Mobil versiya
Zirvədən Ucalan Qürur və Böyük Dirçəliş Salnaməsi
Tarix: 05-11-2026 | Saat: 16:58
Bölmə:Siyasət | çapa göndər

Zirvədən Ucalan Qürur və Böyük Dirçəliş Salnaməsi

2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Qarabağın döyünən qəlbi olan Şuşa şəhərini işğaldan təmizləyərək şanlı döyüş tarixini qızıl hərflərlə yazdı. Qəhrəman döyüşçülərimizin düşməni bu qədim qaladan qovub çıxarması ilə xalqımızın sarsılmaz qüdrəti və milli qüruru yenidən bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu tarixi an əbədiləşdirilərək noyabrın 8-i Zəfər Günü elan edildi, 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşada üçrəngli bayrağımızı ucaltdı.
Ali Baş Komandanın İkinci Qarabağ müharibəsinin ilk günlərindən vurğuladığı "Şuşasız bizim işimiz yarımçıq qalar" fikri 44 günlük zəfər yürüşünün ana xəttini təşkil edirdi. Düşmənin aşılmaz istehkamlar qurduğu sıldırım qayalıqları yüngül silahlarla, misilsiz fədakarlıq və yüksək peşəkarlıqla aşan əsgərlərimiz Qarabağ Zəfərinin tacı sayılan Şuşa əməliyyatını şərəflə icra etdilər. Bu möhtəşəm qələbənin memarı Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək adını tariximizə Müzəffər Sərkərdə kimi həkk etdirdi.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş güclü dövlətçilik təməli, sonrakı illərdə formalaşdırılan modern ordu potensialı və iqtisadi müstəqillik BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan 4 qətnaməsinin Azərbaycanın öz gücü ilə icrasını təmin etdi. Bir nəfər də olsun fərarisi olmayan ordumuz, son dekadalarda yetişən vətənpərvər gənc nəsildən aldığı güclə və xalqımızın "Dəmir Yumruq" ətrafında nümayiş etdirdiyi görünməmiş həmrəyliklə mənfur düşmənin "məğlubedilməzlik" mifini alt-üst etdi.
2023-cü ilin sentyabrında cəmi 23 saat 48 dəqiqə davam edən lokal antiterror tədbirləri isə separatçı rejimin mövcudluğuna son qoyaraq ölkəmizin suverenliyini tam bərpa etdi. Dövlət başçısının Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə müqəddəs bayrağımızı ucaltması Zəfər yürüşümüzün məntiqi zirvəsinə çevrildi.
Bu gün Şuşa təkcə azadlığına qovuşmuş şəhər deyil, həm də sürətli bərpa layihələri ilə yenidən canlanan mədəniyyət paytaxtımızdır. "Zəfər Yolu"nun çəkilməsi, tarixi abidələrin və büstlərin bərpası, müasir otellərin və yaşayış komplekslərinin istifadəyə verilməsi Şuşanın yeni inkişaf erasının göstəricisidir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin həm də Şuşa Şəhəri Günü kimi təsbit edilməsi bu tarixi zəfərin əbədi yaşayacağının parlaq sübutudur.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026