Mobil versiya
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə başlanılıb
Tarix: 20-11-2026 | Saat: 14:33
Bölmə:Təhsil | çapa göndər

Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə başlanılıb.

BŞTİ-dən aia.az-a bildirilib ki, 327 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan dərslər “Heydər Əliyev irsi: milli dövlətçilik, ideoloji təhlükəsizlik və gəncliyin məsuliyyəti” mövzusuna həsr olunub.

Qonaqlar əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Panel müzakirənin moderatoru, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, milli ideologiyanın formalaşması və müasir dövrün çağırışları barədə danışıb. O, Ulu Öndərin həyata keçirdiyi informasiya siyasətinin məhz cəmiyyətə açıqlığa, eləcə də söz və mətbuat azadlığının təmin olunmasına əsaslandığını vurğulayıb. Gənclərin milli ruhda tərbiyə olunmasının və dövlətçilik ənənələrinə sadiq qalmasının strateji məsələ olduğunu diqqətə çatdıran B.Məmmədov gənclərin kənar ideoloji təsirlərin hədəfinə çevrilməmələri üçün əldə etdikləri məlumatları tənqidi təfəkkür süzgəcindən keçirməyi, eləcə də rəsmi və etibarlı mənbələrə istinad etməyi bacarmalarının vacibliyini vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Milli dövlətçilik və Heydər Əliyev irsi” mövzusunda çıxış edərək müasir müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsində Ulu Öndərin tarixi xidmətlərindən bəhs edib. Deputat dövlətçilik ənənələrinin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

“Milli ideologiya, ideoloji təhlükəsizlik və gənclərlə iş” mövzusunda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov azərbaycançılıq məfkurəsinin cəmiyyətin birliyindəki rolundan söz açıb. O, qloballaşma dövründə ideoloji təhlükəsizliyin təmin olunmasında gənclərin siyasi fəallığının və düzgün istiqamətləndirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media və informasiya təhlükəsizliyi: müasir çağırışlar” mövzusunda çıxış edərək informasiya müharibəsi şəraitində gənclərin media savadlılığının artırılmasının zəruriliyini önə çəkib. O, doğru və qərəzsiz informasiyanın cəmiyyətə çatdırılmasında, eləcə də informasiya məkanında milli maraqların müdafiəsində gənclərin üzərinə düşən məsuliyyətdən danışıb.

Panel müzakirələrinin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

“Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinin paytaxtın inzibati rayonları üzrə məktəblilərin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026