Mobil versiya
Sabahdan universitetlərə qeydiyyat başlayır
Tarix: 27-08-2026 | Saat: 12:49
Bölmə:Təhsil | çapa göndər

Sabahdan universitetlərə qeydiyyat başlayır


Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.

“aia.az” xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.

Bildirilib ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.

Abituriyent daha sonra “Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. “Bəli” seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.

Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.

Abituriyentlər müraciətinin statusunu “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərlər. Müraciət “Ödəniş edilməlidir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi “Qəbzi yüklə” seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa “mygov” platforması üzərindən bildiriş vasitəsilə göndərilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2026