Mobil versiya
Manaf Manafov:"8 Noyabr- Ali Baş Komandan ətrafında birləşən xalqın möhtəşəm zəfəri"
Tarix: 05-11-2026 | Saat: 12:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Manaf Manafov:"8 Noyabr- Ali Baş Komandan ətrafında birləşən xalqın möhtəşəm zəfəri"

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qətiyyətinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasına olan sarsılmaz inamının təcəssümüdür. 44 gün davam edən Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə ölkəmizin uzun illər sürən işğala son qoymaq iradəsini, müstəqil dövlət siyasəti həyata keçirmək gücünü və ümummilli hədəflər ətrafında səfərbər olmaq bacarığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi uğur güclü hərbi hazırlığın, uzaqgörən siyasi strategiyanın və xalqla ordunun sarsılmaz həmrəyliyinin nəticəsi idi. Qələbənin əldə olunmasında mühüm rol oynayan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilməsi oldu. Ordu quruculuğuna xüsusi diqqət yetirilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və cəmiyyətdə milli birliyin möhkəmləndirilməsi ölkəmizin tarixi Qələbəyə hazırlanmasını təmin etdi. Müharibə dövründə Ali Baş Komandanın nümayiş etdirdiyi prinsipial və qətiyyətli mövqe xalqın öz dövlətinə inamını daha da artırdı, “Dəmir yumruq” ifadəsi isə ümummilli həmrəyliyin və dövlət-xalq birliyinin rəmzinə çevrildi.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, vətən müharibəsi zamanı Azərbaycan hərbi əməliyyatlarla yanaşı, informasiya və diplomatiya sahələrində də ciddi mübarizə aparmalı olmuşdu. Cənab Prezident İlham Əliyevin xarici media qurumlarına verdiyi müsahibələr, konkret faktlara söykənən çıxışları və fəal diplomatik fəaliyyəti ölkəmizə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistan tərəfinin yaydığı əsassız məlumatların və yalanların ifşa olunması dövlətimizin haqlı mövqeyinin dünya miqyasında daha geniş qəbul edilməsinə imkan yaratdı. İnformasiya müstəvisində əldə olunan uğurların əsasını da xalqın birliyi və siyasi həmrəylik təşkil edirdi. Azərbaycan cəmiyyəti müharibənin bütün mərhələlərində öz dövlətinə və ordusuna birmənalı dəstək nümayiş etdirdi. Ön xətdə qəhrəmanlıq göstərən hərbçilərimizlə yanaşı, arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımız da ümumi Qələbənin əldə olunmasına mühüm töhfələr verdilər. Hərbi əməliyyatların siyasi və diplomatik fəaliyyətlə uzlaşdırılması Azərbaycanın qarşısına qoyduğu məqsədlərə çatmasını sürətləndirdi. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması Zəfərin həlledici məqamlarından biri kimi xalqımızın mənəvi qüdrətini, milli ruhunu və tarixi köklərinə bağlılığını bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrında Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etməsi isə dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu.

Müsahibimiz sonda bildirib ki, bununla yanaşı, qazanılmış Qələbənin nəticələrinin qorunması və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyətə malikdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri, müasir infrastrukturun yaradılması, eləcə də “Böyük Qayıdış” proqramının icrası azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılmasına xidmət edir. Tarixi Zəfər ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Hazırda Azərbaycan hərbi sahədə əldə etdiyi uğurları quruculuq işləri, iqtisadi tərəqqi və regionda davamlı sülhün bərqərar olması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə tamamlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmləndirilməsinə, milli maraqlarının etibarlı müdafiəsinə və tarixi Qələbənin yaratdığı nailiyyətlərin uzunmüddətli perspektivdə qorunmasına istiqamətlənib-deyə, Manaf Manafov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026