Mobil versiya
“Qarabağ”ın uğursuzluq zolağı və “qara çadır” məsələsi...
Tarix: 28-08-2026 | Saat: 15:30
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın uğursuzluq zolağı və “qara çadır” məsələsi...


Klub dünənki oyunda dişini sıxsaydı, “Tvente” səddini keçə bilərdi, amma zənnimcə, buməğlubiyyət də bir menecerlik hiyləsi oldu...

Olan oldu – “Qarabağ” son 13 ildə ilk dəfə avrokubok yarışlarından kənarda qaldı. Gözlənilən idi, bu klubla Avropaya getməyə dəyməzdi, yaraşmazdı “Qarabağ”ın adına. Pisi odur ki, müasir dünyada zatən insan övladı üçün sevinəcək az hadisələr var, bu dar macalda da “Qarabağ” bir tərəfdən bizi üzdü. Bu, təkcə stadiona gəlmiş on minlərin kədəri deyil, üstəlik, bəlkə də yaxın üç ildə “Qarabağ”ın dirçəlməsinin çətin olacağını, kim bilir, bəlkə də heç mümkün olmayacağı düşüncəsinin yaratdığı pessimist ovqatdır. Elə klublar tarixdə çox olub – parlayıb, işığı “göz deşib”, amma sonra da sönüb. Xatırlayın, İtaliyada bir vaxtların “Deportivo”su vardı, ya da son illər heç özünü düzəldə bilməyən “Milan”, “Yuventus”... İngiltərədə “Çelsi”, Almaniya nəhəngi “Şalke-04”, İspaniyada adını çoxlarının daha xatırlamadığı “Sampdoriya”, Fransa “Bordo”su... Eləcə də yunan “Panatinaikos”unun, Niderlandın “Ayaks”ının ancaq adı qalıb... Onlar həm də uğursuz menecerliyin qurbanlarıdır, heç şübhə etmirəm ki, “Qarabağ”da da bu il yaşananlar da həmin uğursuzluqdur, bəlkə də başlanacağıdır.
“Qarabağ” dişini sıxsaydı, “Tvente” səddini keçə bilərdi. Amma zənnimcə, bu da bir menecerlik hiyləsi oldu.
Konfrans Liqasına (KL) bu bənzətməmə görə inciməzlər – zənnimcə, bu turnir “Dədə Qorqud” filmində Alp Aruza rəva görülən “qara çadır”dır. O səbəbdən “Qarabağ”ın indiki halı ilə Avropanın ən azı 4 ölkəsinə səfər oyununa getmək, 4 klubu burada qarşılamaq, üstəlik, rəqabətin artdığı Misli Premyer Liqasında çempionluq iddiası ortaya qoymaq “Qarabağ” üçün çox çətin olacaqdı, ən əsası, bu turnir kluba fayda verməyəcəkdi. Hər halda, menecer olsaydım, Qurban Qurbanova “bu il başına yeni iş açma, digər problemləri həll et” məsləhəti verərdim. Baş məşqçi də “Tvente” ilə ağır məğlubiyyətdən sonra buna oxşar mövqe bildirib. Deyib ki, bu il avrokuboklardan kənarda qalmaq bəlkə də kluba daha faydalı olacaq. Doğrudur, KL iştiraka, qələbəyə, heç-heçəyə görə pul da verirlər, amma dediyim kimi, adı yenə “qara çadır”dır... Özünüz bu il KL vəsiqə alanların siyahısına baxın, nə dediyimi daha yaxşı anlayacaqsınız...
Ötənlərdə də yazmışdım ki, “Qarabağ”da baş verən uğursuzluq nə bir ilkdir, nə son. Bəlkə də həyatın qanunauyğunluğudur, necə deyərlər, “Hər igidin bir dövranı olur”. Necə ki, 9 il əvvəl yaradılan, amma sabaha heç bir ümid verməyən “Sabah” son bir ildə sıçrayış etdi, həm çempion, həm ölkə kubokunu aldı, Çempionlar Liqasının (ÇL) liqa mərhələsinə də vəsiqə qazandı. Bu da uğurlu menecerliyin nəticəsi, bir nümunəsidir. Vaxtilə bunu “Qəbələ”də də görmüşdük.
Klub saxlamaq çox çətin və kollektiv idarəçilik işidir, əsas da büdcəyə pul gəlirsə, ümumiyyətlə idarəçilik prosesi asanlaşmır, əksinə, çətinləşir. “Qarabağ” ötən mövsüm ÇL qazanc əldə etmişdi, amma nə sirdirsə, klubda yaxşı oyunçuları ya uyğun şərtlərlə saxlamaq istəmədilər, ya da özləri göndərdilər. Deyilənə görə, “Qarabağ”da bu göndərmək praktikası yaxşı mənada fərqlidir, hətta ciblərinə pul da qoyurlar, ya da şərtləri futbolçu üçün elə uyğun edirlər ki, təki... getsin. Bu il Medinanı elə göndərdilər, klubdakı xidmətlərini nəzərə alaraq, əlavə pul-filan istəmədilər, yəni. Bu, həm də ilk dəfə deyil, halallaşma sistemi klubda var. Getsinlər e, bura onları xüsusən bağlayırdı ki. İstəyimiz budur ki, gedənlərin yerinə heç olmasa babat futbolçu gətirsinlər. “Qarabağ” bu transfer pəncərəsində 10 futbolçu alıb deyirlər, amma hələ klubda heç birinin faydalı işi görünmür, ya da çox zəifdir.
Nəhayət, “Qarabağ”da niyə əvəzedici heyətdə klubun öz yetirməsi olan cəmi iki nəfərin olması da düşündürücüdür. Yaxşı futbolçu, əlbəttə, asan yetişmir. Amma çempionatda oynayan kasıb klublarda bir neçə öz yetişdirmələri var. “Qarabağ”da isə cəmi iki nəfərdir. Bunun səbəbini klubun idarəçilərinin ayağına yazmaq olmur, çünki “Qarabağ”ın akademiyası ilə bağlı problem ictimailəşib, amma həll edilməyib. Söhbət klub prezidentinin “Qarabağ” akademiyası üçün torpaq sahəsi ilə bağlı AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə müraciətindən gedir.
Müraciətdə Gözəl bildirir ki, “Qarabağ” akademiyası üçün müasir infrastruktur yaratmaq istəyir və bunun üçün SOCAR-a məxsus ərazinin ayrılmasını xahiş edib. “Qarabağ” kimi bu cür problemlərlə üzləşməməlidir, dövlət də, onun strukturları da lazım gəldikdə bu işə dəstək verməlidirlər.

“Qarabağ”ın qara zolaqdan çıxacağı ümidi ilə...
Nazim SABİROĞLU



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026