Mobil versiya
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür!
Tarix: 19-09-2026 | Saat: 20:39
Bölmə:Siyasət | çapa göndər

20 Sentyabr - Dövlət Suverenliyi Günüdür!

Dünyanın güclü dövlətləri Azərbaycanla ikitərəfli əlaqələri daha da genişləndirir

Tarix həm də hadisələrdir. Elə hadisələr ki, tarixin axarını dəyişir, əksər hallarda ədalətin təntənəsinə dönür. 2023-cü il sentyabrın 20-si günü kimi...
“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışda qeyd olunur ki, “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Ermənistan elan etmədən başladığı ədalətsiz müharibədə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. BMT-nin Təhlükəsizlik Şurasının qərarları da, Minsk qrupunun fəaliyyəti də müharibəni sonlandıra bilmədi. Şəhər və kəndlərimizi, tarixi, dini, mədəni abidələrimizi dağıdan, təbii resurslarımızı talan edən, Başlıbel, Qaradağlı, Meşəli, Ağdaban, Xocalı, ...faciələrini törədən, havadarlarına güvənən Ermənistan sülh danışıqlarından yayınır, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd edən Ermənistan 2020-ci il sentyabrın 27-də yenə Azərbaycanın ərazilərinə geniş miqyaslı hücum etdi. Hücumun qarşısı alındı, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu...

Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun ilk qələbəsi idi. Döyüşə-döyüşə kəndlərimizi, şəhərlərimizi, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edən Azərbaycan Ordusu döyüşə-döyüşə Şuşaya yaxınlaşdı, keçilməzlikləri rəşadəti ilə, qətiyyəti ilə, hünəri ilə keçərək noyabrın 8-də Şuşanı da işğaldan azad etdi. Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Ermənistan Kəlbəcərdən, Ağdamdan, Laçından döyüşsüz geri çəkildi.

Ermənistan Xankəndinə çəkilən ordu hissələrini, silahlı birləşmələrini silahla, hərbi sursatla Laçın vasitəsilə təmin edirdi. Bu səbəbdən Azərbaycan hökuməti 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində olduqca gərəkli bir tədbir kimi Azərbaycanın II Qarabağ müharibəsindən sonra döyüşsüz əldə etdiyi tarixi nailiyyət oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxışında qürurla bildirdi ki, “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandan döyüş əmri verdi, antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində güclü Azərbaycan Ordusu döyüş əmrini yüksək peşəkarlıqla yerinə yetirdi. Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı Metropoliteninin stansiyalarından birinə “20 Sentyabr” adı verildi...
Dövlət başçımızın sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu təşəbbüsün mahiyyəti həm İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin, həm də bu Zəfəri tamamlayan qüdrətin tarixləşməsidir. Suverenliyi tam bərpa olunmuş Azərbaycanla dünya dövlətlərinin istər siyasi, istərsə də iqtisadi, mədəni əlaqələri məhz bu müstəvidə daha da genişləndi. İndi dünyanın ən güclü dövlətləri Azərbaycanla ikitərəfli münasibətləri xarici siyasəti üçün prioritet bilir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-09-2026