Mobil versiya
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Tarix: 16-10-2026 | Saat: 15:57
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Prezident İlham Əliyev oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündəki çıxışında Azərbaycanın müstəqillik dövründə üzləşdiyi tarixi ədalətsizliklərdən və bu ədalətsizliyin beynəlxalq hüququn gücü ilə deyil, haqqın gücü ilə necə aradan qaldırılmasından bəhs edib.

Prezident çıxışında qeyd edib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan getdikcə Avrasiya məkanında birləşdirici mərkəz kimi daha böyük rol oynayır. O, vurğulayıb ki, ölkəmiz ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı və regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir.
Cənab İlham Əliyev eyni zamanda çıxışında bildirib ki, Azərbaycan davamlı olaraq barabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünə və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. O, Azərbaycanın dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlara üzləşdiyini, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizinin 30 il ərzində Ermənistan tərəfindən işğal olunduğunu, Ermənistanın bir milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurda, həm də indiki Ermənistan ərazisində öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək Azərbaycana qarşı hərbi təcavüz etdiyini bir daha xatırladıb.

Prezident çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin bu qətnamələr 30 il ərzində kağız üzərində qalmaqdan başqa bir şey olmamışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistanın havadarları tərəfindən iflic vəziyyətə salınmışdı.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın əvvəlkı rəhbərləri və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Prezident Ermənistanın hazırkı rəhbərliyinin 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirdiyini nəzərə çatdırıb. O, bildirib ki, Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq aləm, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu.

Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə, qətliama və Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir etməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasına təkid etmədi, ATƏT laqeyd qaldı.

Dövlət Başçısı həmçinin qeyd edib ki, beynəlxalq müstəvidə Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəf alırdı və təcavüzkar Ermənistanı havalandırırdı. Məhz bu amillər münaqişənin dondurulmasına yönəlmiş fəaliyyətin nəticəsi idi.

Prezident çıxışında vurğulayıb ki, 2020-ci ilin iyul və avqustunda Ermənistan iki hərbi təxribat törətdi və nəticədə azərbaycanlı hərbçilər həlak oldular. Azərbaycan xalqının səbrı tükəndi və haqq-hesab vaxtı gəldi. 2020-ci ilin Vətən müharibəsi 44 gün davam etdi və bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı, müharibə dayandı, lakin Azərbaycan ərazilərinin bir hissəsi hələ də işğal altında qalırdı. Üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq Qərbdən olan yeni havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə edirdi. 2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin "Dəmir yumruğu" yenidən öz sözünü dedi. Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoyuldu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri Azərbaycan məhkəməsi qarşısına gətirildi.
Prezident çıxışında xüsusi olaraq qeyd edib ki, tanklarla qələbə çalıb Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur. Prezident vurğulayıb ki, yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.
Prezident çıxışında bildirib ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı bilmirdilər.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirmədik, biz barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və hal-hazırda sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026