Mobil versiya
Bakı Zirvəsi beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad üçün yeni imkanlar yaradır
Tarix: 17-10-2026 | Saat: 11:01
Bölmə:Siyasət | çapa göndər

Bakı Zirvəsi beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad üçün yeni imkanlar yaradır

Beynəlxalq münasibətlər sisteminin möhkəmliyi dövlətlər tərəfindən qəbul edilən qərarların nə qədər ardıcıl və səmərəli şəkildə yerinə yetirilməsindən birbaşa asılıdır. Suverenlik və ərazi bütövlüyü kimi fundamental prinsiplərin yalnız rəsmi sənədlərdə təsbit olunması kifayət deyil. Bu prinsiplər dövlətlərarası münasibətlərdə praktiki olaraq tətbiq edilməli və bütün ölkələrə bərabər yanaşma əsasında qorunmalıdır. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq hüquq, ikili standartlar və münaqişələrin doğurduğu nəticələrlə bağlı səsləndirdiyi fikirlər də məhz bu baxımdan mühüm siyasi əhəmiyyət kəsb edir. Azərbaycanın keçdiyi tarixi yol göstərir ki, beynəlxalq hüququn təmin olunması yalnız müvafiq sənədlərin qəbul edilməsi ilə mümkün deyil. Ermənistanın uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün düşməsi və etnik təmizləmə siyasətinin həyata keçirilməsi regionda ciddi humanitar problemlərə səbəb olmuşdu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, həmin qərarların uzun müddət yerinə yetirilməməsi beynəlxalq hüquq sistemində mövcud olan ciddi çatışmazlıqları aşkara çıxardı.

Beynəlxalq hüquq normalarının bəzi hallarda qətiyyətlə müdafiə olunması, digər vəziyyətlərdə isə siyasi maraqlar naminə nəzərə alınmaması ədalət prinsipinə olan inamı zəiflədir. Prezident İlham Əliyevin diqqətə çatdırdığı ikili standartlar problemi də məhz bu ziddiyyətlərdən irəli gəlir. Hüquqi normaların işləmədiyi şəraitdə güc amili daha çox ön plana çıxır, vaxtında həll edilməyən münaqişələr isə yeni qarşıdurmaların yaranması üçün əlverişli zəmin formalaşdırır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə dövlət suverenliyinin təmin olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi. 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə nəticələnən proses regionda mövcud siyasi vəziyyəti köklü şəkildə dəyişdi. Bu hadisə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suveren hüquqlarını bərpa etməsi baxımından tarixi əhəmiyyətə malikdir.

Rəsmi Bakının münaqişədən sonrakı mərhələdə sülhə üstünlük verməsi Azərbaycanın siyasi yanaşmasının mühüm xüsusiyyətlərindən biridir. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycan qarşı tərəfi daha da zəiflətmək və ona əlavə zərbələr vurmaq siyasəti yürütmək əvəzinə, sülhün əldə olunmasını təklif edib. Bununla yanaşı, mövcud sabitliyin hələ də həssas xarakter daşıdığı və onun qorunması üçün ardıcıl səylərin göstərilməsinin vacibliyi diqqətə çatdırılır. Çünki davamlı sülhün əldə edilməsi yalnız siyasi bəyanatların səsləndirilməsi ilə məhdudlaşmır. Bunun üçün tərəflər götürdükləri öhdəlikləri yerinə yetirməli, bir-birinin suverenliyini və sərhədlərini tanımalı, qarşılıqlı etimadın yaranmasına xidmət edən konkret addımlar atmalıdırlar.

Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə AQEM çərçivəsində müzakirə olunan məsələlər baxımından da xüsusi əhəmiyyət daşıyır. Asiya qitəsi geniş coğrafiyanı, müxtəlif siyasi mövqeləri və fərqli milli maraqları birləşdirir. Belə mürəkkəb şəraitdə sabitliyin qorunması dövlətlərin bir-birinin hüquqlarına hörmətlə yanaşmasını, fikir ayrılıqlarının və mübahisələrin siyasi dialoq vasitəsilə aradan qaldırılmasını zəruri edir. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edəcək təsirli mexanizmlərin yaradılmasına diqqət çəkməsi də qlobal və regional münaqişələrin qarşısının alınması baxımından aktual məsələdir. Beynəlxalq qərarlar uzun müddət icrasız qaldıqda onların təsir gücü azalır, beynəlxalq institutların fəaliyyətinə və qəbul etdiyi sənədlərin əhəmiyyətinə olan inam zəifləyir.

Bakıda təşkil olunan Zirvə Görüşü Azərbaycanın tarixi təcrübəsini və beynəlxalq münasibətlərə dair mövqeyini geniş auditoriyaya çatdırmaq üçün mühüm platforma rolunu oynayır. Hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməsi, məsuliyyətin siyasi maraqlara əsasən deyil, obyektiv prinsiplər əsasında müəyyənləşdirilməsi və sülhün real təminatlarla möhkəmləndirilməsi beynəlxalq təhlükəsizliyin başlıca şərtləri sırasındadır. Azərbaycanın yanaşması da bu prinsiplərə əsaslanır. Ölkəmiz hesab edir ki, ədalətli və uzunmüddətli sülhün təmin olunması üçün siyasi iradə, qarşılıqlı etimad və dialoqla yanaşı, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən səmərəli mexanizmlər də mövcud olmalıdır. Məhz bu amillərin uzlaşdırılması dövlətlərarası münasibətlərin daha etibarlı əsaslar üzərində qurulmasına və gələcək münaqişələrin qarşısının alınmasına imkan yarada bilər.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2026