Mobil versiya
Göydəniz Qəhrəmanov: “Uzun illər işğal və dağıntıların ağır nəticələrini yaşayan torpaqlar indi möhtəşəm quruculuq prosesinin mühüm ünvanlarıdır”
Tarix: 20-09-2026 | Saat: 20:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göydəniz Qəhrəmanov: “Uzun illər işğal və dağıntıların ağır nəticələrini yaşayan torpaqlar indi möhtəşəm quruculuq prosesinin mühüm ünvanlarıdır”

“20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində qazanılmış böyük Zəfərin yalnız hərbi-siyasi nəticələrini deyil, həm də onun yaratdığı yeni inkişaf imkanlarını ifadə edir. Bu gün artıq üçüncü dəfədir ki, xalqımız tərəfindən sonsuz qürur hissi ilə qeyd olunur. Xocavənd və Ağdərənin timsalında aydın görünür ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası həmin torpaqlarda yeni həyatın başlanğıcına çevrilib. Uzun illər işğal və dağıntıların ağır nəticələrini yaşayan bu ərazilər indi genişmiqyaslı quruculuq prosesinin mühüm ünvanlarıdır. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri idi. Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması Azərbaycanın öz torpaqları üzərində suveren hakimiyyətini tam təmin etməsinin parlaq ifadəsinə çevrildi. Bu, yalnız tarixi bir mərasimin görüntüsü deyildi. Həmin an Azərbaycan xalqının onilliklər boyu yaşatdığı milli məqsədin reallığa çevrildiyini nümayiş etdirirdi.”

Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a açıqlamasında deyib.

Parlament üzvü qeyd edib ki, Xocavəndin yeni inkişaf mərhələsində Hadrut xüsusi yer tutur: “Vətən müharibəsindən sonra qəsəbənin və ətraf yaşayış məntəqələrinin bərpası istiqamətində ardıcıl layihələr həyata keçirilir. Yeni yaşayış məhəllələrinin salınması, inzibati mərkəzin yaradılması, məktəbin bərpası, yolların yenidən qurulması və enerji infrastrukturunun müasirləşdirilməsi bölgənin gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun istifadəyə verilməsi Xocavənd rayonunun nəqliyyat imkanlarını genişləndirən mühüm layihələrdəndir. Tuğ-Hadrut və Füzuli-Hadrut istiqamətlərində aparılan yol işləri də bölgənin ümumi iqtisadi və sosial inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir yollar yalnız yaşayış məntəqələrini birləşdirmir, həm də kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır. “Hadrut” qovşaq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi bölgədə müasir enerji infrastrukturunun yaradılmasının göstəricisidir. Yeni enerji imkanları yaşayış məntəqələrinin bərpasına, istehsal sahələrinin inkişafına və insanların doğma torpaqlarına qayıdışına xidmət edir. Hadrutda yeni məscidin istifadəyə verilməsi isə bölgədə tarixi-mənəvi irsə göstərilən diqqətin bariz nümunəsidir. Xocavənd rayonunun qədim yaşayış məntəqələrindən olan Tuğ da yeni inkişaf dövrünə qədəm qoyub. Burada inzibati mərkəzin və ilk yaşayış məhəlləsinin təməlinin qoyulması insanların öz doğma kəndlərinə qayıdışına hesablanmış mühüm layihələrdəndir. Azıx mağarasının yerləşdiyi ərazinin və digər tarixi məkanların mövcudluğu isə Xocavəndin gələcək turizm potensialının nə qədər zəngin olduğunu göstərir.”
Fikirlərini davam etdirən deputat bildirib ki, Ağdərənin taleyində Azərbaycanın dövlət idarəçiliyinin bərpası xüsusi əhəmiyyət daşıyır: “2023-cü ilin dekabrında Ağdərə rayonunun yenidən yaradılması inzibati ərazi idarəçiliyinin təkmilləşdirilməsi və bölgənin gələcək inkişafının sistemli şəkildə təşkil olunması baxımından mühüm addım oldu. Mərkəzi Ağdərə şəhəri olmaqla yeni rayonun yaradılması bu ərazilərin sosial-iqtisadi inkişafına dövlət tərəfindən verilən xüsusi diqqətin göstəricisidir. Ağdərədə həyata keçirilən layihələr də artıq yeni həyatın real mənzərəsini yaradır. Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılması, Suqovuşanda yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərin yeni mənzillərlə təmin olunması Böyük Qayıdışın praktik nəticələrindəndir. Həsənrizdə Novruz tonqalının sakinlərlə birlikdə alovlandırılması isə azad edilmiş torpaqlarda milli bayramlarımızın yenidən öz doğma ab-havasına qovuşmasının rəmzi idi. Kolatağ və digər yaşayış məntəqələrində fərdi evlərin, sosial və mühəndis infrastrukturunun bərpası Ağdərəyə qayıdışın mərhələli şəkildə davam etdiyini göstərir. Prezident İlham Əliyevin Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü dövlət siyasətinin mərkəzində məhz insan amilinin dayandığını bir daha nümayiş etdirdi. Xocavənd və Ağdərənin bugünkü mənzərəsi göstərir ki, Azərbaycanın Zəfəri yalnız işğalın sona çatması ilə ölçülmür. Əsl Zəfər azad edilmiş torpaqlarda həyatın yenidən qurulması, insanların öz yurdlarına qayıtması və bu bölgələrin ölkənin ümumi inkişafına tam inteqrasiyası ilə daha da möhkəmlənir. Bu gün Xocavənddə və Ağdərədə aparılan quruculuq işləri gələcəyə hesablanmış dövlət siyasətinin nəticəsidir. Yeni yollar, enerji obyektləri, yaşayış məhəllələri, məktəblər və sosial infrastruktur həmin torpaqlarda davamlı həyatın əsasını yaradır. 20 Sentyabr isə bütün bu dəyişikliklərin arxasında dayanan böyük tarixi həqiqəti bir daha təsdiqləyir: Azərbaycan öz torpaqlarına qayıdıb və bu qayıdış əbədi, dönməz və möhkəmdir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026