Mobil versiya
İrəvanın ŞOK planı üzə çıxdı: Azərbaycan və Türkiyə ilə...
Tarix: 06-09-2026 | Saat: 16:30
Bölmə:Dünya | çapa göndər

İrəvanın ŞOK planı üzə çıxdı: Azərbaycan və Türkiyə ilə...


Ermənistan prezidenti Vaaqn Xaçaturyan jurnalistlərə açıqlamasında deyib ki, rəsmi İrəvan qonşu ölkələrlə qarşılıqlı etimad yaratmalı və problemli məsələləri imkan daxilində vasitəçilər olmadan həll etməlidir. O, həmçinin qonşu ölkələrlə birgə regional proqramların həyata keçirilməsinin zəruriliyini bildirib.

Xaçaturyanın fikrincə, bu addımlar regionda uzunmüddətli sülhün bərqərar olmasına imkan verəcək. Ermənistan prezidenti vurğulayıb ki, hazırda regionda yeni vəziyyət formalaşıb, sülh və əməkdaşlıq üçün zəruri olan imkanlar, istək və hazırlıq mövcuddur:

"İndi tamamilə başqa bir vəziyyət hökm sürür. Hazırda imkanlar, istək və hazırlıq var. Biz özümüz qonşularımızla qarşılıqlı etimad formalaşdırmağı və birgə proqramlar həyata keçirməyi bacarmalıyıq. Mən həm TRIPP-i ("Tramp marşrutu" - red.), həm də gələcəkdə yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütün region üçün faydalı olacaq enerji proqramlarını nəzərdə tuturam".

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, Xaçaturyan konkret ölkə adı çəkməsə də, Azərbaycan, Türkiyə, Rusiya və İranla münasibətlərə xüsusi diqqət çəkdiyi aydındır:

"Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. Bu reallıq təkcə Azərbaycan-Ermənistan ikitərəfli münasibətlərinə təsir etmədi. Həm də region ölkələrinin bir-birləri ilə münasibətlərində "oyun qaydalarını dəyişdi". İkinci Qarabağ savaşından sonra İrəvanla Bakı arasında münasibətlər normallaşan xətlə davam edir. Hər iki tərəfdən ən ali səviyyədə verilən mesajlar belə düşünməyə əsas verir ki, dövlətlər səmimidir və hazırkı proses geridönməzdir. Rəsmi İrəvan yaxşı bilir ki, Bakı ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu yoxdur. Bu, Ermənistanın təhlükəsizliyi üçün taleyüklü məsələdir. Həm Xaçaturyanın, həm də baş nazir Nikol Paşinyanın regionla bağlı səsləndirdiyi fikirlərin kökündə dayanan da məhz daxili ictimai rəydə normallaşma ilə bağlı təbliğat aparmaq, destruktiv meyilləri zəiflətməkdir. Əks halda müəyyən mərhələdən sonra proses Ermənistan daxili siyasəti üçün ağrılı ola bilər.

Türkiyəyə gəldikdə, İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşdırması təxminən paralel davam edir. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən və Ermənistan bunu qəbullanandan sonra Türkiyə ilə münasibətlərdə də yeni mərhələ başlandı. Bu gün İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin inkişafı bir-biri ilə sıx bağlı prosesdir. Tərəflər bunu başa düşür".

Politoloq onu da diqqətə çatdırıb ki, Rusiya ilə münasibətlərin perspektivi Ermənistan üçün sual altındadır:

"İkinci Qarabağ müharibəsindən sonra pisləşən münasibətlər indiyədək həmin xətlə davam edir. İndi tərəflər arasındakı iki əsas düyün nöqtəsi Kollektiv Təhıükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistanın iştirakı və bu dövlətin Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim edə bilməməsilə bağlıdır. Ermənistan İranla münasibətlərdə də qonşuluq prinsiplərinə üstünlük verir. Sadəcə olaraq İranla ABŞ arasındakı gərginlik İrəvanı məcbur edir ki, ehtiyatlı davransın. Dövlət başçısının açıqlamasında diqqətçəkən məqamlardan biri onun TRIPP marşrutunu xüsusi vurğulamasıdır. Bu, bir tərəfdən TRIPP marşrutunun rəsmi İrəvanın prioritetləri sırasında olduğunun göstəricisidir. Digər tərəfdən, Ermənistan hakimiyyəti, yəqin bu mesajı vermək istəyir ki, ABŞ qonşu olmamasına baxmayaraq, onun da regionla bağlı maraqları nəzərə alınır. Xaçaturyanın dediklərindən belə qənaətə gəlmək olar ki, perspektivdə 3+3 layihəsinin inkişafından ən çox qazananlardan biri də məhz Ermənistan olacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-09-2026