Mobil versiya
Kamaləddin Qafarov: “Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir”
Tarix: 13-08-2026 | Saat: 09:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kamaləddin Qafarov: “Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana budəfəki səfəri bir daha göstərdi ki, bu qədim diyarın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşan proses deyil.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, qeyd edib ki, burada təhlükəsizlik, enerji, iqtisadiyyat, sosial rifah və şəhərsalmanı vahid inkişaf strategiyasında birləşdirən uzunmüddətli yanaşmadan söhbət gedir. “Müsahibədə səslənən fikirlər bu sistemli baxışın mahiyyətini ortaya qoydu. Naxçıvan üçün ilk və ən mühüm şərt təhlükəsizlikdir. Dövlət başçısının qeyd etdiyi kimi, Muxtar Respublikanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Əlahiddə Ümumqoşun Ordunun müasir texnika ilə təchizatı və yeni komando hərbi hissələrinin yaradılması bu əraziyə münasibətdə təhlükəsizliyin daim prioritet olduğunu göstərir.”

Millət vəkili bildirib ki, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması iqtisadi inkişafın yeni mərhələsinə keçidin mühüm göstəricisidir: “Park yeni istehsal sahələrinin, iş yerlərinin və investisiya imkanlarının formalaşmasına şərait yaradacaq. Burada 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması sənaye siyasəti ilə enerji təhlükəsizliyinin bir-birini tamamladığını göstərir. Naxçıvanın enerji siyasətində də yeni mərhələ başlayır. Məqsəd yalnız bölgənin tələbatını ödəmək deyil, gələcəkdə Naxçıvanı enerji ixrac edən mərkəzə çevirməkdir. Günəş və su elektrik stansiyalarının inkişafı, Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq 1000 meqavat səviyyəsinə çatdırılması imkanları və enerji saxlanc sistemlərinin yaradılması bu məqsədin real əsaslara söykəndiyini göstərir. Beləliklə, Naxçıvan enerji təhlükəsizliyinin təmin olunduğu ərazidən regional enerji əməkdaşlığında mövqeyini gücləndirən mərkəzə çevrilir. Səfər çərçivəsində sosial və nəqliyyat layihələrinin gündəmə gəlməsi də inkişafın mərkəzində insan amilinin dayandığını göstərdi. Regional DOST Mərkəzinin açılması sosial xidmətlərin əlçatanlığını artırır, yeni elektrik avtobusları şəhər nəqliyyatında müasir və ekoloji yanaşmanı gücləndirir. 217 müasir avtobusun alınması, 420 kilometr yolun çəkilməsi və təmiri ilə bağlı planlar yenilənmənin yaşayış məntəqələrini də əhatə edəcəyini göstərir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın hazırlanması da strateji baxımdan əhəmiyyətlidir. Bu, şəhərsalmanın gələcək konsepsiya əsasında aparıldığını göstərir. Beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması isə zəngin tarixi və təbii imkanlara malik Naxçıvanın turizm potensialının daha geniş reallaşdırılmasına xidmət edəcək. Prezidentin səfərinin əsas mesajı belədir: artıq söhbət yalnız mövcud problemlərin həllindən deyil, Naxçıvanın böyük potensialının tam üzə çıxarılmasından gedir. Təhlükəsizliyi möhkəmlənən, enerji imkanları genişlənən, sənayeləşən, müasir şəhərsalma və sosial layihələrlə yenilənən Naxçıvan Azərbaycanın ümumi inkişaf xəritəsində daha mühüm mövqe tutur. Bu, dövlət siyasətinin ardıcıllığının və Naxçıvanın gələcəyinə olan inamın aydın ifadəsidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə