Mobil versiya
Türk dünyasında təhlükəsizlik gündəliyi dəyişir
Tarix: 22-09-2026 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

Türk dünyasında təhlükəsizlik gündəliyi dəyişir

Dünyada təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi bir vaxtda Türk Dövlətləri Təşkilatının qarşısında yeni vəzifələr meydana çıxır. Artıq Türk dövlətləri arasında əməkdaşlıq yalnız tarixi-mədəni bağlarla, iqtisadi münasibətlərlə və humanitar əlaqələrlə məhdudlaşmır. Təhlükəsizlik məsələləri də ümumi gündəliyin mühüm istiqamətinə çevrilir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk dünyasının mövcud potensialından daha səmərəli istifadə olunmasının vacibliyidir. Türk dövlətləri geniş coğrafiyada yerləşir, mühüm enerji ehtiyatlarına malikdir və Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat marşrutlarının üzərində yerləşirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu imkanlar yalnız iqtisadi üstünlük deyil, eyni zamanda strateji əhəmiyyət daşıyan amillərdir.
Azərbaycanın bu prosesdə xüsusi yeri var. Cənab Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkəmiz enerji və nəqliyyat layihələrinin mühüm iştirakçısına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, enerji layihələri, Orta Dəhliz və Xəzər üzərindən nəqliyyat bağlantıları Azərbaycanın Türk dünyası ilə Avropa arasında mühüm əlaqələndirici mövqeyini gücləndirib. Bu gün həmin bağlantıların təhlükəsizliyi təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın maraqları baxımından əhəmiyyətlidir.
Müasir dünyada təhlükəsizlik anlayışı da dəyişib. Söhbət yalnız dövlət sərhədlərinin və hərbi obyektlərin qorunmasından getmir. Enerji xətlərinin, nəqliyyat dəhlizlərinin, informasiya sistemlərinin və rəqəmsal infrastrukturun təhlükəsizliyi də milli təhlükəsizliyin mühüm hissəsinə çevrilib. Prezident İlham Əliyevin TDT ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi önəm məhz bu reallıqdan irəli gəlir.

Türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığının güclənməsi həm də qarşılıqlı etimadın möhkəmlənməsi deməkdir. Terrorizm, transmilli cinayətkarlıq, kibertəhdidlər və digər yeni çağırışlar dövlətlərin bir-birindən təcrid olunmuş şəkildə mübarizə apara biləcəyi problemlər deyil. Məlumat mübadiləsi, təcrübənin paylaşılması və əlaqələndirilmiş fəaliyyət bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Türk dünyasının birliyi ilə bağlı siyasəti də məhz qarşılıqlı etimad və praktiki əməkdaşlıq üzərində qurulub. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərini daha da inkişaf etdirir, Mərkəzi Asiyanın Türk dövlətləri ilə siyasi və iqtisadi əlaqələrini genişləndirir. Bu münasibətlərin TDT çərçivəsində çoxtərəfli əməkdaşlıqla tamamlanması Türk dünyasının ümumi gücünü artıran amillərdəndir.
Burada gənc nəslin də xüsusi rolu var. Türk dünyasının gələcəyi yalnız dövlətlərarası sənədlər və siyasi görüşlərlə müəyyən olunmayacaq. Ortaq tarixini, mədəniyyətini və dəyərlərini tanıyan gənc nəsil xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin əsas təminatçılarından biri olacaq. Cənab Prezident İlham Əliyevin TDT çərçivəsində gənclər arasında əlaqələrin inkişafına verdiyi əhəmiyyət də bu baxımdan diqqətəlayiqdir.

Bu gün Türk Dövlətləri Təşkilatının qarşısında böyük imkanlarla yanaşı, ciddi məsuliyyət də dayanır. Türk dövlətlərinin iqtisadi, enerji, nəqliyyat və insan resursları potensialının siyasi iradə və koordinasiya ilə birləşdirilməsi TDT-nin beynəlxalq sistemdə rolunu daha da artırmaq imkanına malikdir. Cənab Prezident İlham Əliyevin bu istiqamətdəki təşəbbüsləri Azərbaycanın prosesə strateji yanaşdığını göstərir.
Bakıda TDT ölkələrinin təhlükəsizlik üzrə rəhbər şəxslərinin bir araya gəlməsi də təsadüfi hadisə deyil. Bu görüş Türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi platformalardan biridir. Prezident İlham Əliyevin görüş zamanı verdiyi mesajlar isə Azərbaycanın Türk dünyasının təhlükəsiz, sabit və qarşılıqlı əməkdaşlığa əsaslanan gələcəyində fəal rol oynamaq niyyətini bir daha ortaya qoyur.

Türk dünyasının gücü onun yalnız ortaq keçmişində deyil, ortaq gələcək qurmaq imkanındadır. Prezident İlham Əliyevin siyasəti də məhz bu gələcəyə hesablanıb: daha sıx əməkdaşlıq, daha güclü bağlantılar və dəyişən dünyada daha fəal Türk dünyası.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə