Mobil versiya
Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR
Tarix: 10-10-2026 | Saat: 10:19
Bölmə:Ölkə | çapa göndər

Saf, orqanik ad altında satılan ballar: Peşəkar arıçıdan şok ETİRAFLAR


Soyuq ayların və infeksion xəstəliklərin artdığı mövsümün başlaması ilə insanlar immunitetlərini gücləndirmək, həm qidalanma, həm də müalicə məqsədilə baldan daha çox istifadə etməyə üstünlük verirlər. Lakin bal alarkən onun nə dərəcədə təmiz və təbii olduğuna dair şübhələr yaranır. Hətta tanıdıqları arıçılardan bal alanlar belə məhsulun təbiiliyinə tam əmin ola bilmirlər. Digər tərəfdən isə TikTok, Instagram və Facebook platformalarında balın təbii olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif üsullar nümayiş etdirilən videolar geniş yayılıb. Kimisi balın suya tökülmə formasını, kimisi kağız üzərində yaratdığı izi, kimisi isə yanma xüsusiyyətini əsas götürərək qərar verir. Bəziləri bu üsulları hətta balın keyfiyyətini müəyyənləşdirməyin "qızıl qayda'sı kimi təqdim edirlər.
Belə olan halda bazarlarda, marktlərdə, yol kənarlarında və sosial şəbəkələr vasitəsilə satılan balın təbii olduğuna inanmaq olarmı? Bir stəkan su, bir damcı bal, yanan kibrit və ya adi kağız parçası ilə balın saflığını müəyyən etmək mümkündürmü?

Ölkə.az mövzu ilə bağlı İsmayıllı rayonunun Lahıc qəsəbəsində arıçılıqla məşğul olan Ağadadaş Abbasovla söhbətləşib.

O deyib ki, balın təbiiliyi, saflığı ilk növbədə arıçının vicdanından asılıdır. A.Abbasov qeyd edib ki, sosial şəbəkələrdə balın təmizliyini müəyyənləşdirmək adı ilə yayılan videolar onun da diqqətini çəkir. “Düzünü desəm, mənim də qarşıma sosial şəbəkələrdə bu cür videolar və məlumatlar çıxır. Ancaq mən bu paylaşımları, eləcə də bal istehsalçılarının həmin metodlardan istifadə etməsini düzgün saymıram. İnsanlara balın təmizliyini bir neçə sadə sınaqla müəyyən etməyin mümkün olduğunu söyləmək doğru yanaşma deyil”.

Onun sözlərinə görə, balın təbii və keyfiyyətli olması məsələsində ilk növbədə arıçının dürüstlüyü mühüm rol oynayır.

“Balın orqanik olması məsələsində hər şey ilk növbədə arıçının vicdanından asılıdır. Arıçı öz işinə necə yanaşır, arılara necə qulluq edir, məhsulunu necə əldə edir? Bütün bunlar vacib məsələlərdir. Ancaq balın həqiqətən təmiz və orqanik olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün laborator yoxlama lazımdır. Başqa üsullarla onun tam orqanik olduğunu təsdiqləmək çətindir”, - arıçı qeyd edib.

A.Abbasovun diqqət çəkdiyi mühüm məqamlardan biri də arıların qida topladığı ərazidır. O hesab edir ki, arıların yaşayış məntəqələrində saxlanılması və onlara birbaşa şəkərli məhsullar verilməməsi belə, əldə edilən balın tam orqanik hesab olunmasına əsas vermir.
“Bəzən elə düşünürlər ki, arıya əlavə qida vermirlərsə, deməli, əldə etdikləri bal tam təbiidir. Amma məsələ bununla bitmir. Arılar ətraf mühitdə müxtəlif mənbələrdən qida toplayırlar. Yaşayış məntəqələrində bişirilən mürəbbələr, şirniyyatlar və digər şəkərli məhsullar da onların diqqətini çəkə bilər. Buna görə də arıların hansı şəraitdə yaşaması və qida toplaması nəzərə alınmalıdır”, – A. Abbasov bildirib.

Təcrübəli arıçı hesab edir ki, yaşayış məntəqələrindən uzaq, təbii bitki örtüyünün zəngin olduğu ərazilərdə əldə edilən bal daha əlverişli şəraitdə istehsal oluna bilər. Bununla belə, həmin ərazilərdən toplanan balın da keyfiyyəti və orqanik statusu yalnız mənşəyinə əsasən qəti şəkildə təsdiqlənə bilməz.

Bəs balın təmizliyini necə müəyyən etmək olar?
Mütəxəssisin fikirləri bir daha göstərir ki, sosial şəbəkələrdə yayılan sadə sınaqlara kor-koranə inanmaq olmaz. Balın suya tökülməsi, kağız üzərində yayılması və ya yandırılmağa çalışılması onun təbii olub-olmadığını etibarlı şəkildə təsdiqləmir.

Balın rəngi, qoxusu, dadı və qatı olması da təkbaşına onun saflığını müəyyən etmir. Təbii balın xüsusiyyətləri çiçək mənbəyindən, mövsümdən və saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Eyni zamanda, balın kristallaşması da onun saxta olduğunun göstəricisi deyil.
Balın tərkibində şəkər siroplarının olub-olmaması, nəmlik səviyyəsi və digər keyfiyyət göstəriciləri müvafiq laborator analizlərlə araşdırıla bilər. Lakin məhsulun orqanik adlandırılması üçün yalnız bir analiz nəticəsi deyil, istehsal şəraiti, mənşə və müvafiq sertifikatlaşdırma tələbləri də nəzərə alınmalıdır.

Bir sözlə, bal alarkən etibarlı arıçı və istehsalçı seçmək, məhsulun mənşəyi barədə məlumat almaq, zərurət olduqda isə akkreditə olunmuş laboratoriyanın nəticələrinə müraciət etmək daha düzgün yanaşmadır.

Çünki balın saflığına dair sosial şəbəkələrdə yayılan sensasion videolar bir neçə saniyə ərzində maraq doğura bilər. Amma illərin zəhməti ilə əldə edilən bu qiymətli nemətin həqiqi keyfiyyətini müəyyənləşdirmək üçün görüntüdən daha çox elmi yoxlamaya, məsuliyyətə və dürüstlüyə ehtiyac var.

Təbii balın dəyəri təkcə onun dadında deyil, necə istehsal edilməsində, hansı şəraitdə əldə olunmasında və istehlakçıya nə dərəcədə dürüst təqdim edilməsindədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2026