Mobil versiya
Paşinyan hökumətin yığdı, ölkədə “dost” sözünü işlətməməyə çağırdı
Tarix: 16-08-2026 | Saat: 09:37
Bölmə:Dünya | çapa göndər

Paşinyan hökumətin yığdı, ölkədə “dost” sözünü işlətməməyə çağırdı


Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin son iclasındakı çıxışı adi iqtisadi hesabatın müzakirəsindən fəlsəfi və siyasi polemikaya çevrilib. aia.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir “dost”, “düşmən”, “qələbə” və “məğlubiyyət” kimi anlayışlarla ifadə olunan düşüncə tərzindən uzaqlaşmağa çağırıb, dəyişən şəraitə uyğunlaşmanın vacibliyindən danışıb.

Media yazır ki, baş nazirin çıxışının əsas xətti belə olub: Paşinyan insanları “dost-düşmən”, “qələbə-məğlubiyyət” kimi qarşıdurma yaradan anlayışlara bağlanmamağa çağırıb və dünyanın dəyişən şəraitində əsas məsələnin uyğunlaşmaq olduğunu bildirib. Onun fikrincə, “adaptasiya” mənfi məna daşıyan söz kimi qəbul edilməməlidir, çünki məhz uyğunlaşmaq qabiliyyəti insanın inkişafında mühüm rol oynayıb.

Bildirilir ki, toplantında müzakirə əvvəlcə kənd təsərrüfatı ixracı ilə bağlı rəqəmlərdən başlayıb. İqtisadiyyat nazirinin müavini Arman Xocoyan 2325 ton bibər, 1570 ton pomidor və 3,66 milyon gülün ixrac edildiyini açıqlayıb. Paşinyan isə bu rəqəmlərin insanların böyük hissəsi üçün özlüyündə çox şey ifadə etmədiyini bildirərək söhbəti daha geniş – cəmiyyətin dəyişikliklərə münasibəti və uyğunlaşma məsələsinə yönəldib.Baş nazir daha sonra təhlükələr və böhranlarla bağlı da qeyri-adi müqayisə aparıb. O, kainatdakı hərəkət və “uçurum istiqamətində hərəkət” metaforasından istifadə edərək, həyatın mahiyyətinin hərəkət və dəyişiklikdə olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, insanları daim “ölkə məhv olur” tipli qorxularla yaşatmaq əvəzinə, mövcud şəraitə uyğunlaşmaq və işləmək lazımdır.

Paşinyanın bu çıxışı Ermənistanın müxalifyönlü armtribunal.com saytında son dərəcə sərt və emosional reaksiya doğurub. Sayt baş nazirin “dost”, “düşmən”, “qələbə” və “məğlubiyyət” anlayışlarına qarşı çıxışını siyasi və fəlsəfi ziddiyyət kimi təqdim edib. Nəşr Paşinyanın kainatın milyardlarla ildir “uçuruma doğru hərəkət etməsi” barədə fikirlərini istehza ilə qarşılayaraq yazıb ki, hökumət iclası iqtisadi məsələlərin müzakirəsindən “astrofizika və siyasi fəlsəfə dərsinə” çevrilib.

Erməni mediası xüsusilə baş nazirin “ölkə məhv olur” deyə daim həyəcan təbili çalanlara cavabını hədəfə alıb. Nəşrin müəllifinin fikrincə, Paşinyan real siyasi və sosial problemlərin məsuliyyətini hökumətin qərarlarından uzaqlaşdıraraq onları qaçılmaz və “kosmik proses” kimi təqdim etməyə çalışır.

Saytın ən sərt tənqidi isə Paşinyanın daim qara geyinmək, başına kül səpmək və ölkənin məhv olduğunu söyləməklə bağlı ironik ifadələrinə yönəlib. Nəşr bunu müharibədə yaxınlarını itirmiş ailələrin, yaralanmış hərbçilərin və sosial problemlərlə üzləşən insanların ağrısına qarşı həssas olmayan yanaşma kimi qiymətləndirib.

Sonda Paşinyanın hakimiyyəti dövründə Ermənistanın üzləşdiyi siyasi və təhlükəsizlik problemlərinə də toxunaraq onun çıxışını kəskin şəkildə tənqid edib və baş nazirin ölkədəki böhranlara görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, fəlsəfi və kosmik metaforalara üstünlük verdiyini yazıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə