Mobil versiya
27 Sentyabr Azərbaycanın tarixi Zəfər yürüşünə başladığı gündür
Tarix: 25-09-2026 | Saat: 11:05
Bölmə:Siyasət | çapa göndər

27 Sentyabr Azərbaycanın tarixi Zəfər yürüşünə başladığı gündür

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında yalnız Vətən müharibəsinin başladığı gün kimi deyil, həm də uzun illər davam edən işğalın yaratdığı ağır nəticələrin aradan qaldırılması istiqamətində tarixi dönüşün başlanğıcı kimi xüsusi yer tutur. Bu tarixi yad edərkən 44 günlük müharibənin hansı şəraitdə meydana gəldiyini də nəzərə almaq vacibdir. Çünki Vətən müharibəsi birdən-birə ortaya çıxan hadisə deyildi. Bu savaş uzun illər ərzində Azərbaycana qarşı həyata keçirilmiş təcavüzkar siyasətin, işğalın davam etdirilməsinin və sülh danışıqlarından real nəticə əldə olunmamasının yaratdığı tarixi zərurətin nəticəsi idi. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi işğal altında qalmışdı. Yüz minlərlə soydaşımız öz doğma torpaqlarından məcburi şəkildə köçkün vəziyyətinə düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, xalqımızın tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdu. Xocalıda törədilmiş soyqırımı isə həmin faciənin ən ağır və yaddaşlarda dərin iz buraxan səhifələrindən biri oldu.

Buna baxmayaraq, Azərbaycan uzun müddət münaqişənin sülh yolu ilə həllinə üstünlük verdi, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq danışıqlar prosesində fəal iştirak etdi və ədalətli nəticənin əldə olunacağına ümid bəslədi. Lakin zaman keçdikcə beynəlxalq mexanizmlərin nəticəsizliyi və ikili yanaşmaların yaratdığı vəziyyət daha aydın görünməyə başladı. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən qətnamələri yerinə yetirilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan uzunmüddətli danışıqlar da münaqişənin həllinə gətirib çıxarmadı. Beləliklə, işğal vəziyyəti dəyişmədən qalır, status-kvonun aradan qaldırılması üçün lazımi siyasi iradə ortaya qoyulmur, Ermənistan isə mövcud vəziyyətdən istifadə edərək yeni təxribatlara əl atırdı.

Azərbaycan xalqı heç zaman torpaqlarının işğalı ilə barışmadı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri Azərbaycan Ordusunun ərazilərimizin azad olunması istiqamətində qətiyyətini bir daha nümayiş etdirdi. Lakin Ermənistanın siyasi və hərbi rəhbərliyi baş verənlərdən lazımi nəticə çıxarmayaraq təxribatçı siyasətini davam etdirdi. Cəbhə xətti boyunca atəşkəsin mütəmadi şəkildə pozulması, yaşayış məntəqələrinin atəşə tutulması və revanşist xarakterli bəyanatların səsləndirilməsi yeni silahlı qarşıdurma ehtimalını artırırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı hücuma başlaması isə vəziyyəti yeni mərhələyə gətirdi. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində mülki əhali arasında da itkilər baş verdi. Belə bir şəraitdə Azərbaycan dövlətinin və ordusunun əsas vəzifəsi təcavüzün qarşısını almaq, əhalinin təhlükəsizliyini qorumaq və uzun müddət davam edən işğala son qoymaqdan ibarət idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatı məhz bu tarixi zərurətdən irəli gəlirdi.

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini, xalqla ordunun sıx birliyini və dövlətin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Cəbhədə əldə olunan uğurlar göstərdi ki, uzun illər ərzində həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın öz milli maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün güclü imkanlar formalaşdırmasına şərait yaradıb. Azərbaycan Ordusunun azad etdiyi hər bir şəhər, kənd və strateji yüksəklik tarixi ədalətin bərpasına aparan yolun mühüm mərhələsinə çevrildi. Lakin bu tarixi Qələbənin ən ağır və müqəddəs bədəli şəhidlərimizin həyatı oldu. Onların hər biri Azərbaycanın Vətən uğrunda mübarizə salnaməsində əbədi iz qoydu.

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsini yad edərkən onların qəhrəmanlığının yalnız döyüş meydanında göstərilmiş şücaətlə məhdudlaşmadığını da xatırlamaq lazımdır. Şəhidlərimiz gələcək nəsillərə Vətənə bağlılığın, dövlətə sədaqətin və milli iradənin ən yüksək nümunəsini miras qoydular. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı həmin böyük fədakarlığın davamı kimi qiymətləndirilə bilər. Azad edilmiş ərazilərdə yeni şəhərlərin, kəndlərin salınması, infrastrukturun qurulması və insanların öz ata-baba torpaqlarına qayıtması şəhidlərimizin arzusunda olduğu azad və inkişaf edən Azərbaycanın reallığa çevrilməsini nümayiş etdirir.

27 Sentyabr həm keçmişin ağrılı səhifələrini xatırladan, həm də Azərbaycanın öz gücünə, milli iradəsinə və xalq-ordu birliyinə əsaslanaraq tarixi ədaləti bərpa etdiyini göstərən mühüm tarixdir. Bu gün şəhidlərimizin xatirəsi qarşısında göstərilə biləcək ən böyük ehtiram onların canlarını fəda etdikləri Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və inkişafını daim qorumaqdır. Şəhidlərimizin bizə miras qoyduğu mənəvi dəyərlərə sadiq qalmaq, dövlətimizi daha da gücləndirmək və azad Vətənin firavan gələcəyini təmin etmək onların müqəddəs xatirəsinə ən layiqli ehtiramdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026