Mobil versiya
Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq əlaqələri uğurla davam edir
Tarix: 25-08-2026 | Saat: 15:50
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlıq əlaqələri uğurla davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin hansı mərhələyə yüksəldiyini aydın şəkildə ortaya qoydu. Prezidentin Daşkənd və bütün Özbəkistanın sürətli inkişafını xüsusi vurğulaması, eyni zamanda Azərbaycan-Özbəkistan əlaqələrinin perspektivlərini yüksək qiymətləndirməsi münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, humanitar və geosiyasi istiqamətlərdə də dərinləşdiyini göstərir.
Prezident İlham Əliyevin fikirlərində diqqət çəkən əsas məqamlardan biri Özbəkistanın son illərdə keçdiyi inkişaf yoluna verilən yüksək qiymətdir. Dövlət başçısının qeyd etdiyi kimi, Şavkat Mirziyoyevin rəhbərliyi dövründə Özbəkistanda iqtisadiyyatın şaxələndirilməsi, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb.

Bu dəyişikliklər yalnız Özbəkistanın daxili inkişafına deyil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə də təsir göstərib. Bu baxımdan Azərbaycan Prezidentinin Özbəkistanın inkişafını yüksək qiymətləndirməsi həm də iki ölkənin siyasi rəhbərlikləri arasında qarşılıqlı etimadın göstəricisidir.
Azərbaycan və Özbəkistan münasibətlərinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu əlaqələr yalnız siyasi maraqlara söykənmir. Burada tarixi, milli-mədəni və mənəvi yaxınlıq mühüm rol oynayır. Eyni soykökə, ortaq dil və mədəniyyətə malik iki xalq arasında mövcud olan münasibətlər dövlətlərarası əməkdaşlığın möhkəm ictimai bazasını formalaşdırır.
Prezident İlham Əliyevin bəyanatında bu məqam xüsusilə aydın görünür. O, Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi təmələ əsaslandığını vurğulayır. Dünya siyasətində belə sintezə nadir hallarda rast gəlindiyini qeyd edən dövlət başçısı bu amilin iki ölkənin gələcək uğurlarının mühüm təminatlarından biri olduğunu bildirir.

Bu gün münasibətlərin iqtisadi məzmununun genişlənməsi də xüsusi diqqət çəkir. Enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və dağ-mədən sənayesi kimi çoxsaylı sahələrdə əməkdaşlıq artıq konkret layihələrlə müşayiət olunur.

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin yaxın perspektivdə 1 milyard dollara çatdırılması hədəfi də təsadüfi deyil. Bu rəqəm artıq uzaq perspektiv üçün müəyyən edilmiş abstrakt göstərici deyil, mövcud iqtisadi potensiala əsaslanan real məqsəd kimi təqdim olunur.

Münasibətlərin daha bir mühüm istiqaməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikəsinə investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsinə verdiyi dəstəyin konkret nümunələridir.

Bu layihələr iqtisadi əhəmiyyətindən əlavə, böyük mənəvi məna da daşıyır. Çünki qardaş Özbəkistanın Qarabağın bərpasında iştirakı iki xalq arasında həmrəyliyin real ifadəsinə çevrilib.
Azərbaycan-Özbəkistan münasibətlərinin qarşıdakı mərhələsi isə daha geniş layihələrlə xarakterizə olunacaq. İnvestisiya fondunun fəaliyyəti, qarşılıqlı sərmayələr, yeni sənaye müəssisələri, enerji və nəqliyyat layihələri əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirəcək.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərində yeni və daha möhkəm bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İki ölkə arasında mövcud olan mənəvi qardaşlıq, siyasi etimad və iqtisadi maraqlar bir-birini tamamlayaraq möhkəm əməkdaşlıq modeli yaradır. Qarşıdakı illərdə yeni layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və regional əlaqələrin daha da güclənməsi gözlənilir. Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərləri və dövlət rəhbərlərinin siyasi iradəsi bu münasibətlərin gələcəyinə böyük inam yaradır. Bu qardaşlıq təkcə bu günün deyil, gələcək nəsillərin də qoruyacağı və daha da inkişaf etdirəcəyi böyük mənəvi və strateji sərvətdir.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2026