Mobil versiya
Rusiya və İran Azərbaycanda separatizm ocağı yaradır? - Nə BAŞ VERİR?
Tarix: 28-08-2026 | Saat: 13:34
Bölmə:Gündəm | çapa göndər

Rusiya və İran Azərbaycanda separatizm ocağı yaradır? - Nə BAŞ VERİR?


Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda tamamilə yeni reallıq formalaşıb. Qarabağdakı separatçı rejimin aradan qaldırılması ilə ölkənin daxilində parçalanma və bölücülük üçün illərlə istifadə olunan əsas siyasi zəmin də aradan qalxıb. Bu gün Azərbaycan əvvəlki dövrlə müqayisə olunmayacaq dərəcədə güclü, daha hazırlıqlı və öz milli təhlükəsizliyini təmin etmək imkanlarına malik dövlətdir. Lakin regionda yeni siyasi və təhlükəsizlik strukturunun yaranması bütün tərəflərin maraqlarına uyğun deyil. Azərbaycanın müstəqil siyasət yürütməsi, regional proseslərdə rolunun artması və qonşu ölkələrlə yeni əməkdaşlıq imkanlarının genişlənməsi bəzi xarici dairələri narahat edir. Bu səbəbdən Azərbaycana qarşı təsir imkanlarının yaradılması üçün müxtəlif vasitələrdən istifadə cəhdlərinin davam edəcəyi istisna edilmir.

Xüsusilə sosial şəbəkələr son illər bu istiqamətdə yeni imkanlar yaradıb. Etnik, dini və mədəni fərqliliklərin qabardılması, cəmiyyət daxilində süni qarşıdurma görüntüsünün yaradılması, ayrı-ayrı qrupların bir-birinə qarşı qoyulması və dövlətçilik hissinin zəiflədilməsinə hesablanan çağırışlar informasiya mübarizəsinin əsas alətlərindən birinə çevrilib.

Azərbaycanın tarixi təcrübəsi isə göstərir ki, ölkənin parçalanmasına hesablanan layihələr yeni deyil. 1990-cı illərin əvvəllərində dövlətin ən zəif dövründə belə müxtəlif separatçı və parçalanma cəhdləri Azərbaycanın siyasi xəritəsini dəyişə bilmədi. Bu gün isə həmin ssenarilərin təkrarlanması üçün nə əvvəlki şərait, nə də əvvəlki imkanlar mövcuddur. Azərbaycan cəmiyyətində müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid dövlətçilik ideyası ətrafında birləşməsi ölkənin əsas üstünlüklərindən biridir. Buna görə də fərqlilikləri qarşıdurma mənbəyinə çevirmək cəhdləri təkcə dövlətə deyil, cəmiyyətin sabitliyinə qarşı yönəlmiş təhlükədir. Dövlətçilik və qanunun aliliyi prinsiplərini pozan, separatçılıq və zorakı bölücülük çağırışları edən şəxslərin isə qanun qarşısında məsuliyyət daşıması təbiidir.

Azərbaycanın suverenliyinin tam bərpasından sonra ölkə daxilində separatizmə yeni zəmin yaratmaq cəhdləri nə dərəcədə real təhlükədir?
Politoloq Məhəmməd Əsədullazadə burada heç bir təhlükə görmür.
O, Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycan vahiddir və bu ölkəyə xəyanət edənlər cəzasını alır:

“Azərbaycan erməni separatizminə və Ermənistanın işğalına son qoyduqdan sonra Cənubi Qafqazda yeni reallıq yarandı. Bu siyasi nizam regionda sülhü və təhlükəsizliyi, siyasi əməkdaşlığı özündə ehtiva edir. Həmçinin regionun iqtisadi inteqrasiyasını özündə hədəfləyib. Bundan narahat olan Rusiya və İran Azərbaycanda yeni separatizm ocaqları yaratmağa cəhd edir. Onsuz da biz bilirdik ki, Ermənistanın işğalına son verdikdən sonra bu prosesə start veriləcək. Rusiya və İran sosial şəbəkələrin imkanlarından istifadə edərək Azərbaycana qarşı yeni etnik və mədəni separatizmi körükləyirlər. Onların təsir dairəsinə düşənlər başa düşmürlər ki, Azərbaycan silah-sursatla tam təmin olunmuş erməni separatizmini, işğalını tam və qəti qələbə ilə sona yetirdi. Qarabağda separatizm iddialarında olanlar Qobustanın isti səhrasında - Umbakı həbsxanasında cəza çəkirlər. Sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək separatizm və bölücülük edənlər mütləq cəzalandırılacaq. Azərbaycan vahiddir və hamımız azərbaycanlıyıq. Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq hamımız bir ölkənin vətəndaşıyıq. Heç kimə haqq verilmir ki, Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan öz əski parçalarını reklam etsin. Ölkəmizin 90-93-cü illərində ən ağır vəziyyətdə bizi parçalaya bilməyənlər güclü vaxtımızda bizə nə edə bilərlər?! Ona görə də Azərbaycanda oturub bu ölkənin çörəyini yeyənlər mədəni və etnik bölücülük xəyalına düşməsin”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026