Mobil versiya
Tarixi ənənələrə, ortaq dəyərlərə və milli maraqlara əsaslanan əbədi dostluq
Tarix: 26-08-2026 | Saat: 10:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarixi ənənələrə, ortaq dəyərlərə və milli maraqlara əsaslanan əbədi dostluq

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana avqustun 23-də dövlət səfəri Bakı–Daşkənd münasibətlərinin müasir inkişaf mərhələsini nümayiş etdirən mühüm siyasi hadisə olub. Səfər çərçivəsində keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, yeni layihələrin təməlinin qoyulması, prezidentlərin qarşılıqlı təltif olunması və “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkə arasında əlaqələrin artıq strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Azərbaycan və Özbəkistan arasında formalaşan əməkdaşlıq modeli Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi, nəqliyyat və siyasi əlaqələrin dərinləşməsinə, Türk dünyasının inteqrasiya proseslərinin sürətlənməsinə və Avrasiya məkanında yeni geoiqtisadi imkanların yaranmasına təsir edən mühüm amilə çevrilir.

Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Sonrakı dövrdə münasibətlər mərhələli şəkildə inkişaf etsə də, xüsusilə son illərdə yeni dinamika qazanıb. 2022-ci ildə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin, 2024-cü ildə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və 2026-cı ildə “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması münasibətlərin inkişaf xəttinin göstəricisidir. Bu ardıcıllıq qarşılıqlı siyasi etimadın tədricən daha yüksək səviyyəli hüquqi və institusional mexanizmlərlə möhkəmləndirilməsinin nəticəsidir.

Azərbaycan–Özbəkistan münasibətlərinin sürətli inkişafında iki ölkənin liderləri arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq xüsusi rol oynayır. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə aparılan dəyişikliklər yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycan üçün bu prosesin əhəmiyyəti xüsusilə böyükdür. Çünki Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biridir. Özbəkistan iqtisadiyyatının böyüməsi Azərbaycan şirkətləri üçün yeni bazar, ölkəmizin logistika imkanlarının inkişafı isə özbək məhsullarının yeni istiqamətlərə çıxışı deməkdir. Bu baxımdan iki ölkənin paralel inkişafı qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi üçün strateji baza yaradır.

Azərbaycan-Özbəkistan münasibətlərinin iqtisadi gündəliyində 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi xüsusi yer tutur. Bu rəqəm artıq uzaq perspektivin göstəricisi kimi deyil, yaxın illərdə reallaşacaq real məqsəd kimi nəzərdən keçirilir. Bunun üçün iki ölkə arasında yalnız ənənəvi ticarətin genişləndirilməsi deyil, birgə istehsal və investisiya layihələrinin artırılması vacibdir. Son illərdə avtomobil sənayesi, kənd təsərrüfatı, qida emalı, energetika, turizm, mədənçilik və digər sahələrdə layihələrin həyata keçirilməsi məhz bu məqsədə xidmət edir. Ticarətin davamlı artması üçün istehsal zəncirlərinin qarşılıqlı şəkildə qurulması mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın hazırkı əməkdaşlığı da məhz bu istiqamətdə inkişaf edir. Prezident İlham Əliyev qeyd edib: “Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, – yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, – əməkdaşlığın coğrafiyası genişlənib”.

İki ölkənin yaratdığı Birgə İnvestisiya Fondu münasibətlərin iqtisadi mahiyyətini dəyişdirən mühüm mexanizmdir. 500 milyon dollarlıq kapitala malik fond vasitəsilə prioritet layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Bakı və Daşkənd əməkdaşlığı yalnız dövlət büdcələri və ayrı-ayrı şirkətlərin imkanları ilə məhdudlaşdırmaq istəmir. Burada əsas məqsəd sistemli investisiya mexanizmi yaratmaqdır. Fondun gələcəkdə üçüncü ölkələrdə birgə layihələrə sərmayə qoyması da mümkündür. Bu isə iki ölkənin regional iqtisadi təsir imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.

Özbəkistanın avtomobil istehsalı sahəsində təcrübəsi, Azərbaycanın isə coğrafi və logistika üstünlükləri birgə layihələr üçün əlverişli şərait yaradır. Azərbaycanda Özbəkistanla birlikdə avtomobil istehsalının inkişaf etdirilməsi sənaye kooperasiyasının daha da dərinləşdirilməsinə imkan verir. Bu əməkdaşlığın gələcəkdə ehtiyat hissələri istehsalı, komponentlərin lokallaşdırılması və ixrac yönümlü istehsal kimi istiqamətlərə genişlənməsi üçün də potensial mövcuddur. Eyni yanaşma digər sənaye sahələrinə də tətbiq oluna bilər. Beləliklə, Bakı–Daşkənd münasibətləri hazır məhsul mübadiləsindən ortaq istehsala doğru inkişaf edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bu prosesdə Özbəkistanın iştirakı xüsusi məna daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərində siyasi həmrəylik real quruculuq fəaliyyəti ilə müşayiət olunur. Qarabağda yaradılan müəssisələr insanların öz doğma torpaqlarına qayıdışına, məşğulluğun artırılmasına və yeni iqtisadi həyatın formalaşmasına xidmət edir. Prezident İlham Əliyev vurğulayıb: “Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub”.

Azərbaycanın liman və gəmiçilik infrastrukturu burada mühüm üstünlük yaradır. Gələcəkdə Xəzər üzərindən daşımaların daha da artırılması, yeni gəmiçilik imkanlarının yaradılması və logistika xidmətlərinin inkişafı Bakı–Daşkənd iqtisadi əlaqələrinin səmərəliliyini yüksəldə bilər. Bu baxımdan Xəzər artıq yalnız iki sahili birləşdirən su hövzəsi deyil, Mərkəzi Asiya ilə Avropa arasında geoiqtisadi əlaqənin mühüm hissəsidir.

Azərbaycanın nəqliyyat strategiyasında Zəngəzur dəhlizi xüsusi yer tutur. Dəhlizin reallaşması ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru bağlantısının yaradılması ilə yanaşı, daha geniş regional nəqliyyat sisteminə yeni imkanlar gətirə bilər. Mərkəzi Asiyadan Azərbaycan istiqamətində gələn yük axınlarının gələcəkdə yeni marşrutlarla genişləndirilməsi regionun logistika xəritəsinə mühüm təsir göstərə bilər. Bu baxımdan Bakı–Daşkənd münasibətlərinin inkişafı Zəngəzur dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən daşımalar kimi layihələrin bir-birini tamamlaması üçün yeni imkanlar yaradır.

Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri genişdir. Neft və qaz kəşfiyyatı layihələrində artıq son mərhələyə yaxınlaşılması iki ölkənin enerji şirkətləri arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. SOCAR-ın Özbəkistan bazarında fəaliyyəti də bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Bununla yanaşı, gələcək üçün bərpaolunan enerji sahəsində də geniş imkanlar mövcuddur. Azərbaycanın Xəzər dənizində külək enerjisi potensialı, Özbəkistanın günəş və külək enerjisi imkanları yaşıl enerji və texnologiya sahəsində əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Bakı–Daşkənd əlaqələrinin yüksəlişi Türk dünyasında inteqrasiya proseslərinin güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın iqtisadi və siyasi imkanlarının birləşməsi digər türk dövlətləri ilə əməkdaşlıq üçün də əlavə imkanlar yaradır. Nəqliyyat dəhlizləri, investisiya fondları, sənaye kooperasiyası, enerji layihələri və humanitar əlaqələr Türk dünyasının iqtisadi inteqrasiyasının praktiki elementlərinə çevrilə bilər. Bu baxımdan Azərbaycan–Özbəkistan modeli yalnız ikitərəfli münasibətlərin deyil, daha geniş inteqrasiya prosesinin də nümunəsidir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026