyən dövrlərdə — xüsusən Ramiz Mehdiyevin aparatda at oynatdığı, Ali Attestasiya Komissiyasına birbaşa göstərişlər verdiyi illərdə İsfəndiyar Ağayevin doktorluq dissertasiyasının müdafiəsinə süni maneələr yaradıldı, qarşısına böyük sədlər çəkildi. Hətta 2014–2016-cı illərdə Hüquq fakültəsində müəyyən dairələr tərəfindən ona qarşı qısqanclıqlar, diskriminasiya halları da yaşandı. Lakin İsfəndiyar bu həsəd və təzyiqlər qarşısında sınmadı, geri çəkilmədi. O, bütün bu çətin pillələri, baryerləri keçərək Moskvada — Rusiya Federasiyası kimi böyük bir dövlətin mərkəzində doktorluq dissertasiyasını uğurla müdafiə etdi, hüquq elmləri doktoru və professor elmi adlarını qazandı.

2018-ci ildə Moskvada, MQU-nun (Lomonosov adına Moskva Dövlət Universiteti) Hüquq fakültəsində keçirilən böyük beynəlxalq konfransda bərabər idik. O vaxt MQU-nun Hüquq fakültəsinin dekanı, eləcə də Rusiya cinayət hüququ elminin nəhəng simaları — Komissarov, Kuznetsov, Rarok, Çuçayev kimi alimlərlə bir süfrə arxasında əyləşmişdik. Mən böyük qürur hissi keçirirdim ki, Almaniyanın Leypsiq şəhərində — təməli 1400-cü illərdə qoyulmuş Avropanın ən qədim universitetlərindən birinin nəşriyyatında İsfəndiyar Ağayevin Rusiya Federasiyasının Cinayət Hüququ və Cəza-İcra Hüququ üzrə ingilis dilində yazdığı dərsliyi və meyar kəsb edən şərhləri nəşr olunmuşdur. O kitabda Rusiya Cinayət Məcəlləsinin 210-a yaxın maddəsinə əlavə və dəyişikliklər təklif edilmişdi. Rusiya alimləri ayağa qalxaraq bu gənc və istedadlı azərbaycanlı alimin elmi cəsarətinə, dərin təhlil qabiliyyətinə heyranlıqlarını bildirdilər.

Bundan başqa, Rusiya kriminalistika elminin korifeylərindən biri olan Vitali Yefimoviç Kvaşis Bakıda mənim qonağım olarkən İsfəndiyarla görüşdü və onunla çox maraqlı, dərin elmi polemikalar, diskussiyalar apardı. Kvaşis kimi bir nəhəngin İsfəndiyarın elmi təfəkkürünə yüksək qiymət verməsinin şəxsi şahidi oldum.
Azərbaycanda cinayət hüququ sahəsində 1950-ci illərdən bu yana böyük alimlərimiz yetişib. Moskvada tanınan rəhmətlik Tofiq Qafarov, Sankt-Peterburqda tanınan müasirimiz İlham Rəhimov, eləcə də Xanlar Ələkbərov kimi görkəmli alimlərimizin elmi irsi hər birimizə bəllidir. Lakin bu gənc yaşında Avropanın elm mərkəzlərində, Leypsiqdə dərslikləri nəşr olunan, Avropa auditoriyalarında mühazirələr oxuyan, alman və rus alimləri ilə öz dillərində elmi diskussiyalar aparan ikinci bir azərbaycanlı hüquqşünas alim göstərmək çətindir. Bu, yalnız İsfəndiyarın deyil, bütün Azərbaycan hüquq elminin, hər bir vətəndaşımızın böyük fəxridir.



Mənim doktorluq müdafiəm keçirilərkən Ukraynadan, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin rektoru, hüquq fakültəsinin dekanı (hansı ki, hal-hazırda həm də Milli Təhlükəsizlik Akademiyasının rektorudur) gəlmişdilər. Müdafiəmi onların birinin opponent, digərinin rəyçi olması ilə həyata keçirmişdik. Həmin elmi məclisdə Ukraynadan və Moskvadan gələn nüfuzlu alimlərin iştirakı ilə keçirilən elmi diskussiyalarda İsfəndiyar Ağayevin nümayış etdirdiyi yüksək erudisiya və elmi intellekt bu gün də yaddaşımdadır.

İsfəndiyar Ağayev həm də doğulub boya-başa çatdığı torpağın — Qərbi Azərbaycanın, Zəngəzurun mahalının ulu tarixini, yaddaşını, mənəvi irsini özündə yaşadan, kökünə və soyuna sadiq bir ziyalıdır. Onun dostluğa sədaqəti, alimliyi, vətənə və elmi irsimizə xidməti hər bir gənc hüquqşünas üçün gerçək bir örnək və dərslik olmalıdır.


Bu zəngin elmi və mənəvi irsin məntiqi nəticəsi kimi ortaya çıxan professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" dərsliyi müasir hüquqşünaslığımızın fundamental sütunlarından biridir. Ali məktəblərin hüquq fakültələrinin tələbələri, magistrantlar, doktorantlar və praktiki hüquqşünaslar üçün nəzərdə tutulmuş bu dərslik müstəqillik dövründə hüquq sistemində aparılan islahatlara və beynəlxalq standartlara tam cavab verir. Əsər Cinayət hüququnun Ümumi hissəsinin bütün baza institutlarını — elmin predmeti və prinsiplərindən tutmuş, cinayət qanununun qüvvəsi, cinayətin tərkibi, məsuliyyəti aradan qaldıran hallar, iştirakçılıq, cinayətlərin çoxalması və cəza nəzəriyyəsinə qədər olan mövzuları tam əhatə edir. İsfəndiyar müəllimin residiv cinayətlər üzrə mütəxəssis olması kitabda cinayətlərin çoxalması və təsnifatı bölmələrinin xüsusi dərinliklə işlənilməsini təmin etmişdir. Dərslikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normaları Almaniya, Fransa və MDB ölkələrinin qanunvericiliyi ilə müqayisəli təhlil edilir, bu da oxucularda geniş analitik təfəkkür formalaşdırır. Müəllifin dili mürəkkəb konstruksiyalardan uzaq, son dərəcə dəqiq, akademik və anlaşıqlıdır. Bu kitab təkcə tələbələr üçün tədris vəsaiti deyil, həm də müstəntiqlər, prokurorlar, hakim və vəkillər üçün masayüstü rəhbər nəşrdir. Yüksək nəzəri səviyyəsi, zəngin mənbə bazası və metodoloji dürüstlüyü ilə seçilən bu əsər Azərbaycan cinayət-hüquq elminin inkişafına verilmiş əvəzsiz bir töhfədir.

Mən inanıram ki, İsfəndiyar müəllim — mənim əziz dostum hələ də ilk günkü gənclik həvəsi, bitməz-tükənməz elmi ehtirasla yazır, yaradır, hüquq təhsilimizin inkişafı üçün yorulmadan çalışır. Onun tədqiqat obyekti olan hüquq sahələri — cinayət hüququnun mürəkkəb nəzəri məsələləri, residiv cinayətkarlıqla mübarizənin hüquqi əsasları, cəza-icra hüququ və müqayisəli kriminologiya problemləri hər zaman öz aktuallığı ilə seçilmişdir. Əminəm ki, alimin dərin analitik zəkası və zəngin təcrübəsi sayəsində işıq üzü görəcək yeni-yeni fundamental tədqiqatlar, yazılacaq dərsliyi və monoqrafiyalar Azərbaycanın cinayət-hüquq doktrinasını daha da zənginləşdirəcək, neçə-neçə gənc hüquqşünas nəslinin yoluna işıq saçacaqdır. Yolun açıq, elmi pərvazın uca olsun, əziz dostum!





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-07-2026