Mobil versiya
Paşinyan çətin seçim qarşısında: İrəvanda referendum savaşı başlayır
Tarix: 14-08-2026 | Saat: 19:30
Bölmə:Özəl | çapa göndər

Paşinyan çətin seçim qarşısında: İrəvanda referendum savaşı başlayır


Ermənistanda 7 iyun parlament seçkilərindən sonra yaranmış siyasi mənzərə konstitusiya islahatlarının gələcəyini yenidən əsas müzakirə mövzularından birinə çevirib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə konstitusion çoxluq əldə edə bilməməsi Nikol Paşinyan hökumətinin planlaşdırdığı dəyişikliklərin həyata keçirilməsini çətinləşdirib.
Müxalifətin parlamentdə mövqelərinin güclənməsi konstitusiya məsələsində hakimiyyət üzərində təzyiqi artırır. Revanşist siyasi qüvvələr mümkün dəyişiklikləri Azərbaycanla sülh prosesinə bağlayaraq Paşinyan hökumətini Bakının tələblərinə uyğun hərəkət etməkdə ittiham edirlər.
Azərbaycanın mövqeyi isə uzun müddətdir bəllidir. Bakı Ermənistanın hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiası kimi şərh edilən müddəaların aradan qaldırılmasını yekun və davamlı sülhün əsas şərtlərindən biri hesab edir. Xüsusilə Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinad bu müzakirələrin mərkəzində dayanır.
Eyni zamanda İrəvan Moskvanın təzyiqi ilə də üzləşir. Rusiya tərəfi Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində addımları fonunda ölkənin gələcək geosiyasi kursunun referendum yolu ilə müəyyənləşdirilməsi məsələsini gündəmə gətirir. Beləliklə, Paşinyan hökuməti həm daxili siyasi müqavimət, həm Azərbaycanla sülh prosesi, həm də Rusiya ilə münasibətlər arasında mürəkkəb vəziyyətlə qarşılaşıb.
Politoloq Oqtay Qasımov hesab edir ki, parlament seçkilərinin nəticələri Paşinyanın imkanlarını müəyyən qədər məhdudlaşdırıb. Onun sözlərinə görə, hakim partiya seçkilərdə qalib gəlsə də, konstitusion çoxluq əldə edə bilməyib. Əvəzində müxalifət əvvəlki 27 mandatını 45-ə çatdıraraq parlamentdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
Ekspertin fikrincə, buna baxmayaraq, Ermənistanın siyasi gündəmində konstitusiya islahatları prioritet məsələlərdən biri olaraq qalacaq. Bu istiqamətdə hazırlıq işlərinin aparıldığı və yeni konstitusiya layihəsinin artıq hazır olduğu bildirilir. Ermənistan qanunvericiliyinə əsasən, parlament seçkilərindən sonra referendumun keçirilməsi üçün müəyyən zaman məhdudiyyətlərinin də nəzərə alınması tələb olunur.
Oqtay Qasımov Moskvanın tələb etdiyi geosiyasi seçim referendumunun Paşinyan tərəfindən keçirilməsini isə real hesab etmir. Onun fikrincə, Ermənistanda yaxın perspektivdə ümumxalq səsverməsi təşkil edilərsə, bunun hökumətin hazırladığı konstitusiya dəyişiklikləri ilə bağlı olması daha böyük ehtimaldır.
Beləliklə, Paşinyan üçün əsas siyasi sınaqlardan biri konstitusiya islahatlarını daxili müqavimətə baxmayaraq həyata keçirmək olacaq. Referendumun nə vaxt keçiriləcəyi hələ müəyyən edilməsə də, onun nəticəsi Azərbaycan-Ermənistan sülh prosesindən Ermənistanın xarici siyasət kursuna qədər bir sıra mühüm məsələlərə təsir göstərə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2026