Mobil versiya
Bir ürəkdə iki sevgi...- Fuad Biləsuvarlı yazır
Tarix: 30-06-2025 | Saat: 13:32
Bölmə:Özəl | çapa göndər

Bir ürəkdə iki sevgi...- Fuad Biləsuvarlı yazır

İLHAM VƏ FƏRİZƏNİN ƏZİZ XATİRƏSİNƏ İTHAF EDİRƏM.


Sevgi və məhəbbət hissləri, Allahın yaratdığı bəndələr üçün ən ali və ən uca duyğulardandır. Elə anlar var ki, bu hiss özünü insan yaddaşına ən saf, ən fədakar, ən sarsıdıcı şəkildə həkk edir. Azərbaycan üçün də belə anlardan biri var — 30 iyun.

Bu gün sevilənlərin, sevənlərin, sevgililərin sadəcə romantik bir tarix kimi qeyd etdiyi gün deyil. Bu, bir xalqın yaddaşında qanla, sədaqətlə və göz yaşı ilə yazılmış gerçək bir sevgi tarixidir.

30 iyun — sözün əsl mənasında sevginin qürurla susduğu, sədaqətin isə qışqırmadan hayqırdığı bir gündür.

1990-cı ilin Qanlı Yanvar günündə şəhid olan İlhamın yoxluğuna dözə bilməyən və özünü həyat yoldaşının yolunda qurban verən Fərizənin toy günü, Azərbaycan sevgisinin əsl sevgi dastanına çevrildiyi gün.

Onlar — bu dövrün, bu zəmanənin əsl Leylisi və Məcnunu oldular. İlham və Fərizənin sevgisi nə sadəcə birgə ömür xəyalları idi, nə də yalnız bir toy tarixi. Bu, bir-birinə sədaqətin, fədakarlığın, vətənə və bir-birinə olan sonsuz bağlılığın hekayəsidir.

Fərizə anasına yazdığı son məktubda belə deyirdi:
“Ağlamayın. Mən İlhamız yaşaya bilmədim. O mənim gecələr ulduzum, gündüzlər günəşim idi.”


Sevgi, məhəbbət təkcə xoş günlərdə yada salınmaz. O, bəzən əzablarla da, dözümlə də sınağa çəkilər. İlham və Fərizənin hekayəsi bizə sevginin necə dəyərli olmağını, insana sistem kimi dəqiq yaşamağı öyrətdi.


Qərbdən idxal edilmiş 14 fevral “Valentin Günü” bizə lazım deyil. O günün nə bizim üçün bir mənası var, nə də dəyəri.

Biz bu günü təhrif etməli, gənclərin yaddaşından silməliyik. Çünki o tarix bizim mentalitetimizə yaraşmır — heç uyğun da deyil.

Bizim sevgililər günümüz 14 fevral deyil, 30 iyundur. Çünki o gün bizə yaraşan, tariximizin, ağrımızın və sədaqətimizin içindən doğulmuş gündür.

Valentin günü nəyi xatırladır? Əxlaqsızlığı, məqsədsizliyi, ruhsuz təqlidi.
30 iyun isə fədakarlıqla, qeyrətlə, namusla, saf ismətlə, əxlaqla, sevgiylə yazılmış Azərbaycan dastanıdır.

Əgər bizə həqiqi sevgililər günü lazımdırsa — onun adı İlham və Fərizə olmalıdır.
Çünki bu iki adın içində bir millətin sevgisi, sədaqəti və yaddaşı yaşayır.

Əslində sevgi təkcə iki insan arasındakı bağlılıq deyil.
Bəzən o, bir xalqın ruhunu dirçəldən amal,
bəzən bir ananın övladına “vətən” deyə sarılması,
bəzən isə bir ömrün digəri uğrunda fəda edilməsidir.

İlham və Fərizə timsalında biz sevginin nə qədər şərəfli, nə qədər ali, nə qədər böyük ola biləcəyini gördük.
Onların sevgisi qışqırmırdı — sadəcə yaşayırdı.

Bu gün gənclər sevgini "like" sayında, "story"də paylaşdığı cümlədə ölçür. Amma sevgi nə ekran görüntüsüdür, nə də bir günlük effekt. Gerçək sevgi bir günlə yox, bir ömürlük izlə ölçülür.

Bəzən o sevgi bir məktubda susur,
bəzən bir baxışda danışır,
Bəzən isə şəhid məzarı önündə səssiz deyilən bir duada — əgər dinləməyi bilirsənsə — haray çəkir.

30 iyun bizə sevgi deyilən ucalığı öyrədir. Bu gün bir cütlüyün toy günü yox, bir millətin vicdanıdır.
Fədakarlığın, sədaqətin, dönməzliyin simvoludur.

Gəlin bu günü yalnız romantik hisslərlə yox — söykəniləsi bir tarix, susulmağa dəyər bir dərs kimi yaşayaq.
Qoy İlham və Fərizənin adı yalnız sevgi üçün deyil — şəxsiyyət, mərdlik, sarsılmaz sədaqət üçün də yadda qalacaq bir örnək olsun.
Bu gün gənclərimiz sevginin ruhunu yaşamaq istəmir.
Bir cümləlik yalan "səni sevirəm,”
üçgünlük münasibətə “məhəbbət” adı vermək — bu sevgi deyil.
Sevgiyə əyləncə kimi baxmaq, onu ayaqlar altına atmaq ayıbdır.

Sevgi “görünsün” deyə deyil —
görülmədən də yaşansın deyə var olmalıdır.

Bəs gerçək sevgi nədir?
O, bəzən bir məktubda gizlənmiş son nəfəsdədir,
bəzən bir şəhidin ürəyində ilişib qalan arzuda,
bəzən də bir məzarda basdırılıb, lakin bir millətin qəlbində dirçəlmiş fədakarlıqda.

30 iyun bizə bunu öyrədir.
Bu gün yalnız İlham və Farizənin yox,
bütün bir xalqın mənəvi gücünün, yaddaşının, şəxsiyyətinin
sınaqdan keçdiyi gündür.
Bu tarixi sadəcə çiçək satışı ilə, romantik mesajlarla yad etmək —
o ruhun üstündən susaraq keçməkdir.

Gəlin İlham və Farizəni göz yaşları ilə deyil —
dirənişlə, dəyərlə, cəsarətlə yad edək.
Onların adları bir məktəbdir —
və bu məktəbdə sevgi
fədakarlıqla, sədaqətlə, şəhid qanı ilə yazılır.

Bizim bayramımız gül buketləri ilə yox,
şəhid xatirəsi ilə başlamalıdır.
Bizim sevgimiz sosial şəbəkədə yox,
şəhid məzarı başında səssiz dayanan bir qəlbdə yaşamalıdır.

Çünki İlham və Fərizə göstərdi:
Əsl sevgi — təntənəsizdir.
Qışqırmır, reklam olunmur.
Amma bir ömrün sonuna qədər unutdurmur, unudulmur.

Qoy bu adlar gələcək nəsillərə yalnız bir sevgi hekayəsi kimi yox,
bir millət dərsi kimi miras qalsın.

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-06-2025