Mobil versiya
Üçrəngli bayraq – dövlətçilik yaddaşımızın canlı rəmzi
Tarix: 05-11-2026 | Saat: 13:31
Bölmə:Siyasət | çapa göndər

Üçrəngli bayraq – dövlətçilik yaddaşımızın canlı rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlət müstəqilliyini və suverenliyini təcəssüm etdirən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın hər dalğalanışı azadlıq mübarizəmizin, dövlətçilik tariximizin və milli iradəmizin ifadəsidir. 9 Noyabr – Dövlət Bayrağı Günü isə bu müqəddəs rəmzə ehtiramın, milli həmrəyliyin və Azərbaycan dövlətinə sədaqətin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır.
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edilən Dövlət Bayrağı xalqımızın müstəqil dövlətçilik iradəsini ifadə edən mühüm atributa çevrildi. Bayrağımızın rəngləri dərin ideoloji məna daşıyır: mavi rəng Azərbaycan xalqının türk mənşəyini, qırmızı rəng müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Qırmızı zolağın üzərindəki aypara və səkkizguşəli ulduz bu dövlət rəmzinin ayrılmaz elementləridir. Beləliklə, üçrəngli bayrağımız milli kimliyimizi, müasirlik düşüncəmizi və mənəvi dəyərlərimizi vahid rəmzdə birləşdirir.
Ümummilli Lider Heydər Əliyev bayrağımızın mahiyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Bu fikir dövlət rəmzlərinə münasibətin yalnız mərasim və protokol məsələsi olmadığını, hər bir vətəndaşın milli mənsubiyyəti və dövlət qarşısında məsuliyyəti ilə bağlı olduğunu aydın göstərir.
Sovet hakimiyyəti illərində üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusunu itirsə də, xalqımızın müstəqillik arzusu və milli istiqlal ideyası yaşamaqda davam edirdi. Bu tarixi iradənin bərpasında Ümummilli Lider Heydər Əliyevin 1990-cı ildə Naxçıvanda həyata keçirdiyi siyasi təşəbbüs müstəsna əhəmiyyət daşıyır. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, onun Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti müvafiq qərar qəbul edərək üçrəngli bayrağımıza Dövlət Bayrağı statusu verdi. Bu hadisə milli dövlətçilik ənənələrinin bərpası və müstəqilliyə aparan siyasi yolun mühüm mərhələsi idi.
Ulu Öndər Heydər Əliyev dövlət rəmzlərinin xalqı birləşdirən mənəvi gücünü daim önə çəkirdi. Onun “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikri hər bir azərbaycanlının yaddaşında yaşamalı olan vətəndaşlıq çağırışıdır. Bayrağa ehtiram, əslində, Vətənə, xalqın tarixinə və dövlətin müstəqilliyinə ehtiram deməkdir. Buna görə də gənc nəslin dövlət rəmzlərinin tarixi və mənəvi mahiyyəti barədə maarifləndirilməsi mühüm vəzifədir.
Dövlət Bayrağına göstərilən ehtiram sonrakı illərdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla Bakıda Dövlət Bayrağı Meydanının yaradılması bu ehtiramın əyani ifadəsinə çevrildi. 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışında Prezident İlham Əliyev bayrağımızın xalqımız üçün əhəmiyyətini vurğulayaraq “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” söyləmişdir. Dövlət başçısının həmin mərasimdə səsləndirdiyi fikirlərdə bayrağımızın gələcəkdə işğaldan azad olunacaq torpaqlarda dalğalanacağına dair qətiyyətli inam da ifadə olunurdu.
Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfərdən sonra ərazi bütövlüyümüzün təmin olunması, 2023-cü ilin sentyabrında isə dövlət suverenliyimizin tam bərpası üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanmasına tarixi zəmin yaratdı. Şuşada, Xankəndidə və digər şəhər və kəndlərimizdə Dövlət Bayrağımızın ucaldılması milli birliyimizin, suverenliyimizin və tarixi ədalətin bərpasının ifadəsidir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamla 9 Noyabr Dövlət Bayrağı Günü elan edilmişdir. Bu qərar 1918-ci ildə qəbul edilmiş milli bayrağımızın tariximizdəki yerini və dövlətçilik yaddaşımızdakı əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət Bayrağı Günü yalnız rəsmi bayram deyil, həm də milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və dövlətə sədaqətin ifadəsidir.
Üçrəngli bayrağımıza hörmət yalnız rəsmi tədbirlərdə və dövlət qurumlarında nümayiş etdirilən ehtiramla məhdudlaşmamalıdır. Dövlət rəmzlərimizin tarixini və mənasını bilmək, onları qorumaq, gündəlik həyatda dövlətə və milli dəyərlərə hörmət nümayiş etdirmək hər bir vətəndaşın məsuliyyətidir. Bu gün hər bir azərbaycanlının qürurla baxdığı üçrəngli bayrağımız dünənimizin tarixi yaddaşı, bu günümüzün suverenlik rəmzi, sabahımıza inamımızın ifadəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026