Mobil versiya
Göydəniz Qəhrəmanov: “Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq tədbirləri bölgənin gələcək inkişafının əsasını təşkil edir”
Tarix: 25-11-2026 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq tədbirləri bölgənin gələcək inkişafının əsasını təşkil edir”

“Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və milli-mənəvi dəyərlərini özündə yaşadan mühüm bölgələrimizdən biridir. Rayonun adının qədim türk dilində “çay üstündə qala” mənasını verməsi də bu torpağın tarixi köklərinin nə qədər dərin olduğunu göstərir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, qədim yaşayış məskənləri, qayaüstü təsvirlər və müxtəlif dövrlərə aid daş abidələr Kəlbəcərin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Bu ərazi minilliklər boyu müxtəlif sivilizasiyaların izlərini qoruyub saxlamış, xalqımızın tarixi yaddaşının mühüm daşıyıcılarından birinə çevrilmişdir. Lakin 1993-cü il aprelin 2-də Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcərin işğal edilməsi bölgənin tarixi inkişafına ağır zərbə vurdu. İşğalçı qüvvələr yerli əhalini doğma yurdlarından didərgin salmaqla yanaşı, yaşayış məntəqələrini, sosial infrastrukturu, tarixi və dini abidələri də dağıdıb talan etdilər. Kəlbəcərin zəngin təbii sərvətlərinin qanunsuz istismarı, mədəni irs nümunələrinin məhv edilməsi və tarixi torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın beynəlxalq hüquq normalarına açıq hörmətsizliyinin təzahürü idi. İşğal dövründə rayon sakinlərinin üzləşdiyi humanitar faciə, doğma torpaqlara qayıtmaq hüququnun uzun illər pozulması bu təcavüzün ağır nəticələrini daha da dərinləşdirdi”.

Bu sözləri aia.az-a Kəlbəcər şəhəri günü ilə bağlı açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat bildirib ki, beynəlxalq təşkilatların münaqişə ilə bağlı nümayiş etdirdikləri fəaliyyətsizlik və ikili standartlar Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə əlverişli şərait yaradırdı: “BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu tələbi yerinə yetirmədi, beynəlxalq ictimaiyyət isə qətnamələrin icrası üçün təsirli mexanizmlər tətbiq etmədi. Belə münasibət təcavüzkar tərəfdə məsuliyyətsizlik hissini gücləndirir, yeni qanunsuzluqların və cinayətlərin törədilməsinə zəmin yaradırdı. Azərbaycan isə bütün bu müddət ərzində ərazi bütövlüyünün bərpasına, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə çalışdı. Lakin Ermənistanın destruktiv mövqeyi və danışıqlar prosesini nəticəsiz qoymaq cəhdləri ölkəmizi öz suveren hüquqlarını hərbi-siyasi vasitələrlə təmin etməyə məcbur etdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycanın hərbi qüdrətini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi kimi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi, eləcə də rayonun azadlığı uğrunda döyüşən hərbçilərimizin dövlət təltiflərinə layiq görülməsi xalqımızın qəhrəmanlıq salnaməsinə verilən yüksək qiymətdir”.

Daha sonra Parlament üzvü Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərlərinin siyasi və mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq tədbirləri bölgənin gələcək inkişafının əsasını təşkil edir: “2021-ci il avqustun 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə ilk səfəri bu torpaqlarda yeni həyatın başlanmasının mühüm rəmzinə çevrildi. Dövlət başçısının Kəlbəcərdə Azərbaycan bayrağını ucaltması ölkəmizin suverenliyinin, xalqımızın tarixi haqqının və doğma yurda qayıdış əzminin təntənəsi idi. Bu gün həmin siyasi iradənin real nəticələrini bölgədə geniş vüsət alan quruculuq prosesində görmək mümkündür. Kəlbəcər şəhərinin Baş planının təsdiqlənməsi, müasir yaşayış məhəllələrinin salınması, kəndlərin yenidən qurulması, yol və enerji infrastrukturunun yaradılması dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Eyni zamanda, İstisu mineral su mənbələrinin iqtisadi dövriyyəyə qaytarılması, müalicə-istirahət kompleksinin yaradılması və bölgənin turizm imkanlarının genişləndirilməsi Kəlbəcərin gələcək sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Artıq doğma yurda qayıdan ailələrin məskunlaşması isə Böyük Qayıdış proqramının uğurla davam etdirildiyinin ən mühüm göstəricilərindəndir. Əminəm ki, Kəlbəcər öz tarixi görkəmini bərpa etməklə yanaşı, müasir Azərbaycanın inkişaf modelini, dövlətimizin quruculuq potensialını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirən nümunəvi şəhərlərimizdən birinə çevriləcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2026