Mobil versiya
Zəkanın və sədaqətin təntənəsi: Hikmət Babaoğlu – 60
Tarix: 17-04-2026 | Saat: 16:12
Bölmə:Karusel / Manşet / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Zəkanın və sədaqətin təntənəsi:

Azərbaycan ziyalılığının ən parlaq simalarından biri, ömrünü dövlətçilik ideallarının təbliğinə və milli maraqların müdafiəsinə həsr etmiş millət vəkili, professor Hikmət Babaoğlu bu gün özünün 60 illik müdriklik zirvəsinə qədəm qoyur. Bu yubiley təkcə bir insanın yaş həddi deyil, həm də Ağbabanın uca dağlarından başlanıb paytaxtın siyasi və elmi tribunalarına qədər uzanan şərəfli bir yolun hesabatıdır. Hər bir insanın ömür yolu doğulduğu torpağın mənəviyyatından başlayır və Hikmət müəllimin şəxsiyyət kimi formalaşmasında qədim Ağbaba mahalının, onun füsunkar Göllü kəndinin və o doğma ocağın böyük rolu vardır. O, bir ziyalı ailəsində, el-oba içində böyük hörmət sahibi olan Baba müəllimin ocağında dünyaya göz açıb. Baba müəllimin ömür yolu bütövlükdə Göllü kəndinin maariflənməsinə həsr olunmuşdu; o, uzun illər Göllü kənd məktəbinin direktoru kimi həmin elin-obanın uşaqlarına təkcə elm deyil, həm də milli kimlik və ləyaqət dərsi keçmiş, kəndin mədəni-intellektual simasını müəyyənləşdirmişdir. Hikmət müəllim ilk təhsilini atasının rəhbərlik etdiyi həmin doğma məktəbdə almış, elmin və vətənə bağlılığın müqəddəsliyini məhz Baba müəllimin o fədakar pedaqoji fəaliyyətinin timsalında görmüşdür.

O dövrün təhsil sisteminə uyğun olaraq, Göllü kəndində məktəb səkkizillik olduğu üçün Hikmət müəllim orta təhsilini tamamlamaq məqsədilə 9-cu və 10-cu sinifləri qonşu Yeniyol (Qaranamaz) kənd orta məktəbində davam etdirmişdir. Bizim yollarımız da məhz bu məktəbin divarları arasında kəsişmişdir. Hər ikimizin Yeniyol orta məktəbini yüksək qiymətlərlə bitirməyimiz və eyni elmi mühitin havasını udmağımız bizim üçün unudulmaz mənəvi bağdır. Bizim taleyimizdə və xarakterimizdə silinməz izlər qoyan, həyatımızda müsbət rol oynayan Ələkbər Ələkbərov, Telman Məmmədov və Teymur Məmmədov kimi fədakar müəllimlərimizin verdiyi dərslər bu gün qazandığımız uğurların təməl daşıdır. Beləliklə, Hikmət müəllimin xarakteri həm atasının Göllüdə qurduğu o möhkəm təməl, həm də Yeniyol məktəbində aldığı mükəmməl orta təhsilin vəhdətində bütövləşmişdir.

Hikmət Babaoğlu müasir Azərbaycan politologiya elminin ən məhsuldar və dərin tədqiqatçılarından biri kimi "Dünya siyasəti və beynəlxalq münasibətlər", "Siyasi təhlil və proqnozlaşdırma" kimi fundamental əsərlərin müəllifidir. Onun elmi yaradıcılığı sadəcə nəzəriyyə deyil, həm də dövlət quruculuğu prosesinin elmi əsaslandırılmasıdır. Xüsusilə erməni yalanlarının ifşasına həsr etdiyi araşdırmaları tarixi həqiqətlərin bərpası yolunda mühüm bir silahdır. Bakı Dövlət Universitetinin professoru kimi o, həm də gənc nəsil politoloqların yetişməsində əvəzsiz rol oynayır. Eyni zamanda Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü kimi dövlətimizin siyasi iradəsini ən yüksək səviyyədə təmsil edir. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində milli mətbuatımızın ənənələrini müasir politoloji təhlillərlə birləşdirərək, Azərbaycanın haqq səsini dünyaya çatdıran əsas qələm sahiblərindən birinə çevrilmişdir.


Hikmət Babaoğlunun bir alim kimi unikallığı onun müasir Azərbaycan politologiya elminə gətirdiyi tamamilə yeni və sistemli yanaşmadadır. O, beynəlxalq münasibətlər sistemində "İnfoimperializm" nəzəriyyəsinin və konsepsiyasının banisi kimi çıxış edərək, müasir dünyada informasiya vasitəsilə beyinlərin işğalının torpaq işğalından daha təhlükəli olduğunu elmi dəlillərlə sübut etmişdir. Onun elmi fəaliyyətinin ən səciyyəvi cəhəti siyasi proseslərə bir riyaziyyatçı dəqiqliyi ilə yanaşmasıdır; o, Azərbaycanda "Siyasi təhlil və proqnozlaşdırma" fənninin elmi təməllərini quran bir strateq kimi hadisələrin sadəcə təsvirini vermir, onların gələcək inkişaf trayektoriyasını böyük uzaqgörənliklə müəyyənləşdirir. Hikmət müəllimin ideoloji mübarizədəki unikal imzası həm də erməni saxtakarlığına qarşı apardığı fundamental araşdırmalarda özünü büruzə verir. O, erməni məsələsini sadəcə tarixi müstəvidə deyil, "Siyasi mifologiya" kontekstində tədqiq edərək, düşmənin ideoloji silahlarını elmi yolla zərərsizləşdirməyin unikal metodologiyasını yaratmışdır. Onun alimliyindəki ən nadir xüsusiyyətlərdən biri də akademik politologiyanı praktik jurnalistika ilə üzvi şəkildə birləşdirməsidir; o, ən mürəkkəb siyasi nəzəriyyələri elmi çəkisini itirmədən geniş kütlələrin anladığı aydın və kəsərli bir dilə çevirməyi bacaran nadir intellekt sahibidir. Bu mənada Hikmət Babaoğlu təkcə kabinet alimi deyil, həm də elmi bilikləri dövlətçilik maraqlarının müdafiəsinə yönəldən, nəzəriyyə ilə praktikanın qovuşuğunda dayanan unikal bir elm xadimidir.

Hikmət müəllimin ictimai fəaliyyəti, xüsusilə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini kimi fəaliyyəti hər cür təqdirəlayiqdir. Bu sahədəki fəaliyyəti onun üçün sadəcə ictimai vəzifə deyil, doğulub boya-başa çatdığı o müqəddəs torpaqlara, Ağbaba mahalına mənəvi borcun ödənilməsi, "Böyük Qayıdış" ideologiyasının intellektual müstəvidə qurulmasıdır. O, bu missiya ilə həm də bir yaddaşın keşiyində durur, doğma yurd yerlərimizin haqq səsini beynəlxalq müstəviyə daşıyır.


Bütün bu elmi və siyasi ucalıqların, dövlət tərəfindən verilən yüksək təltiflərin fonunda isə Hikmət müəllim hər kəsin tanıdığı o dərvişanə, son dərəcə sadə insan olaraq qalır. Necə deyərlər, o, alimlikdə ucaldıqca sadələşən, məqamda yüksəldikcə insanlara daha çox yaxınlaşan şəxsiyyətlərdəndir. Ona olan sonsuz ehtiramın və məhəbbətin kökü də məhz buradadır; Hikmət Babaoğlu imzası təkcə bir alimin və ya siyasətçinin deyil, həm də mənəvi saflığını qoruyub saxlamış əsl İnsanın imzasıdır.

Onun xalqına və dövlətinə verdiyi bu böyük töhfələr Ölkə Başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş və o, "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu ali mükafat, Ağbabanın Göllü kəndində başlayan, Yeniyol məktəbində cilalanan o təmiz və ləyaqətli yolun dövlət səviyyəsində təsdiqidir. İndi 60 yaşın mübarəkliyini Ağbaba dağlarının vüqarı ilə qarşılayan Hikmət müəllimə atası Baba müəllimin adına layiq, xalqımızın qəlbində taxt quran uzun və bərəkətli bir ömür arzulayırıq. Müdriklik zirvəniz mübarək, Azərbaycanın dəyərli ziyalısı və bizim- Ağbaba-Şörəyel ellərinin, doğma məktəbimizin fəxri!



Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026