Mobil versiya
İmzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi bazasını yeni səviyyəyə yüksəldir
Tarix: 27-08-2026 | Saat: 10:16
Bölmə:Siyasət | çapa göndər

İmzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi bazasını yeni səviyyəyə yüksəldir

Cənab Prezident İlham Əliyevin Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinə yalnız əldə olunan nəticələr kontekstində deyil, həm də gələcək inkişaf imkanları baxımından yanaşmağa geniş imkan yaradır. Bəyanatda səslənən fikirlər bir daha təsdiq edir ki, iki qardaş dövlət arasındakı əlaqələr möhkəm siyasi əsaslar üzərində inkişaf etməklə yanaşı, iqtisadi, nəqliyyat və humanitar sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin formalaşması ilə daha geniş məzmun kəsb edir.

Azərbaycanla Özbəkistanı yaxınlaşdıran əsas amillərdən biri xalqlarımızın ortaq tarixi, mədəni irsi və mənəvi dəyərləridir. Əsrlər ərzində Azərbaycan və Özbəkistan xalqları arasında sıx əlaqələr mövcud olub, ortaq türk və islam mədəniyyətinin inkişafına mühüm töhfələr verilib. Müasir mərhələdə isə əsas məsələ bu tarixi və mənəvi yaxınlığın dövlətlərarası münasibətlərdə konkret nəticələrə çevrilməsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz bu prinsipə söykənir: keçmişdən gələn qardaşlıq əlaqələri müasir dövrün tələblərinə uyğun olaraq strateji tərəfdaşlığın möhkəm təməlini təşkil etməlidir. Bu baxımdan iki ölkənin prezidentləri arasında formalaşmış qarşılıqlı etimad mühüm əhəmiyyət daşıyır. Dövlət başçıları arasında davamlı siyasi təmaslar əlaqələrə yeni dinamizm gətirib. Ali Dövlətlərarası Şuranın fəaliyyəti isə bu siyasi dialoqun institusional əsaslarını daha da gücləndirir. Şuranın üçüncü iclasının keçirilməsi qəbul olunmuş qərarların ardıcıl şəkildə həyata keçirildiyini və əməkdaşlığın artıq sistemli xarakter aldığını göstərir.

Daşkənddə imzalanmış sənədlər də ikitərəfli əlaqələrin konkret istiqamətlər üzrə inkişaf etdirilməsinə xidmət edir. Müxtəlif sahələri əhatə edən razılaşmalar Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə şərait yaradır. Ticarət, investisiya, turizm, mədəniyyət, sosial müdafiə və şəhərlərarası əlaqələr üzrə əməkdaşlığın paralel şəkildə inkişaf etdirilməsi münasibətlərin yalnız bir istiqamətlə məhdudlaşmadığını, çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir.

Azərbaycan–Özbəkistan tərəfdaşlığının gələcək imkanları baxımından nəqliyyat sahəsi xüsusi önəm daşıyır. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi mövqeyi, Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm ölkələrindən biri olması iki dövlət arasında nəqliyyat əməkdaşlığını strateji əhəmiyyətli istiqamətə çevirir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi nəticəsində Mərkəzi Asiya ölkələrinin məhsullarının Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına daha sürətli və səmərəli çıxarılması üçün əlavə imkanlar yaranır.

Bu mənada ölkə Prezidentînin Azərbaycanı Mərkəzi Asiya ilə vahid geosiyasi və geoiqtisadi məkanın tərkib hissəsi kimi qiymətləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Xəzər dənizi üzərindən formalaşdırdığı nəqliyyat əlaqələri, müasir liman infrastrukturu və dəmir yolları, eləcə də regionda həyata keçirilən yeni layihələr ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır. Özbəkistanla əməkdaşlığın daha da dərinləşdirilməsi isə mövcud imkanlardan daha effektiv istifadə olunmasına və yeni marşrutların inkişafına əlavə təkan verə bilər.

Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm tərəflərindən biri də iqtisadi maraqlardan kənara çıxan mənəvi həmrəylikdir. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasına göstərdiyi dəstək bunun bariz nümunəsidir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi Özbəkistanın Böyük Qayıdış prosesinə verdiyi dəyərli töhfəni əks etdirir. Qarabağda həyata keçirilən bu kimi layihələr göstərir ki, iki xalq arasındakı qardaşlıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, real həmrəylik və qarşılıqlı dəstək formasında da özünü göstərir.

İki ölkə prezidentlərinin təltif olunması ilə bağlı keçirilən mərasim də Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi və mənəvi dərinliyini nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Prezident İlham Əliyevin “Heydər Əliyev” ordeninə layiq görülməsi onun Azərbaycan–Özbəkistan dostluğunun və əməkdaşlığının inkişafındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Eyni zamanda, bu təltif iki dövlət arasında münasibətlərin ən yüksək siyasi səviyyədə qarşılıqlı ehtiram və yüksək dəyər üzərində qurulduğunu göstərən rəmzi hadisə kimi də qiymətləndirilə bilər.

Humanitar əməkdaşlığın genişləndirilməsi isə strateji tərəfdaşlığın uzunmüddətli və davamlı xarakter alması baxımından xüsusi əhəmiyyət daşıyır. Turizm əlaqələrinin inkişafı, qarşılıqlı mədəni tədbirlərin təşkili, şəhərlər arasında qardaşlıq münasibətlərinin yaradılması və digər təşəbbüslər xalqlarımızın bir-birini daha yaxından tanımasına və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Dövlətlər arasında siyasi əlaqələrin yüksək səviyyədə olması mühüm amil olsa da, bu münasibətlərin davamlılığını təmin edən əsas şərtlərdən biri də cəmiyyətlər arasında birbaşa əlaqələrin gücləndirilməsidir.

Daşkənddə keçirilən görüşlər və əldə olunan razılaşmalar onu göstərir ki, Azərbaycan və Özbəkistan əməkdaşlığın yeni mərhələsində yalnız ikitərəfli münasibətlərin nəticələrinə deyil, eyni zamanda regional imkanların reallaşdırılmasına da xüsusi diqqət yetirirlər. İki ölkənin iqtisadi və nəqliyyat potensialının bir araya gətirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha intensiv iqtisadi əlaqələrin qurulmasına, nəqliyyat dəhlizlərinin genişləndirilməsinə və yeni investisiya layihələrinin meydana çıxmasına mühüm töhfə verə bilər.

Cənab Prezident İlham Əliyevin Daşkənddə səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yeni və daha geniş imkanların formalaşdığı mərhələyə qədəm qoyur. Qarşılıqlı etimad, yüksək siyasi iradə və konkret əməkdaşlıq mexanizmləri bu inkişafın əsas dayaqlarını təşkil edir. Bu gün Azərbaycan–Özbəkistan münasibətlərində keçmişdən miras qalan qardaşlıq hissi ilə gələcəyə hesablanmış strateji düşüncənin vəhdəti aydın şəkildə görünür. Tarixi və mədəni bağlar əlaqələrin mənəvi əsasını, siyasi etimad möhkəm dayaqlarını, iqtisadi və nəqliyyat layihələri isə onların praktiki məzmununu formalaşdırır. Qarşıdakı illərdə bu amillərin daha sıx şəkildə bir-birini tamamlaması Azərbaycan və Özbəkistanın regional proseslərdə mövqeyini və təsir imkanlarını daha da gücləndirəcək. Daşkənddə verilən əsas mesaj da bundan ibarətdir: Azərbaycan və Özbəkistan yalnız qarşılıqlı dəstəyi davam etdirmək deyil, mövcud potensiallarını birləşdirərək daha böyük və ortaq gələcək formalaşdırmaq əzmindədirlər. Bu məqsədin arxasında güclü siyasi iradə, geniş iqtisadi imkanlar və xalqlarımızı birləşdirən möhkəm qardaşlıq dayanır.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2026